Yerevan Konstitusiya referendumunu 2027-ci ilə planlaşdırır

Ermənistan, Foto: Madrugada Verde/Shutterstock

Qriqor Minasyan: “Bizə konstitusiya dəyişiklikləri yox, yeni Konstitusiya lazımdır”

Ermənistanda Konstitusiya referendumunun 2027-ci ildə keçirilməsi planlaşdırılır.

Bu barədə avqustun 29-da jurnalistlərə ədliyyə naziri Qriqor Minasyan bildirib.

Onun sözlərinə görə, referendumun keçirilməsi müddəti ilkin olaraq konstitusiya islahatı komissiyasının işçi müzakirələri zamanı müəyyən edilib.

“Kompleks sənəd üzərində ətraflı iş görülməlidir və ictimai müzakirələr aparılacaq. Əvvəlcə mövcud Konstitusiyaya dəyişikliklərin edilməsi, yoxsa yeni əsas qanunun qəbul olunması ilə bağlı mübahisələr olub və sonda ikinci varianta gəliblər”.

“Biz müzakirə etdik və konsensusa gəldik – bizə konstitusiya dəyişiklikləri yox, yeni Konstitusiya lazımdır”, – deyə Minasyan qeyd edib.

Qriqor Minasyan. Foto: Armenpress

Nazir əlavə edib ki, komissiyanın işçi iclaslarında Konstitusiyanın ilk üç maddəsinin dəyişdirilməsi məsələsi müzakirə olunmayıb və İstiqlal Bəyannaməsinə istinadın çıxarılması məsələsinə də baxılmayıb.

Ermənistanın hazırkı Konstitusiyası 1990-cı ilin avqustun 23-də qəbul edilib.

Sənədin İstiqlal Bəyannaməsi hissəsində Ermənistan Respublikası və Dağlıq Qarabağın birləşdirilməsi haqqında bənd yer alıb.

Azərbaycanın Prezdenti İlham Əliyev başda olmaqla digər rəsmilər bu bəndi əsas gətirərək Yerevanı ərazi iddialarında ittiham edir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 27-də türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında demişdi ki, hazırda sülh sazisinin başa çatdırılması üçün əsas əngəl məhz Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarıdır:

“Rəsmi Yerevana sülh sazişinin layihəsini, 5 baza prinsipini təqdim ediblər, ancaq danışıqlar prosesində bəzi problemlər qalır. Baxmayaraq ki, danışıqlar prosesində müsbət dinamika müşahidə olunur, saziş layihəsinin əhəmiyyətli hissəsi razılaşdırılıb, amma hələ də Ermənistan Konstitusiyasında və bir sıra digər normativ hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddiaları mövcudluğunu saxlayır. Eyni zamanda, bu da sirr deyil ki, Ermənistanın Türkiyə Cümhuriyyətinə qarşı da ərazi iddiaları mövcuddur. Hazırda sülh sazisinin başa çatdırılması üçün əsas əngəl məhz Ermənistan konstitusiyasında ölkələrimizə qarşı ərazi iddialarıdır”.

2020-ci ildə Qarabağda aparılan 44 günlük müharibə nəticəsində Azərbaycan işğal olunmuş ərazilərinin böyük hissəsində nəzarəti bərpa edib.

2023-cü ildə isə apardığı hərbi əməliyyatlarla ərazini tam nəzarətə götürüb.

Ondan sonra Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqları fonunda bəzi ərazilərdə sərhədlərin delimitasiyası prosesi həyata keçirilib.

Hazırda bu sahədə danışıqlar davam edir.

Bu danışıqlarda isə həm ABŞ, Avropa İttifaqı, həm də Rusiya vasitəçilik edir.

Ancaq tərəflər arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətYerevan Konstitusiya referendumunu 2027-ci ilə planlaşdırır