”Yaz da, yay da keçdi, yonca bitmədi…”

Xətai kənd sakinləri hər il suvarmadan əziyyət çəkirlər,yonca sahələri susuzluqdan yanır

Source:


Xətai kənd sakinləri hər il suvarmadan əziyyət çəkirlər,yonca sahələri susuzluqdan yanır

“Deyir, yaz gələr, yonca bitər… Yaz da keçdi, yay da keçdi, bizdə yonca bitmədi… Ötən mövsümdə 3 hektarlıq sahəmdə yonca yanmışdı. İndi yenə 1 aydır suyu kəsiblər, sahəni suvara bilmirəm”.

Bunu Meydan TV-yə Ağstafanın Xətai kənd sakini Cavad Mustafayev deyir. Onun sözlərinə görə, kənddə 3 hektar sahədə əkdiyi yonca 1 aydır ki, suvara bilmədiyi üçün tələf olur. O, yerli suvarma idarəsindən şikayətçidir. Kəndlinin sözlərinə görə, həvəslə səpdiyi yonca tələf olur. Yerli suvarma idarəsi isə sahələrə su vermir, qurumun rəhbərliyi yalnız öz şəxsi sahələrinə su buraxır.

Ağstafa rayon Suvarma İdarəsindən Meydan TV-yə bildirilib ki, kəndlinin dedikləri həqiqətəuyğun deyil. Əkin sahələrinin suvarılmasının ən qızğın vaxtı olduğundan, suvarma suyu sahələrə növbəli qaydada verilir.

Kəndli isə idarənin dedikləri ilə razılaşmır. Onun sözlərinə görə, ikinci ildir ki, kənddəki əkin sahələrinə su verilmədiyindən kəndlilər məhsul yığa bilmir. O da yonca sahəsindən yonca götürə bilmir:

“Ötən il də başıma bu oyunu gətirdilər. Kənd Təsərrüfatı Nazirliyinə şikayət ərizələri göndərəndən sonra suyu açdılar. Ancaq artıq gec idi, mənim əkin sahəm tamamilə yanmışdı”.

Ailənin gözü yoncada…

Cavad Mustafayev deyir, 3 hektarlıq yonca sahəsi 6 nəfərlik ailənin dolanışıq yeridir. Ailənin başqa yerdən maddi gəliri yoxdur. O, yerli icra hakimiyyətinə də müraciət edib, ancaq müsbət cavab almayıb:

“Ötən il yoncanı yığa bilmədim, qışı ac keçirdim. Mən qışda yoncanı satıb odun, un alıram… Yaşamaq çətindir. Bu çətinliyin böyük hissəsini də məmurlar yaradır. Kəndli borca-xərcə düşüb sahə əkir ki, başını dolandırsın, məmur əngəllər yaradıb hər şeyi alt-üst edir. Yoncalar torpaqdan yenicə qalxıb, körpədir, ancaq 1 aydır suvara bilmirəm, tələf olur”.

Deyir, hara yazsan, ərizən mənə gəlib çıxır

Kəndli əsasən yerli suvarma idarəsini günahlandırır. Deyir, suvarma idarəsinin rəhbərliyi kanalın suyunu kənddəki öz əkin sahələrinə yönəldib. Problem də bundan yaranıb:

“Özlərinin 50-60 hektarlıq sahələrini suvarmaq üçün başqalarının sahələrini susuz qoyublar. Suvarma idarəsinin rəisi deyir, hara şikayət etsən, axırda ərizələrin mənim üstümə gəlir, get, əlindən gələni et… İcra hakimiyyəti dinləmir, Kənd Təsərrüfatı Nazirliyinə yazırıq, cavab yoxdur. Biz nə edək? Necə edək? Hara gedək? Dərdimizi kimə deyək?”

Su kanalı ilə Cavad Mustafayevin yonca sahəsi arasında 10-15 metr məsafə var, gəl ki, hər gün kəndlinin bir gözü kanaldakı suya baxır, bir gözü günbəgün yanıb külə dönən yoncaya… Çarə tapmır ki, tapmır… Deyir, kənddə əkin sahəsi məhv olan təkcə o deyil, xeyli əkinçi əlini hektarlarla sahədən üzüb. Taxılı, tərəvəzi yanan kim, heyvanları susuz qalan kim…

Yoncadan əlini üzən kəndli yenə Kənd Təsərrüfatı Nazirliyinə və prezidentə müraciət edib.

Ana səhifəBölgə”Yaz da, yay da keçdi, yonca bitmədi…”