Yeni Yasamalda polislərə zibil atmaqda ittiham edilərək həbs olunanların apelyasiya şikayətlərinə baxılır. İyunun 13-də Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimov 33 yaşlı Amil Mahmudovun haqqındakı həbs qərarından verilmiş şikayətə baxıb. A.Mahmudovun həyat yoldaşı Lalə Mahmudova Meydan TV-yə bildirib ki, hakim işə tələsik baxaraq, şikayətin təmin olunmadığını açıqlayıb. A.Mahmudov haqqında Yasamal Rayon Məhkəməsinin çıxardığı 20 günlük inzibati həbs qərarı qüvvədə saxlanılıb:
“Halbuki, qərarın dəyişməsi üçün yetərincə əsaslar vardı, vəkil bunların hamısını iş materiallarına əlavə eləmişdi. Mənim yoldaşımı səhər saat 7-də evdən aparıblar, yazıblar ki, guya polisin çağırışına gəlməyib, müqavimət göstərib. 8 yaşlı uşağın gözü qarşısında 10 nəfər üstünə düşüb təpikləyirdi, bu qədər yalanı necə yazmaq olar? İşə sənəd əlavə olunmuşdu ki, mən onkoloji xəstəyəm, kimyaterapiyaya getməliydim, qaldı. Evin tək çörək gətirəni yoldaşım idi. Mənim durumun bir tərəfdən, üstəlik, uşaq da həmin gün qorxduğuna görə vəziyyəti yaxşı deyil. Pulsuzluqdan həkimə də apara bilmirəm. Apelyasiya məhkəməsinin hakimi də gözgörəsi qanunsuz qərarı qüvvədə saxladı“.
L.Mahmudova əlavə edib ki, həyat yoldaşı haqqında həbs qərarından şikayət üçün apelyasiya məhkəməsi sonuncu məhkəmə instansiyası idi. Həyat yoldaşı qısa müddətdə azadlığa buraxılmasa, bu qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərəcək.
A.Mahmudovun vəkili Bəxtiyar Hacıyev də Meydan TV-yə müvəkkili haqqındakı qərarı qanunsuz və əsassız hesab etdiyini bildirib.
A.Mahmudova İnzibati Xətalar Məcəlləsinin 211 (epidemiya əleyhinə rejimin, karantin rejimi qaydalarının pozulması) və 535-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddələrilə 20 gün inzibati həbs cəzası verilib. O, iyunun 7-də qadağaya baxmayaraq, evdən çıxmaqda, yaşadığı binanın qarşısında polislər başqa bir qonşunu saxlayarkən polislərin ünvanına təhqiramiz ifadələr səsləndirməkdə, ertəsi gün isə bölməyə getməkdən imtina edib, polislərə müqavimət göstərməkdə ittiham olunub.
Həyat yoldaşı isə bildirir ki, yalandır, A.Mahmudov nə iyunun 7-də polisləri təhqir edib, nə də iyunun 8-də bölməyə getməkdən imtina edib. Əksinə, iyunun 8-də səhər saat 07.00 radələrində polislər onların evinə basqın edib.