”Yoldaşım həbsdədir, sosial yardım ala bilmirəm”

İsmayıllı sakini imkansızlıqdan əziyyət çəkdiklərini deyir

Source: Meydan TV


İsmayıllı sakini imkansızlıqdan əziyyət çəkdiklərini deyir

“Düz səkkiz dəfə ünvanlı sosial yardım almaq üçün müraciət etmişəm. Lakin hər dəfəsində də imtina cavabı gəlib. Əvvəllər imtina cavabında kommunalla bağlı problemlər çıxardı. İndi isə yeni bəhanə tapıblar. Həyat yoldaşım həbsxanada yatdığı halda, imtina cavabında onun həbsdə olması təsdiqlənməyib”.

Bunu Meydan TV-yə İsmayıllı rayon sakini Qənirə Bayramova deyir. Söyləyir ki, həyat yoldaşı, 1974-cü il təvəllüdlü İmran İnqilab oğlu Bayramov narkotik maddələrin istifadəsinə görə 6 il müddətinə həbs edilib. Cəzasının iki ilini çəkib:

“Sonuncu müraciətimizə gələn imtina cavabında göstərilirdi ki, Ədliyyə Nazirliyi həyat yoldaşımın həqiqətən də çəzaçəkən şəxs olması barədə məlumatı təsdiq etməyib. O, cəzasını 7 saylı cəzaçəkmə müəssisəsində çəkir. Biz ailə quranda, onun narkoman olduğunu bilməmişdim. Artıq üçüncü dəfədir ki, həbsdə yatır. Qayınamamın pensiyası ilə dolanırıq. Köməyə ehtiyacımız var”.

Şikayətçinin sözlərinə görə, əvvəllər ünvanlı sosial yardım alıblar. Lakin elektron varianta keçəndən sonra yardım dayandırılıb.

“100 manatdan çox pul idi, üç ildir ki, kəsiblər”, – deyə əlavə edən Q.Bayramova söyləyir ki, DSMF-nun İsmayıllı Rayon Şöbəsində ona bildiriblər ki, bizlik deyil, nazirliyə müraciət etmək lazımdır:

“Hamı deyir ki, yoldaşım həbsdə olduğuna görə ailəmizə ünvanlı sosial yardım düşməlidir. Düşməlidir, amma ala bilmirəm. Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə getmişik. Araşdırıb, deyiblər ki, sizin ailəyə ünvanlı sosial yardım düşür. Gedin, təkrar olaraq, onlayn müraciət edin. Təkrar müraciət göndərmişik, yenidən imtina cavabı almışıq.

Güzəranımız gündən-günə daha da pisləşir, qayınanamın pensiyası ilə dolanırıq. Heç bir yerdən gəlirimiz yoxdur. Sosial yardım ala bilsəydim, dolanışığımız yaxşılaşardı”.

DSMF-nun İsmayıllı rayon şöbəsindən Meydan TV-yə bildirilib ki imtina cavabında, İmran Bayramovun cəzaçəkmə müəssisəsində olduğu öz təsdiqini tapmır:

“Bunun da bizə aidiyyatı yoxdur. Vətəndaş sorğunu onlayn qaydada özü göndərir. Yəqin ki, cəzaçəkmə müəssisəsinə müraciət etməlidir ki, məlumatı sistemə otuzdursunlar. Biz istiqamət vermişik ki, aidiyyatı quruma müraciət etsin”.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən isə Meydan TV-yə bildirilib ki, Qənirə Bayramova quruma müraciət etsin, məsəyə aidiyyatı üzrə mütləq baxılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, insanlar ünvanlı sosial yardım üçün elektron müraciəti düzgün doldurmurlar:

"Ünvanlı sosial yardımla bağlı müraciət və onun cavablandırlması, təyinatı, avtomatlaşdırılmış sistem vasitəsilə həyata keçirilir. Elektron informasiya sistemləri vasitəsilə edilən müraciətdə göstərilən məlumatlar dəqiqləşdirilir, uzalaşdırlır. Hər bir şikayətçiyə elektron müraciət vasitəsilə imtina səbəbləri göstərilir. Yəni hər bir şey sistem vasitəsilə təyin olunur. Sənədlər qaydasında olandan sonra müraciət edən şəxslər sosial yardımı ala bilirlər".

Ana səhifəBölgə”Yoldaşım həbsdədir, sosial yardım ala bilmirəm”