Yoxdan VAR edən AFFA

Mənbə: AFFA

Yazar: Turan Muxtar

PFL-in yeni prezidenti olmayan VAR-ın rəhbəri imiş

Azərbaycan futbolunda elə proseslər baş verir ki, izlədikcə adamın heyrətdən gözləri bərəlir, ağzı açıq qalır.

Bu gün Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin tutduğu postdan istefa verməsi barədə xəbər yayıldı. Çox keçmədi ki, PFL rəsmi saytı vasitəsi ilə Musayevin səhhətindəki problemlərə görə postundan ayrıldığını rəsmən açıqladı. Beləcə, 2008-ci ildən Peşəkar Futbol Liqasına rəhbərlik edən Musayevin dövrü bitdi.

Ramin Musayev PFL prezidenti olaraq uğurlu biri idimi? Bu barədə mübahisə etmək olar. Hər halda, onun milli çempionata rəhbərlik etdiyi dövrdə ən azı klub sayında sabitlik olmaması faktı, üzərindən sükutla keçiləcək məsələ deyil. Gah 14 klub, gah 10, nəhayət, 8 komandalı Premyer Liqa… Bütün bu qeyri-sabitlikdə, peşəkar futbola həvəskar yanaşmada birbaşa və yeganə günahkar Musayev deyil, bu, dəqiqdir. Hələ də həbsdə olan keçmiş klub prezidentləri, dağılan neçə-neçə komanda – bütün bunların sadəcə bir günahkarı, səbəbkarı ola bilməz. Amma yenə də, Musayevin prezidentlik dövrü işıqlı, aydın dövr olmadı.

Ramin Musayev. Foto: AFFA

Ramin Musayevi PFL-in prezidenti postunda əvəz edən Elxan Səmədovun futbol kimliyinə göz atanda, adamda həmin hal yaşanır: gözlər heyrətdən bərəlir, ağzı açıq qalır. PFL-in rəsmi saytının Səmədov barədə təqdimatına baxanda məlum olur ki, o, futboldan çox elmə, təhsilə, filologiyaya könül vermiş biridir. Adamın filologiya elmləri namizədi dərəcəsi var. 2009-2010-cu illərdə isə AFFA-da Uşaq Futbolunun İnkişafı şöbəsinin direktoru işləyib. 2013-2015-ci illərdə Gənclər və İdman Nazirliyində, Bakı-2015 Avropa Oyunlarında təchizat şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib. Və… Vəssalam. Bir də, 2021-ci ildə AFFA-da Səmədova yeni vəzifə veriblər – VAR (video-köməkçi hakim) şöbəsinin rəhbəri vəzifəsi. Təsəvvür edirsiz, Azərbaycan futbolunda VAR-ın izi-tozu da yoxdur, amma AFFA-da şöbəsi var imiş, hələ bu şöbənin rəhbəri də var imiş!

Elxan Səmədov. Mənbə AFFA

Heyrətlənməyəsən, nə edəsən? Bütün bunları izlədikcə ağzın açıq qalmasın, nə etsin? VAR sistemi dünya futboluna ayaq açandan bəri Azərbaycanın heç bir çempionatında – Premyer Liqada, 1-ci divizionda, həvəskar Regional Liqada bu sistemdən istifadə olunmayıb. Sistem yoxdursa, ona necə rəhbərlik etmək olar? Yəni, telefon yoxdursa, necə zəng edə bilərsən? “Molodes”, AFFA, “molodes”, Elxan Səmədov, “molodes”, PFL!

Ana səhifəMənim FikrimcəYoxdan VAR edən AFFA