Yerevan Bakını sülh sazişi ilə bağlı məsləhətləşmələrə çağırır

Azərbaycan-Ermənistan, Andrii Anna photographers/Shutterstock

Azərbaycan isə Ermənistanı sərhədyanı ərazilərdə kütləvi silahlanmada ittiham edir

Ermənistan Baş nazirinin ofisi Azərbaycan Müdafiə Nazirliyinin atəşkəsin pozulması iddialarına cavab verib.

Bildirilib ki, Azərbaycanın atəşkəs rejiminin pozulmasına dair məlumatlarından sonra Ermənistan Müdafiə Nazirliyi yoxlama işləri aparıb.

“Yoxlamanın nəticələrinə əsasən Ermənistan ordusu tərəfindən atəşkəs rejiminin pozulmasına dair əsas yoxdur. Ermənistan hökuməti xatırladır ki, atəşkəs pozuntusu hallarını, yaxud bu haqda məlumatları araşdırmaq üçün birgə Ermənistan-Azərbaycan mexanizmi yaradılması təklif olunub. Bu təklifi Ermənistan baş nazirinin ofisi 2024-cü il iyunun 22-də verib, Azərbaycanın ona bugünədək müsbət reaksiya vermir. Azərbaycan Ermənistan ordusu tərəfindən atəşkəsi pozması ilə bağlı Ermənistana heç bir faktiki məlumat və ya əsaslandırma göndərməyib. Ermənistan ordusunun atəşkəs rejimini pozmaq üçün heç bir əsası və göstərişi yoxdur”, – bəyanatda deyilir.

Qeyd olunur ki, Ermənistan hökuməti dinc gündəliyi rəhbər tutur, Azərbaycanı sülh sazişinin imzalanma yeri və vaxtı ilə bağlı məsləhətləşmələrə başlamağa çağırır.

“2025-ci ilin yanvarında Ermənistan Azərbaycana dəmir yolu daşımaları məsələsinin həlli ilə bağlı yazılı təklif təqdim edib. Həmçinin silahlara qarşılıqlı nəzarətin ikitərəfli mexanizmininin yaradılmasına dair təklif irəli sürüb və Azərbaycandan müsbət cavab gözləyir. Ermənistan həmçinin Azərbaycanla dövlət sərhədinin delimitasiyası üzrə işi davam etdirməyə hazırdır”, – bəyanatda qeyd edilir.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Baş nazirinin ofisinin bəyanatını qəbul etmədiyini açıqlayıb.

“Atəş açılması hallarına, Ermənistan tərəfinin də xəbərdar olduğu videoçəkilişlərdə görünən açıq təxribatlara son qoyulması sabitlik üçün zəruri şərtdir”, – XİN vurğulayıb.

“Ermənistan hökuməti sülh gündəmini rəhbər tutursa, o zaman sərhədyanı ərazilərdə hücum silahlarının yerləşdirilməsi də daxil olmaqla kütləvi hərbiləşmənin Ermənistanın belə bir gündəliyinə necə xidmət etdiyi barədə izahat verməsi yerinə düşərdi”, – nazirlik əlavə edib.

Azərbaycan Müdafiə Nazirliyi martın 16-dan 18-dək Ermənistan Silahlı Qüvvələrinin ordunun mövqelərini atəşə tutduğunu deyir.

Bəzi yerlərdə atəşkəsin saatlarla pozulduğu bildirilir. Ermənistan tərəfi isə təkzib edir.

2025-ci il martın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesinin yekunlaşdığını deyib.

Ermənistanın Xarici İşlər Nazirliyi də elə həmin gün məlumat yayaraq Bayramovun dediklərini təsdiqləyib.

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 2023-cü il sentyabrın 19-dan sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Tərəflər 2024-cü ildə sülh müqaviləsi bağlamaq niyyətlərini bəyan ediblər.

Ötən ilin sentyabrında Ermənistanın Baş naziri Nikol Paşinyan Yeravanın bu məqsədlə Konstitusiyanı dəyişdirməyə hazır olduqlarını bildirib.

Ana səhifəXəbərlərYerevan Bakını sülh sazişi ilə bağlı məsləhətləşmələrə çağırır