Yaxın Şərqdə gərginlik davam edir: İran hakimiyyəti danışıqları rədd edir

ABŞ-İran. Foto: tunasalmon/shutterstock

Martın 2-nə keçən gecə İran İsrailə və regiondakı ABŞ hərbi bazalarına qarşı doqquzuncu hücum dalğasını həyata keçirib.

İsraildə hava həyəcan siqnalları səslənib, lakin hücum nəticəsində xəsarət alan olmayıb. Partlayış səsləri Dubay, Doha və Bəhreyndə də eşidilib.

“The Wall Street Journal” yüksək vəzifəli amerikalı rəsmiyə istinadən yazır ki, İran pilotsuz uçuş aparatları İraqın şimalındakı Ərbil hava limanına zərbə endirib. Həmin ərazidə ABŞ hərbi bazası yerləşir. Mənbənin sözlərinə görə, baza ciddi zərər görməyib və xəsarət alan olmayıb. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) hava limanına zərbə endirildiyini təsdiqləyib.

Küveytdə ABŞ-nin F-15 qırıcı təyyarəsi qəzaya uğrayıb. Sosial şəbəkələrdə təyyarənin yerə düşməsi ilə bağlı görüntülər yayılıb. Jurnalistlər hadisə yerini geolokasiya edərək bunun Əl-Cəhra şəhərinin qərbində baş verdiyini müəyyən ediblər. Kadrlardan görünür ki, ən azı bir pilot sağ qalıb. İranın “Tasnim” agentliyi mənbələrə istinadən yazır ki, pilot Küveytin təhlükəsizlik qüvvələrinə təhvil verilib.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bildirib ki, İrandakı hərbi əməliyyatların başlanmasından bəri ABŞ hərbçiləri mindən çox hədəfi vurublar və 20-dən artıq növ təyyarə, gəmi, raket və digər silah sistemlərindən, o cümlədən B-2 Spirit strateji bombardmançıları və açıqlanmayan “xüsusi imkanlar”dan istifadə ediblər.

“The New York Times” peyk görüntülərini, videoyazıları və ABŞ hərbçilərinin bəyanatlarını araşdıraraq yazır ki, İran Yaxın Şərqdə ABŞ-nin ən azı altı hərbi obyektinə zərbə endirib. Zərbələr Bəhreyn, İraq və BƏƏ-dəki obyektlərə, eləcə də Küveytdəki üç bazaya yönəlib.

Münaqişə tərəfləri nə deyir?

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ ilə heç bir danışıqlar aparılmayacağını bəyan edib. Laricani deyib ki, ali dini lider Əli Xamenei və bir neçə yüksəkvəzifəli öldürüləndən sonra müvəqqəti yeni rəhbərlik şurası qurulur. Dini rəhbərliyin aparıcı fiqurlarından Əlirza Ərafi Xameneinin yerinə müvəqqəti olaraq təyin olunub. Prezident Məsud Pezeşkian və məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhsüni-Ejeinin də olduğu üç nəfərlik şura İranı idarə edəcək. Ekspertlər Şurası daha sonra yeni ali lideri seçmək üçün toplana bilər.

Bundan əvvəl Donald Tramp “The Atlantic” jurnalına müsahibəsində İranın yeni rəhbərliyinin danışıqların bərpası üçün müraciət etdiyini və onun da razılaşdığını bildirmişdi.

Donald Tramp “The New York Times” qəzetinə müsahibəsində İran rəhbərliyinə namizəd ola biləcək “üç çox yaxşı variant”ın olduğunu desə də, ad çəkməkdən imtina edib. Hakimiyyətin ötürülməsi planları ilə bağlı suala cavabında ABŞ Prezidenti İranın elit hərbi qüvvələrinin “sadəcə silahlarını İran xalqına təhvil verəcəyinə” ümid etdiyini bildirib.

Trampın fikrincə, İrana qarşı əməliyyat təxminən dörd həftə və ya daha az davam edəcək. O, bunu Britaniyanın “Daily Mail” qəzetinə müsahibəsində deyib. ABŞ Prezidenti eyni zamanda Amerika ordusunda itkilərin ola biləcəyini də istisna etməyib. Mərkəzi Komandanlıq bundan əvvəl “Epik Qəzəb” əməliyyatı zamanı üç amerikalı hərbçinin həlak olduğunu, beş nəfərin isə ağır yaralandığını açıqlayıb.

Almaniya, Fransa və Böyük Britaniya liderləri İranın Fars körfəzi ölkələrinə qarşı ayrı-seçkilik etmədən endirdiyi raket zərbələrindən “qəzəbləndiklərini” bəyan edərək, İranın raket və pilotsuz aparat buraxmaq imkanlarını məhdudlaşdırmaq üçün zəruri və proporsional müdafiə tədbirləri görəcəklərini bildiriblər.

“Hizbullah” İsrailə hücum edib, İsrail Livana zərbə endirib

“Hizbullah” martın 2-nə keçən gecə İsrailin şimalına raket və pilotsuz aparatlarla hücum edib. Qruplaşma bəyan edib ki, hücum İranın ali lideri ayətullah Əli Xameneinin öldürülməsinə cavabdır. Bir raket zərərsizləşdirilib, digərləri açıq ərazilərə düşüb, xəsarət alan olmayıb.

Cavab olaraq İsrail Müdafiə Qüvvələri (SAXAL) Livana zərbə endirib. Hərbçilərin məlumatına görə, zərbələrin hədəfi “Hizbullah”ın qərargahı və infrastrukturu olub.

Zərbədən əvvəl SAXAL Livanın cənub sakinlərinə təxliyə xəbərdarlığı edib. Bundan az sonra İsrail Baş Qərargah rəisi Eyal Zamir “Hizbullah”a qarşı hücum əməliyyatının başlandığını elan edib. Onun sözlərinə görə, İsrail “çoxcəbhəli” ssenariyə hazırlaşırdı. “Təhlükəsizliyimizi təhdid edən hər bir düşmən yüksək cəzasını çəkəcək”, – deyə Zamir bildirib.

Livanın Səhiyyə Nazirliyi İsrailin zərbələri nəticəsində 31 nəfərin öldüyünü, 149 nəfərin yaralandığını açıqlayıb. Al-Arabiya və Al-Hadath mənbələrə istinadən xəbər veriblər ki, zərbə nəticəsində “Hizbullah”ın siyasi qanadının rəhbəri Məhəmməd Raad həlak olub.

Neft qiymətləri necə reaksiya verir?

Bazarların açılışında Brent markalı neftin bir barelinin qiyməti 80 dollardan yuxarı olub. Qiymət 13 faiz artaraq 82 dollara çatıb ki, bu da 2024-cü ilin yayından bəri ən yüksək göstəricidir. Daha sonra qiymət 79 dollar səviyyəsinə qədər geriləyib.

Birləşmiş Ərəb Əmirliklərinin fond bazarları martın 2–3-də bağlı olacaq. Bu barədə ölkənin Qiymətli Kağızlar və Əmtəələr üzrə İdarəsi məlumat yayıb. Bildirilir ki, qurum regiondakı vəziyyəti izləməyə və zərurət yaranarsa əlavə tədbirlər görməyə davam edəcək. “Reuters” qeyd edir ki, “Abu Dhabi Securities Exchange” və “Dubai Financial Market” birjalarında regionun ən iri şirkətlərinin səhmləri ticarət olunur.

Ana səhifəDünyaYaxın Şərqdə gərginlik davam edir: İran hakimiyyəti danışıqları rədd edir