Kəndlilər qazsızlıqdan, susuzluqdan, kənddəki şəraitdən gileylidirlər
“Məktəbimizi qapatdılar, təmirsiz idi. Yenisini qonşu kənddə tikdilər. Bizim uşaqlar indi 3-4 kilometr yol gedib- gəlirlər. Qışda, qarda, soyuqda çox çətin olur”.
Göyçayın Yenikənd kəndinin sakini Həmid Əfəndiyev belə deyir. O, kəndlərindəki tək problemin məktəb olmadığını deyir:
“Qaz yoxdur, ağac qırmağı da qadağan ediblər. Yaxşı, bəs düşünmürlər ki, bu qədər insan nə yandırmalıdır? Az qala, ilin 7-8 ayı istiliyə ehtiyac olur. İndi havalar isinib, tələbat azalıb. Ancaq yenə də evimizdə yemək bişiririk axı. Elektrik sobalarından istifadə etməkdən yorulmuşuq”.
“Kəndin tibb məntəqəsi, kitabxanası dağılıb, tökülür”
Kənd sakinlərindən Bəhlul Süleymanov deyir ki, bələdiyyəyə, icra hakimiyyətinə müraciət etməkdən yorulublar. Kömək edən yoxdur:
“Qonşu kəndlə aramız 1 kilometrdi, onların qazı, suyu normaldı, bizdə yox. Ora qədər çəkən bura niyə çəkmir, anlamıram? Bu kənddə yaşayanlar da Azərbaycan vətəndaşlarıdır axı. Kəndin tibb məntəqəsi, kitabxanası dağılıb, tökülür. Evimizə suyu qolumuzda daşıyırıq”.
“Kəndin başından su daşıyırıq”
Sakinlər deyirlər ki, Yenikəndin girişinədək dirəklər basdırılıb, kabelləşmə gedib. Ancaq kəndin içinə çatanda dayanıblar. Niyəsini sakinlər bilmirlər. Tək bildikləri odur ki, qonşu kənd üçün hər şərait yaradılıb, onların kəndi unudulub:
“Niyə, onu da bilmirik. Su da kabellər kimi, kəndin girişinədək çəkilib. Camaat gəlib kəndin başından su daşıyır. Amma kəndin içinə nə su çəkilib, nə də kabelləşmə aparılıb. Kənddə də nə az, nə çox, düz 60 ev var. Onlardan kəndin başında olan 15-i qazlaşdırılıb. Qalan 45 ev qalıb. Səbəbini də söyləmədilər ki, niyə belə ediblər. Bizi niyə məhrum ediblər? Qədim kənddi, mərkəzdən çox uzaq da deyil. Bu cür yaşamaq çətindir” – deyir, Bəhlul Süleymanov.
“İndiki dövrdə vedrə-vedrə su daşımaq olar?”
Sakinlərdən Sakin Abdullayev hələ də anlaya bilmir. Deyir, niyə görülən işlərin hamısı qonşu kənd üçün nəzərdə tutulur, onlara gələndə dayanır:
“Bu, arxların qazılmasından tutmuş, suya, qazadək belədir. Bizim sahələrimizə su yetmir. Elə bilin dağda yaşayırıq. Torpaqlardan dəmyə kimi istifadə edirik. Bu kəndi sanki yox etmək istəyirlər. Baxın, bir cavan insan yoxdur, hamısı qaçıb. Qazımız, suyumuz, məktəbimiz yoxdur. Özü də kəndimizi heç bir yaxşı layihəyə də salmırlar. Uşaqlarımız təhsil almaq üçün qonşu kəndə gedib-gəlirlər. Qarda, palçıqda, qışda… Avtobusa çatan çatır, çatmayan piyada getməli olur. İl uzunu ayaqqabılarından, paltarlarından palçıq yumaqdan bezmişik. Çətinlik çəkirik. Demirik, evlərə su çəkin. Eybi yox, barı evlərə yaxın bir nöqtə qoyun, yaxından daşısın bu camaat. İndiki dövrdə vedrə-vedrə su daşımaq olar?”.
“Nə əkirik bitmir, bəs biz nə edək?”
Sakinlər kəndlərindəki suvarma arxlarının qazılmamasından da şikayətçidir. Kanalların hamısını kol-kos, zir-zibilin basdığını deyirlər:
“İnanın, o arxlarda bir damcı su yoxdur. Kanallar təmizlənmir, bərbad vəziyyətdədir. Bu yad, ögey münasibətin səbəbini anlaya bilmirik. Kanalları cibimizin pulu ilə qazırıq. Yoxsa yağış yağanda həyələri su basır. Meyvə ağaclarımız məhv olub gedir. Dəfələrlə yığışıb bələdiyyəyə demişik. Vecinə də almayıb. Nə əkirik bitmir, bəs biz nə edək?”
“Sıra ilə kənddəki bütün evlərə qaz çəkiləcək”
Göyçay Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyiblər ki, bəli, kəndin məktəbinin şəraiti yaxşı olmadığından qonşu kənddə daha yaxşı məktəb tikildi və uşaqlar orada təhsil alırlar:
“O iki kəndin arası heç bir kilometr deyil. Elə uzaq yol deyil axı, şikayət edirlər. Qaza gəlincə, kənddə bəzi evlərə artıq çəkilib, sıra ilə hamısına çəkiləcək. İşıq dirəkləri də basdırılıbsa, deməli, iş başlayıb. Baxın, bu yaxınlarda həmin kəndə şüşə kimi yol da çəkilib. Heç onu deyən yoxdur”.