Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayıb, müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
Səfərov qardaşlarından biri Şakir Səfərov bildirib ki, iki qardaşı – Ziyəddin və Hüseyn həyatlarını itiriblər. O, daha bir qardaşının və əmisi oğlanlarının ölməsi barədə məlumatları təsdiq etməyib.
Bildirib ki, hazırda Ziyəddin və Hüseyn Səfərovların nəşini morqdan götürmək üçün sənədləşmə işləri aparırlar:
“Saxlanılan qardaşlarımın, əmim oğlanlarının uşaqları onlar haqqında məlumat ala bilmirlər. İki qardaşımın öldürüldüyünü bilirəm. Meyitləri morqdadır. Hazırda meyitlərin təhvil alınması və Azərbaycana yola salınması üçün sənədləri toplayıram”.
Şakir Səfərov ümumilikdə 60-dan çox azərbaycanlının saxlanıldığı barədə məlumat olduğunu deyib:
“Saxlanılanlar təkcə bizim ailənin üzvləri deyillər. Onların arasında Azərbaycanın cənub zonasından – Cəlilabad rayonundan, Qarabağ bölgəsindən, Quba zonasından olan həmyerlilərimiz var”.
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumatda deyilir ki, Yekaterinburq şəhərində azərbaycanlılara qarşı Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən edilən hücumlarla bağlı qarşı tərəfə kəskin etiraz bildirilib.
“Məsələnin araşdırılması, zorakılıq törədən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə gözləntimiz qarşı tərəfin diqqətinə çatdırılıb”- XİN-in məlumatında belə deyilir.
Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Səfərovlar ailəsinin daha üç üzvü – Ayaz, Məzahir və Kamal Səfərovların xəstəxanada vəfat etdikləri bildirilir.
Bu barədə yaxınları məlumat veriblər.
İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin ( FSB) azərbaycanlı Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində 2 nəfərin öldüyü, 9 nəfərin saxlanıldığı bildirilir.
Ölənlər qardaş, saxlanılanların hamısı isə qohum olub. Onların əksəriyyətinin Rusiya vətəndaşı olan azərbaycanlılar olduğu deyilir.
Əməliyyat zamanı qətlə yetirilən iki qardaşdan biri – Hüseyn Səfərov Azərbaycan, Ziyəddin Səfərov isə Rusiya vətəndaşıdır.
Hazırda onların nəşlərinin Azərbaycana gətirilərək ailələrinə təhvil verilməsi ilə bağlı tədbirlər görülür.
Ölənlər azərbaycanlı jurnalist, ədəbiyyatşünas və tərcüməçi Seyfəddin Hüseynlinin qardaşlarıdırlar.
Onların daha bir qardaşı Bakir Səfərov müxtəlif dərəcəli bədən xəsarəti alıb, xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərdən – Akif, Ayaz, Kamal, Məzahir Səfərovların vəziyyəti ağır qiymətləndirilir.
Sabah Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin saxladığı azərbaycanlıların məhkəməsinin keçiriləcəyi gözlənilir.
Əslən Ağdam rayonundan olan Səfərov qardaşları restoran biznesi ilə məşğul olublar. Yekaterinburqda yerləşən “Kaspi” restoranı onlara məxsus olub.
Məlumata görə, Səfərovlar ailəsinə qarşı əməliyyat keçirilməsinə səbəb 2001-ci ildə Ağdam rayonundan olan Yunis adlı şəxsin Səfərovlara məxsus həmin kafedə qətlə yetirilməsi olub.
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla bağlı bəyanat yayıb.
Bəyanatda Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlıq ifadə olunub.
“Rusiyanın məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik”, – bəyanatda deyilir.
Rusiya Regional İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyat barədə birgə məlumat yayıb. İstintaq sirri olduğu üçün indiki mərhələdə ətraflı məlumat açıqlanmayıb.
Rəsmi məlumatda deyilir ki, tədbirlər əvvəlki illərdə törədilmiş cinayət işləri üzrə aparılır. Axtarışlar keçirilən əsas yerlərdən biri “Bakı Plaza” ticarət mərkəzi olub.
Hüquq-mühafizə orqanları Yekaterinburqda 50-dən çox Azərbaycan əsilli şəxsi saxlayıb – onlardan bəziləri istintaq hərəkətlərindən sonra sərbəst buraxılıb.
Bildirilir ki, əsas məqsəd 2001-ci ildə törədilmiş və uzun illər açılmamış bir qətlin – ticarətçinin öldürülməsi hadisəsinin təqsirkarını müəyyənləşdirmək olub. İstintaq, köhnə cinayətlərin açılması üzrə ixtisaslaşmış İstintaq Komitəsinin regional şöbəsinin dördüncü bölməsi tərəfindən aparılır. Məlumata görə, şübhəlilərdən ikisi artıq dünyasını dəyişib.
Hadisə ilə bağlı vəziyyət hələ də inkişaf edir. Rəsmi şəxslər istintaqın maraqlarını əsas gətirərək ətraflı məlumat verməkdən çəkinirlər.
Azərbaycanlılara qarşı keçirilən əməliyyat zamanı Sverdlovsk vilayətində Azərbaycan diasporunun sədri Şahin Şıxlınskinin də saxlanıldığı bildirilsə də o, açıqlamasında məlumatın yalan olduğunu deyib.