YUĞ Teatrında nümayiş olunan “Asılqan” tamaşası yarımçıq dayandırılıb

“Asılqan” tamaşası – Foto: Yugteatri.az

Tamaşa zamanı aktyor Elşən Əsgərov səhnənin dar olması səbəbindən ayağını zədələyib

Azərbaycan Dövlət YUĞ Teatrında nümayiş olunan “Asılqan” tamaşasının yarımçıq dayandırıldığı bildirilir.

Sosial şəbəkələrdə yayılan məlumata görə, tamaşa zamanı aktyor Elşən Əsgərov səhnənin dar olması səbəbindən ayağını zədələyib.

Bundan sonra aktyor tamaşaçılardan üzr istəyərək tamaşanın yarıda dayandırılmasını istəyib.

Elşən Əsgərov uzun illərdir, YUĞ teatrının binasız qalmasını, buna laqeyd münasibəti ifadə edərək teatrın fəaliyyət göstərməsində yaranan çətinliklərdən danışıb.

YUĞ Teatrının sosial şəbəkə hesabında baş verən hadisə ilə əlaqədar tamaşaçılara üzrxahlıq edilib.

Azərbaycan Dövlət Yuğ Teatrı 1989-cu ildə Həsənağa Turabovun rəhbərliyi, Vaqif İbrahimoğlunun təşəbbüsü ilə qurulub.

YUĞ teatrının binası 2016-cı ildə sökülüb. Teatr binasız qalması səbəbindən tamaşalarını Kukla Teatrının kiçik məşq zalında nümayiş etdirir.

Memar Məşədi Qasım İzmaylov tərəfindən layihələndirilmiş, 1888-ci ildə tikilmiş Hacı Fərəculla hamamı, YUĞ teatrının binası kimi fəaliyyət göstərirdi. Bina dövlət qeydiyyatına alınmış, yerli əhəmiyyətli tarixi abidə olsa da, sökülərək, yerində qazon park salınıb.
Teatrın bina problemi dəfələrlə qabardılsa da, aidiyyəti qurumlar buna reaksiya verməyiblər.

Ana səhifəMədəniyyətYUĞ Teatrında nümayiş olunan “Asılqan” tamaşası yarımçıq dayandırılıb