Kəndlilərin sözlərinə görə, pul vermədikləri üçün illərdir kənd həm yolsuz, həm də qazsız qalıb
“Ana qaz xətti evimizin böyründən keçib qonşu kəndlərə gedir. Bizim kənddəki evlərə o xətdən qaz çəkilmir. Deyirlər, pul verin, sizin də kəndi qazlaşdıraq”.
Bunu Meydan TV-yə Masallının Yeni Zuvand kəndinin sakinləri deyir.
Yeni Zuvand kəndi Güllütəpə kənd sovetliyinə daxildir. Bu yaxınlarda Güllütəpə də daxil olmaqla qonşuluğundakı kəndlərə qaz xətti çəkilib. Ana qaz xətti Yeni Zuvanddan gəlib keçsə də, həmin kənd qazlaşdırılmayıb. Sakinlər deyir, səbəb onlardan istənilən pulun toplanmamasıdır.
Bizə gözdağı verdilər
“Bir bizim kənd qaldı, bir də Əmirtürbə kəndi… Onlar da pul vermədi, qaz çəkilmədi. Bizim davamız odur ki, bu qazı dövlət çəkirsə, bu, dövlət layihəsidirsə, kəndli niyə pul verməlidir axı… Neçə ay gəlib-getdilər, maraqlandılar, pul yığılır, ya yox, biz də qəti dedik ki, pul verməyəcəyik, dövlət bu layihələrə pul ayırıb, zəhmət çəkin, gətirin, qaz xəttini çəkin. Düzdür, qaz çəkdilər, ancaq bizə yox… Bizə sadəcə gözdağı verdilər. Gözümüzün qarşısında qaz xəttini çəkib qonşu kəndə apardılar, çünki onlar pul yığıb veriblər”,- kəndlilər deyir:
“Kəndlidə pul nə gəzir, heyvan saxlayırıq, əkin əkirik, onunla da heç düz-əməlli məşğul ola bilmirik. Meşəyə qoymurlar, deyirlər, odun qırmaq cinayətdir, qaz da çəkmirlər, deyirlər, gətir, pul ver, çəkək. Biz canımızı hara qoyaq bunların əlindən?”
7 il əvvəl qonşu kəndlərə yol çəkiləndə…
Kəndlilər deyir, 2011-ci ildə ətraf kəndlərin yolları abad olunarkən də eyni vəziyyəti yaşayıblar. Onlara tapşırılan pulu öz aralarında toplamadıqları üçün kəndin 1 kilometrlik yolunu yarımçıq qoyublar:
“Bir qrup kəndli 20, 30, 40 manatdan yığdı. Çoxu verə bilmədi. Yolu çəkib bizin kəndin yanından pul yığa bildikləri qonşu kəndlərə apardılar. Bizim 1 kilometr yolumuz qaldı. Bir qrup adamın verdiyi 20-30 manat da özlərinə qaytarılmadı. Adamlarda pul yoxdur, səhər dururuq, inəyin südündən, şordan, qatıqdan yeyib başımızı girələyirik, ailə var ki, aylarla əli pula dəymir. Yol çəkən gəlir ki, pul ver, yol çəkim, qaz xətti çəkən gəlir ki, pul ver, qaz çəkək… Biz də bilirik axı, bunlar üçün dövlət pul ayırıb, basıb yeyiblər, indi yolu, qazı özümüzün pulu ilə çəkdirmək istəyirlər”.
Bizi meşəyə buraxmırlar, özləri orda fındıq əkirlər
Yeni Zuvand meşəətrafı kənddir. Sakinlərin bir narazılığı da kəndin yaxınlığındakı meşəylə bağlıdır. Deyirlər, onlara pay torpaqları verilmədiyi üçün meşə ərazisində əkin işiylə məşğul olmağa məcburdular. Ancaq bunu edə bilmirlər:
“Bizə pay torpaqları verilməyib. Dedilər ki, sizin pay torpaqları Güllütəpənin ərazisinə düşüb, Yeni Zuvandda sizə verilməli torpaq sahəsi yoxdur. Həyətyanı sahələrimiz isə çox kiçikdir, mal-heyvan saxlamağa, əkinə yerimiz yoxdur. Bu kənd də meşəətrafı kənddir, burda yalnız heyvandarlıqla, əkinlə məşğul olmalısan, başqa əmək fəaliyyəti yoxdur. Məcbur oluruq heyvanları meşəyə salaq, gəlib o heyvanın sahibini tutub aparırlar polisə… Yaxşı, mən bu heyvanı harda otarım? Torpaq yoxdur ki, əkim, məhsul götürüm, ailəmi dolandırım, məcburam meşəyə üç tutum, gəlib aparırlar polisə… İnsanları nə qədər polis xofu altında saxlayarlar? Ancaq gəlin, aparaq sizi meşəyə, baxın, məmurlar orda nə boyda sahələr götürüb fındıq, qoz əkirlər. Kəndli danışanda da yalandan deyirlər ki, dövlət üçün əkirik. Meşədirsə, qoruqdursa, orda niyə fındıq əkirsiz, ay məmurlar?”
Kəndlilər sadaladıqları porblemlərə görə dəfələrlə yerli icra hakimiyyətinə və başqa aidiyyəti qurumlara müraciət ediblər, ancaq demələrinə görə, nəticəsi olmayıb.
Masallı Rayon İcra Hakimiyyətindən qazlaşdırılma işlərinə görə yeni zuvandlılardan pul istənilıməsi ilə bağlı deyilənlər təkzib olunub. Qurumdan bildirilib ki, kəndlərin qazlaşdırılması növbəli qaydada həyata keçirilir. Bu il rayonun bir neçə kəndi dövlət layihəsi üzrə qazlaşdırılıb. Yeni Zuvand kəndinin qazlaşdırılması 2019-cu ildə baş tutacaq. Qurumdan meşələrin əkilməsi ilə bağlı deyilənlər də təkzib olunub. Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə ərazilərinə ciddi nəzarət edir.