Yunis Səfərov hakimə: “Həqiqətləri eşitməyə cəsarətin çatmır…”
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfər haqqında 1 il 5 ay davam edən məhkəmə prosesi yekunlaşıb. Avqustun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub.
Məhkəmənin sədr müavini Əfqan Hacıyev, Əli Məmmədov və Telman Hüseynovdan ibarət hakimlər kollegiyasının çıxardığı hökmə əsasən Yunis Səfərov ömürlük azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan digər təqsirləndirilən şəxslərdən Mahir Əzizov, Rasim Mustafayev və Akif Əliyevə 20, Firudin Zeynalov, Vüqar Məmmədov, Hamlet Abdullayev və Ceyhun Salahova 19, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il azadlıqdan məhrumetmə cəzası kəsilib. Saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülən, lakin təqsirləndirilən şəxs kimi tanınan Anar Bağırov və Ağa Sərxani isə təqsirli sayılsalar da, öldüklərinə görə barələrindəki cinayət işinə xitam verilib.
“Prokuror nə istəmişdisə, məhkəmə də o hökmü çıxardı. Vəliyevlər, bu, son deyil. Xanlar Vəliyev (hərbi prokuror, Elmar Vəliyevin qardaşı-red.), bu, son deyil. Biz üz-üzə gələcəyik, Mən həyat yoldaşımı sizə qurban etməyəcəm”, – təqsirləndirilən Cəfər Zalovun həyat yoldaşı Günay Zalova bildirib.
Təqsirləndirilən Mahir Əzizovun anası Məhbubə Əzizova oğlunun günahsız olduğunu bildirərək, onun azadlığı üçün son nəfəsinə qədər mübarizə aparacağını deyib: “İki körpə balası, bir xəstə həyat yoldaşı, bir qoca anası… Bu qədər qansızlıq olar? Bu, necə ölkədir ki, adamı arvadı ilə təhdid edib qol çəkdirəsən?”
Yunis Səfərov: “Məni bu addıma məmur özbaşınalığı vadar edib”
Məhkəmədə hökmdən əvvəl təqsirləndirilən şəxslər son sözlərini deyiblər. Onlar bu zaman hakimlər qarşısında qandallı vəziyyətdə saxlanılıblar.
Təqsirləndirilən Rasim Mustafayev nədə təqsirləndirildiyini bu günə qədər anlamadığını bildirib. O vurğulayıb ki, ittiham yalnız boş söz yığınından ibarətdir, heç bir sübut-dəlil yoxdur. Rasim Mustafayev ona verilən işgəncələrdən danışıb.
Təqsirləndirilən Cəfər Zalov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində məruz qaldığı işgəncələr nəticəsində yalan ifadələrə imza atdığını söyləyib.
“Mənim sonuncu dəfə kütlə qarşısında çıxışım hüquqşünas olaraq, diplom işimin müdafiəsində olub. Tale elə gətirib ki, bu gun qondarma ittihamlar üzrə qandalla çıxış edirəm. O gun televizorda görürəm ki, Dilqəmə Ermənistanda işgəncə verilməsindən, bədəninə cərəyan qoşulmasından danışırlar. Gülməyim gəldi. Çünki bu gün Nərimanov rayonunda – “Bandotdel”də öz vətəndaşlarına daha betər üsullarla işgəncələr verirlər”, – bunu isə təqsirləndirilən Mahir Əzizov deyib və özünün də işgəncəyə məruz qalmasından danışıb.
Firudin Zeynalov son sözündə bildirib ki, danışmağı mənasız sayır: “İttihamlar o qədər saxta, o qədər qondarmadır ki, heç danışmağın mənası yoxdur…”.
Yunis Səfərovun son sözünü isə hakim yarımçıq dayandırıb. Hakim Əfqan Hacıyev hələ o, çıxışa başlamamışdan əvvəl hamının eşidə bilməsi üçün mikrofonun işə salınmasını istəyəndə bildirib ki, artıq onun son sözü mediada yayılıb, insanlar da oxuyub.Yunis Səfərov son sözündə deyib ki, Elmar Vəliyevə qarşı bu addımı atmağa onu vadar edən səbəb məmur özbaşınalığı olub: “Məmur özbaşınalığı” deyəndə isə söhbət yalnız Elmar Vəliyevdən, Gəncədən getmir. Ümumilikdə bütün ölkəmizi cənginə alan bir xəstəlikdən gedir”.
Onun sözlərinə görə, məmur özbaşınalığına vətəndaşın etiraz etməsi normaldır. Amma zor, silah tətbiq etməklə etirazın səbəbi araşdırılmalıdır.
“Etiraz edən insan ədaləti bərqərar etmək istəyir. Ədalət isə xüsusilə əhəmiyyətli məsələlərdə həmişə arzuolunan və istənilən formada bərqərar olmur. Şeyx Şamil deyirdi ki, “azadlıq yalvar-yaxarla əldə olunmur, yalnız zorla, güclə əldə olunur”. Bəzən ədalətin bərqərar olması da belədir.
Elmar Vəliyev neçə ildir Gəncəyə rəhbərlik edirdi. Gəncə camaatının Elmara münasibəti hamıya bəllidir. Hamı bilirdi ki, camaat ondan narazıdır, ondan şikayətçidir. Buna baxmayaraq, bu adam yenə də öz işində, öz gücündədir, əməllərini davam etdirir. Şikayətlərin, müraciətlərin heç bir xeyri yox idi. Bir nəfər əlinə silah götürən kimi məsələ həllini tapdı.
Bu sözləri deməkdə məqsədim zor, güc, vurub-öldürmək kimi şeyləri təbliğ etmək deyil. Mən bunun tərəfdarı deyiləm. Sadəcə, demək istəyirəm ki, ədaləti bərqərar etmək üçün bəzən həyat özü bizi zor tətbiq etmək məcburiyyətində qoyur. Bu, o qədər təbii haldır ki, hətta dünyada bir çox ölkənin qanunlarında, Azərbaycan Cinayət Məcəlləsində də “son zərurət” anlayışı var.
Elə bir xalq yoxdur ki, o xalqın keçmişində, xüsusilə haqsızlıq hökm sürdüyü ərəfələrdə, bu gün qəhrəman hesab olunan insanların əməllərində cinayət olmasın.
Bizim çox da uzaq olmayan tariximizdə görkəmli ictimai-siyasi xadim Ağa bəy Ağaoğlunun yaratdığı “Fədailər”, sonra “Difailər” adlanan məxfi təşkilatın üzvləri, fəalları olub. Biz onları əlbəttə ki, qəhrəman sayırıq. Çar Rusiyası hakimiyyəti ərəfəsində, Gəncə qubernatorunun müşaviri Kreçenskini etdiyi haqsızlıqlara görə Gəncədə, düz evinin qarşısında güllələmişdilər. Kreçenskini güllələyəndən dərhal sonra, gecə ilə şəhərin hər tərəfinə bu məmurun cəzalandırılmasını izah edən müraciət yazıb yapışdırmışdılar ki, bu məmur niyə cəzalandırılıb. Məqsəd də bu idi ki, digər elə məmurlar bu hadisədən özlərinə dərs çıxarsınlar.
Bu, bir tarixdir. Bu tarix sizə Yunis Səfərovun əməllərini xatırlatmır?”
Bu yerdə hakim Yunis Səfərovun ittihama aidiyyəti olmayan məsələlərdən danışdığını əsas gətirərək, onun çıxışını kəsib.
Yunis Səfərov isə hakimə belə cavab verib: “Həqiqətləri eşitməyə cəsarətiniz yoxdur”.
Hakimlər müşavirəyə gedib və təxminən 20 dəqiqə sonra geri qayıdaraq, hökmü elan ediblər.