UNESCO Ukraynada peyklə monitorinq keçirəcək

YUNESKO, Bumble Dee/Shutterstock

Təşkilat tarixi və mədəni abidələrin məhvindən narahat olduğunu deyir

YUNESKO (UNESCO) Rusiyanın Ukraynada keçirdiyi hərbi münaqişə fonunda həmin ərazilərdə mədəni irs obyektlərinin məhvindən narahatdır.

Təşkilatın baş direktoru Odre Azule hazırda qəsdən və ya təsadüfi zədələnmənin qarşısını almaq məqsədilə Ukrayna nümayəndələri ilə danışıqlar aparıldığını bildirib.

Məqsəd həmin abidələrin müəyyənləşməsi, daha sonra isə “Silahlı qarşıdurma zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının “Mavi Qalxan” emblemi ilə işarələnməsidir. Belə olan təqdirdə həmin abidələr beynəlxalq qanunlarla mühafizə olunacaq.

Prioritet yerlər arasında 1018-ci ildə knyaz Yaroslav Mudrının hakimiyyəti dövründə Kiyevdə inşa edilmiş Sofiya kilsəsi və Ukraynanın yeddi tarixi-mədəni abidələri sırasında olan Kiyev-Peçora lavrası var.

Kiyev-Peçora lavrası pravoslavların çox əhəmiyyət verdiyi dini obyektlərdəndir.

Monastr Kiyevin cənub hissəsində, Dnepr çayının sağ sahilində olan iki təpənin üzərində yerləşir.

Əsası 1051-ci ildə knyaz Yaroslav Mudrının hakimiyyəti dövründə Antoni adlı rahib tərəfindən qoyulub.

YUNESKO həm də münaqişə baş verən ərazilərdə tarixi abidələrə dəyən ziyanı müəyyən etmək məqsədilə peyklə monitorinq keçirəcək.

Martın 9 və 10-da YUNESKO nümayəndələri ukraynalı mütəxəssislər, o cümlədən, ümumdünya irsi siyahısına daxil edilmiş tarixi-mədəni obyektlərin rəhbərləri ilə danışıqlar aparılacaq.

Fevralın 21-də axşam saatlarında Rusiya Prezidenti Vladimir Putin separatçıların nəzarətində olan “Donetsk Xalq Respublikası” (“DXR”) və “Luqansk Xalq Respublikası” (“LXR”) adlı qurumları tanıyıb, həmin ərazilərə ordu yeridib.

Fevralın 24-də Prezident Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyatlara göstəriş verib.

O vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsəd ölkənin demilitarizasiyasıdır.

Daha sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Ana səhifəMədəniyyətUNESCO Ukraynada peyklə monitorinq keçirəcək