“Polislər heç müəyyənləşdirməyiblər ki, zibilləri kimlər atmışdı”
İyunun 8-də Yeni Yasamalda polislərin yataqdan qaldırıb, çılpaq şəkildə apardıqları Elvin Süleymanovla yanaşı, qardaşı da Kərim də həbs olunub. Bu barədə Meydan TV-yə danışan Gülər Süleymanovanın sözlərinə görə, digər oğlu Kərim polislərdən qardaşının geyinməsinə imkan verilməsini istədiyi üçün cəzalandırılıb.
İyunun 8-də yaşananları Gülər Süleymanova belə təsvir edir: “Səhər saat 7-də qapını sındırırdılar. Açdıq, Elvini axtarırdılar. Videonu tam qoymayıblar. Mənim qolumu elə burublar ki, indi də ağrıyır. Gəlini itələdilər. Elvin yatmışdı. İndi sosial şəbəkələrdə ağızlarına gələni yazırlar ki, guya gizlənmişdi. Xeyr, elə şey olmayıb, yatmışdı. Otağın qapısı açılanda da görünür. Onu sürüyəndə kiçik oğlum dedi ki, imkan verin, əynini geyinsin. Videoya da düşüb. Qoymadılar, elə bil vəhşiləşmişdilər. Oğlum əlində qardaşının paltarlarını gətirəndə onu da sürüyüb apardılar”.
G.Süleymanova deyir ki, heç Elvinin də günahı yoxdur, o, zibil atmayıb. Ananın sözlərinə görə, ümumiyyətlə, polislər kor-koranə şəkildə gəlib evlərə basqın ediblər, müəyyənləşdirməyiblər ki, zibilləri kimlər atmışdı.
G.Süleymanova onu da qeyd edib ki, oğullarından Kərim Süleymanovun səhhətində ciddi problemlər var, bir müddət əvvəl əməliyyat olunub. Onu sürüyə-sürüyə aparanda da polislərə deyilib. Amma əhəmiyyət verməyiblər: “Elə bil insan deyildilər…”
G.Süleymanova öyrənib ki, övladlarının hər birinə 15 sutka inzibati həbs cəzası verilib: “Özlərini görə bilməmişik. Amma bizə dedilər ki, saxlanılanları polis idarəsində pis döyüblər”.
G.Süleymanova evinə basqın edən polislərdən şikayət etmək niyyətindədir: “Evimə qanunsuz giriblər. Gəlini, uşağı necə qorxudublar, özümə xəsarət yetiriblər…”
Meydan TV-nin əldə etdiyi məlumata görə, saxlanılanılar 15 sutkadan 2 ayadək həbs cəzası alıblar.
Vəkil Cavad Cavadov öz “Facebook” hesabında zorakılığa məruz qalan vətəndaşları təmənnasız müdafiə etməyə hazır olduğunu yazıb.
Daxili İşlər Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb