İsmayıllıda ünvanlı sosial yardım ala bilməyənlər narazılıq edir
“Gündən-günə hər şey bahalaşır, əlimizdə olan qəpik-quruşla dolanmaq çətindir. Bir qarnı ac, bir qarnı tox yaşamaqdan, artıq cana doymuşuq. İş yoxdur ki, işləyib, ailəmizi dolandıraq. Bir tərəfdən də ünvanlı sosial yardım ala bilmirik”.
Bunu Meydan TV-yə bir qrup İsmayıllı sakini deyir. Onlar Dövlət Sosial Müdafiə Fondununun İsmayıllı Rayon Şöbəsindən narazıdırlar.
Acından ölənlər kənarda qalıb
“İki il əvvəl yardımı kəsdilər. Çox adama da “Sizin ailəyə ünvanlı sosial yardım düşmür”- dedilər. Nə oyundursa, imkanı, evi, maşını, işi, ticarət obyekti olan adamlar qanunsuz şəkildə ünvanlı sosial yardım alır. Amma acından ölənlər kənarda qalıb. Bir tərəfdən işsizlik, digər tərəfdən yardımın kəsilməsi bizi ağlar günə qoyub. Heç bilmirik necə edək, dərdimizi kimə deyək? Səsimizi eşidən də yoxdur”- İsmayıllı rayonu, Qarabağ qəsəbə sakinləri belə söyləyir.
Təhminaz Hüseynova dolanışığının çox ağır olduğunu deyir. Əlavə edir ki, səhhəti fiziki işlərdə çalışmağa imkan vermir:
“Tənha qadınam, nə ərim var, nə də oğlum. Siçan yuvalarıyla dolu idarələrdə, uçuq daxmalarda yaşamışam. Hazırda alayarımçıq tikilmiş bir evdə dözülməz şəraitdə qalıram. Ayaqlarım anadangəlmə ombadan çıxıqdır. Əlilliyə görə dövlətdən 50 manat yardım alıram. Bu pulla da bir ay dolanmaq olar? 3 ay yayı yeməkxanada qutab bişirmişəm, qab yumuşam. Belə işlər də ancaq yayda olur, müvəqqətidir. Artıq ayaqlarım məni saxlamır, üstündə dayana bilmirəm. Bu gedişlə elə işlərdən də məhrum olacağam. Evimə çox yox, ay ərzində 150 manat pul girsə, bəsimdir. Yardım üçün hansısa quruma müraciət edəndə, rüşvət istəyirlər. Məndə pul haradandır, ay başına dönüm?”
Qaza görə çox borcumuz vardı…
Vaxtilə ayrıca kənd olan, sonra ləğv edilərək İsmayıllı şəhərinə qatılan Mican kəndinin sakini Qəribə Mitəlova işsizdir, üstəlik, səhhətində ciddi problemlər olduğunu deyir. O da, ünvanlı sosial yardım almaq istəyib:
“Lakin vermədilər, dedilər ki, sənə düşmür. Yoldaşım ev ustasıdır. Yardım almaq üçün Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı Rayon Şöbəsinə müraciət etdim. Soruşdular ki, yoldaşın nə işləyir? Dedim ki, fəhlə. Cavabında söylədilər ki, gününə 15 manatdan vur, gör nə qədər pul edir. Halbuki, yoldaşım bəzən məcburiyyətdən 2 manata suvaq işi görür. Qışda da iş olmur. Olanda da 3-5 manat, artıq yox. Orta təhsilliyəm. Subay vaxtlarımda İsmayıllıda yerləşən poliklinikada sanitar işləmişəm. Sonra övladlarıma görə işdən çıxdım. İki övladım var, oğlum 5, qızım 2-ci sinifdə oxuyur. İndi də səhhətimdə ciddi problemlər var. Toyuq-cücə, hinduşka saxlayıram. Qışda da satıb, birtəhər dolanırıq. Buna dolanmaq demək olarsa… Qaza görə xeyli borcumuz var idi, qışda pulunu ödəyə bilmədik, kəsdilər. Məcburiyyətdən, rəhmətlik atamın böyük zəhmətlə əkdiyi meyvə ağaclarını kəsib, yandırdıq”.
Çarəsizlikdən zibilyığan işləyirəm
İsmayıllı rayonu, Qarabağ qəsəbəsinin sakini Tünzalə İsgəndərli 2016-cı ilə qədər ünvanlı sosial yardım alıb:
“Amma sonra pulu kəsdilər, vermədilər. Səbəbini soruşanda da dedilər ki, ünvanlı sosial yardım hamıya düşmür. Sonra ünvanlı sosial yardım təyinatı üçün elektron qaydada müraciət etdik, yenə də bir nəticəyə hasil ola bilmədik. Deyirlər ki, sənin dolanışığın yaxşıdır. Mənzil-kommunal Təsərrüfatı İdarəsinə müraciət etmişdim. Müqavilə əsasında işlə təmin olundum. Çarəsizlikdən zibilyığan işləyirəm. 125 manat əməkhaqqı alıram. Müqaviləm də dekabrda bitir. O pulla dolanmaq olmur. Ağır işlər var, sahələrdə kartof-soğan yığmaq olar. Səhər 8-dən axşam 8-dək sahədə dayanmadan necə kartof yığasan?”
İsmayıllı rayon Lahıc qəsəbə sakini Cabir Məmmədov 2-ci qrup əlildir. Ailəlidir, 3 qız övladı var. Bir ay olar ki, Lahıcın Həftəsov (Həftəsiyab) kəndindən İsmayıllıya köçüb:
“Hazırda Qarabağ əlili olan qardaşımın Qarabağ qəsəbəsindəki evində məskunlaşmışam. Yoldaşım Həftəsiyabda yerləşən məktəbdə xadimə işləyirdi, 80 manat maaş alırdı. Birtəhər dolanırdıq, lakin məktəb bağlandı. Ailəm 5 nəfərdən ibarətdir. Özüm fiziki olaraq yararsız adamam. İkinci qrup əliləm, 220 manat pul alıram. Amma bu məbləğlə bir ailəni dolandırmaq mümkün deyil. Əyin-baş ala bilmirəm, qızlarım onun-bunun köhnə paltarlarını geyinir. Müraciət etdik, bizə sosial yardım vermədilər”.
Hər hansı qeyri-şəffaflığa yol verilə bilməz
DSMF-nun İsmayıllı Rayon Şöbəsinin mühasibatçısı Zümrüd Yusifova Meydan TV-yə söylənilən iradların heç bir əsası olmadığını deyir:
“Burada hər hansısa qeyri-şəffaflığa yol verilə bilməz. Çünki artıq bir ilə yaxındır ki, ünvanlı sosial yardım elektron qaydada həyata keçirilir. Yəni vətəndaşla şəxsən elektron variantda əlaqə saxlanılır. Bizə müraciət edən adamlara deyirik ki, elektron variantla hansı sənədlər tələb olunursa verin, düşəcəksə, mobil telefonunuza avtomatik olaraq mesaj daxil olacaq. Bizim idarədə artıq həmin işlərə baxan ştat ləğv olunub, işçilər də işdən çıxarılıb. Hər hansı qanunsuzluğa yol verilmir. Tələblər belədir, yəni şəxsən vətəndaşın özü ilə əlaqə saxlanılır”.
Prezident İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılıb.
“Elektron hökumət” portalı üzərindən qurulan VEMTAS-ın ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edən vətəndaşın məlumatına avtomatlaşdırılmış şəkildə baxılır və yardım təyin olunub-olunmaması barədə qərar qəbul olunur.