Şahidin ifadələrində ziddiyyət aşkarlanıb
İmişli rayonunun keçmiş icra başçısı, 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunan Vilyam Hacıyevin məhkəməsi davam edir. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə baxılır.
Aprelin 25-də keçirilən məhkəmə iclasında Vilyam Hacıyev icra başçısı olduğu dövrdə rayonun Yaşıllaşdırma İdarəsinə rəhbərlik etmiş Mirqayıb Sarıyev dindirilib. Deyir ki, o vaxt müdir olsa da, indi sahə rəisidir.
O bildirib ki, Vilyam Hacıyev icra başçısı təyin olunandan sonra rayonda abadlıq işləri gedirdi. Buna görə idarəyə ayrılan puldan 30 min manat çıxarıb maliyyə idarəsinin rəisi Rəhim Rəhimova verib. Həmin pulla da fəhlələr üçün geyim, əlcək alınıb.
Sabiq icra başçısı da əlavə edib ki, Mirqayıb Sarıyevin bəhs etdiyi pul rüşvət kimi alınmayıb, fəhlələrin geyiminə xərclənib.
Bu məhkəmə prosesində ən çox adı hallananlardan biri Rəhim Rəhimovdur. Bir çox sahibkar, yerli məmurlar deyir ki, icra hakimiyyətinə çatası pulu maliyyə idarəsinin rəisi Rəhim Rəhimov vasitəsilə verib.
Həmin Rəhim Rəhimov da aprelin 25-də məhkəmədə dindirilib. O bildirib ki, 13 ildir eyni vəzifədə işləyir.
O da deyir ki, Vilyam Hacıyev icra başçısı təyin olunandan sonra İmişlidə abadlıq işləri başlayıb, ayrı-ayrı iş adamları rayona gəlib. Aparılan işlərin qarşılığında ayrılan vəsait çox aşağı olub. Ona görə də müəyyən qədər borclar yaranıb:
“Vilyam Hacıyev iclas keçirib dedi ki, borcları ödəmək lazımdı…”
Rəhim Rəhimovun məhkəmədə dediklərilə istintaqdakı ifadəsi arasında ziddiyyət vardı. Onun istintaqdakı ifadəsi elan olunub. O, həmin ifadədə bildirib ki, “Nepal” MMC-yə tikinti-abadlıq işləri üçün 193 min manat ayrılıb. Həmin pulun 70 min manatı nağd şəkildə çıxarılaraq icra hakimiyyətinin baş mühasibi Cəmil Musayevə verilib:
“Vəsait Malik Cəfərov adlı şəxsin hesabına köçürülmüşdü. Oradan da nağd şəkildə çıxarılaraq Cəmil Musayevə verilib. Pulun 10 min manatını da mən götürmüşdüm. 10 min manatı əvvəl rayonda keçilən “Ölkəmizi tanıdaq” layihəsinə köçürdüm. Lakin sonradan pulu geri götürdüm”.
Rəhim Rəhimov istintaqda dediklərini təsdiqləyib, həqiqətən də həmin pulun Cəmil Musayevə çatdığını bildirib.
Vilyam Hacıyevin “sən mənə şəxsən rüşvət vermisən və ya mən səndən tələb etmişəm?” sualına şahid “xeyr” cavabını verib.
Sabiq icra başçısının məhkəməsi mayın 6-da davam edəcək.
Vilyam Hacıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 311 (rüşvət alma) və başqa maddələrilə ittiham olunur.
O, 2004-2006-cı illərdə Göygöl rayonunun, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb.
Vilyam Hacıyevin həbsindən sonra DTX onun evindən, qarajından qutularda milyonlarla manat, xarici valyutada pulların, müxtəlif maşınların çıxmasını əks etdirən görüntülər yayımlamışdı.
Vilyam Hacıyev özünü təqsirli bilmir, ittihamların şər-böhtan olduğunu, sifarişlə həbs edildiyini bildirir.
Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub. 2020-ci ilin ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin icra başçısı həbs edildi. Ardınca Kürdəmir, Cəlilabad, Şəmkir rayonlarında da eyni əməliyyatlar həyata keçirildi.