Azərbaycana yeyinti məhsullarının idxalı son 5 ildə 56,8 faiz, son 10 ildə isə 2,3 dəfə artıb
Yeyinti məhsullarının idxalı artıb, ixracı isə yenə azalıb.
Kənd Təsərrüfatı sahəsində ekspert Vahid Məhərrəmli Dövlət Gömrük Komitəsinin (DGK) məlumatları əsasında hesablama aparıb. Məlum olub ki, yanvar-iyul aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz çox olub.
“Ölkəyə 2023-cü ilin yanvar-iyul aylarında 1 milyard 231 milyon 182 min dollar dəyərində, 2024-cü ilin eyni dövründə isə 1 milyard 342 milyon 641 min dollar dəyərində yeyinti məhsulları idxal edilib. Bu il əvvəlki ilə nisbətən yeyinti məhsulları idxalı dəyər ifadəsində 111 milyon 459 min dollar çoxalıb”.
Hesablamalardan aydın olub ki, yanvar-iyul aylarında Azərbaycana yeyinti məhsullarının idxalı son 5 ildə 56,8 faiz, son 10 ildə isə 2,3 dəfə artıb.
Vahid Məhərrəmli qeyd edir ki, ilin 7 ayında bitkiçilik məhsullarından daha çox artım tərəvəz və meyvə, çay, düyü idxalında baş verib:
“2024-cü ilin yanvar-iyul ayılarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə buğda idxalı fiziki çəkidə 20,3 faiz, dəyər ifadəsində isə 37,6 faiz azalıb”.
Ekspert bildirir ki, 2024-cü ilin ilk 6 ayında Azərbaycanda əvvəlki ilin eyni dövrü ilə müqayisədə ən çox heyvandarlıq məhsullarının idxalında artım olub.
Vahid Məhərrəmli deyir ki, idxalla bağlı statistik rəqəmləri nəzərdən keçirdikdə yeyinti məhsullarına olan tələbatın getdikcə idxaldan asılı vəziyyətə salındığını görmək olur.
Onun sözlərinə görə, asılılıq yeyinti məhsulları idxalı ilə məşğul olan inhisarçıların maraqlarına uyğun şəkildə artırılır.
“Yoxsa Azərbaycanın bütün resurs imkanları və əlverişli torpaq-iqlim şəraiti olduğu halda, özünü əsas ərzaq məhsulları ilə təmin edə bilmir. Ölkəyə əvvəlki illərlə müqayisədə daha çox heyvandarlıq və bitkiçilik məhsulları idxal edilir. Halbuki idxal edilən yeyinti məhsullarının ölkə daxilində istehsalını təşkil etmək üçün Azərbaycanın bütün imkanları var”.
Ekspert sonda bildirir ki, əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına olan tələbatını əsasən, daxili istehsal hesabına ödənilməsi, idxaldan aslılığın azaldılması və idxalı əvəz edəcək yerli yeyinti məhsulları istehsalı hökumət üçün prioritet məsələ olmalıdır.
Azərbaycanın torpaq-iqlim şəraiti qonşu ölkələrdən fərqli olaraq il ərzində eyni ərazidən 2, hətta 3 dəfə məhsul əldə etmək imkan verir:
“Azərbaycan bu kimi imkanlardan bəhrələnə, özünün ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına olan tələbatını daxili istehsal hesabına tam ödəyə bilər. Məncə, Azərbaycan hökuməti kənd təsərrüfatındakı mövcud durumu dərindən təhlil etməli və bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində ciddi tədbirlər həyata keçirməlidir”.
Ekspert deyir ki, hökumət sahədə mövcud olan monopoliyanı aradan qaldırmalı və istehsalda, idxalda, bazarda rəqabət mühitinin yaradılmasına çalışmalıdır. Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün torpaqların münbitləşdirilməsi, ölkə üzrə suvarma sisteminin yenidən qurulması çox vacibdir:
“Ən əsası isə kəndlilərin, fermerlərin maarifləndirilməsinə, yüksək səviyyəli peşəkar kadrların hazırlanmasına ciddi önəm verilməlidir”.