“Yaqodnoye həbs düşərgəsi”

Rusiya hərbçiləri düz bir ay bütün kəndi zirzəmidə saxlayıb

Hromadskenin materialı

Yaqodnoye kənd məktəbininin zirzəmisindəki qapılar yerli sakinlərin içinə düşdükləri cəhənnəmin rəmzi oldu. Onlar həmin qapıların üzərində burada keçirdikləri günləri qeyd ediblər. Sağ tərəfində elə buradaca ölən insanların soyadını, sol tərəfdəsə işğalçıların güllələdikləri adamların soyadlarını yazıblar. Mahiyyət etibarı ilə ukraynalılar Rusiya həbs düşərgəsində bir ay keçiriblər. “Hromadske” işğal altında olan bu kəndin tarixçəsini danışır.

“Bander”lərdən xilas etmək üçün zirzəmiyə qovublar

Yaqodnoye kəndi Çerniqovdan 12 km cənubda yerləşir. Hələ mart ayının lap əvvəllərində bura rus qoşunları gəldi. Qalinanın evi kənd məktəbinin lap yaxınlığındadır. Təqaüdçü qadın xatırlayır:

“Martın 2-si, çərşənbə günü hərbi texnika gördüm”.

Qadın onların işğalçı olduqlarının dərhal fərqinə varmayıb. Texnikanın üzərində nişanələr – ağ rəngdə dairələr olub. Tezliklə hamıya aydın olub: kəndi tutublar.

Qalina qeyd edir ki, tezliklə yeni düzəni hiss etməyə başladılar. Ruslar onun evinə pəncərədən soxulublar. Qonşularda – evdə bir neçə mənzil var – ağacları çıxardıblar.

“BTR gətirdilər və pəncərələrə atəş açmağa başladılar. Eşidirəm: evlərə pəncərələrdən girirlər. Elə o vaxt girib dedilər: qapıları açın”, – təqaüdçü qadın danışır.

Qalina gecəni hələ öz evində keçirib, amma artıq səhər saat 7-də onu mənzilindən qovublar.

“Dedilər: biz sizi zirzəmiyə aparacağıq. Və bizi bir əsgər apardı. Heç kimə heç nə izah etmədi. O qədər qorxdum ki, hələ də o duyğudan qurtula bilmirəm”, – qadın xatırlayır.

Taisiya Petrovnanı əvvəlcə zirzəmiyə qovmayıblar – əra qoltuq ağacları ilə gəzir, 3-cü qrup əlilliyi var, odur ki, ər-arvadı evdə qoyublar. Ancaq bu uzun sürməyib: axşam yenə gəliblər.

“Avtomobillə gəldilər, avtomatları bizə tuşlayıb dedilər: siz də hamı olan yerə gedəcəksiniz. Ərimlə ora getməli olduq. Bizim uşaqlar ona aşağı düşməyə kömək etdilər və ərim orada düz bir ay uzanılı vəziyyətdə qaldı. İndi də evdə uzanıb, gəzə bilmir. Əvvəllər qoltuq ağacları ilə gəzirdi, indi, ümumiyyətlə, gəzmir”, – Taisiya Petrovna deyir.

Kəndin bütün sakinlərini zirzəmiyə salıblar – haradasa 350 adamı. İşğalçılar bu yolla onları xilas etdiklərini söyləyiblər.

“Bizə dedilər ki, zirzəmiyə getməliyik, çünki “bander”lər hücuma keçəcəklər və biz onlardan qorunmalıyıq”, – Taisiya Petrovna xatırlayır.

“Kəndin bütün camaatını bura gətirdilər: kiçikdən böyüyə, sağlamdən xəstəyə hər kəsi”, – Yaqodnoye kəndinin daha bir sakini Tamara Andreyevna deyir.

Yaqodnoye kənd sakinləri
Foto: Olqa Menyaylo facebook

Alman düşərgəsindən betər

Qalinanın evindən məktəbə on-on beş addımdır. Qadın düz bir ay harada saxlandıqlarını göstərməyə razılaşır. Yan girişə pilləkən aparır: işğalın əvvəlində bura açıq olub, sonra qapını mıxlayıblar.

Zirzəminin digər çıxışı məktəbin arxa həyətinə aparır. Qapının çölündə “Asta olun, uşaqlar” yazılıb. Bir ay ərzində burada saxlanılan 350 adam arasında uşaqlar da olub – 65 oğlan və qız. Aralarında körpə də varmış.

“Uşaqlar çığır-bağır salırdılar. Burada onların nə əynini dəyişə, nə də yuya bilirdik”, – Tamara Andreyevna deyir. Qadın özü zirzəmidə nəvəsi ilə olub. Xatırlayır ki, ilk başda onlara iki qaşıq sıyıq verirlərmiş. “Qızım oğlu ilə, mənsə nəvəmlə yeyirdim. Mən özümü guya yeyirmiş kimi göstərirdim, istəyirdim ki, payımı uşaq yesin. Oğlan da yeyib deyirdi: “Nənə, mən yenə istəyirəm, qarnım doymayıb”. Bilirsiniz, uşağa yeməyə bir şey verə bilməyəndə, bu, necədə qorxuncdur?” – qadın gözündə yaş xatırlayır.

Yaqodnoye kənd zirzəmisinə giriş
Foto “Hromadske”yə təqdim edilib

Qalina İkinci Dünya Müharibəsini görməyib, lakin böyüklərlə söhbətdən bu nəticəyə gəlib: onun yaşadıqları alman həbs düşərgəsində baş verənlərdən daha betər olub.

İlk günlər və gecələr zirzəmidə işıq olmayıb: insanlar qaranlıqda oturublar. Zirzəmi qapılarını səhər saat 7-də açıblar və adamlara məktəbin arxa həyətindəki tualetə getməyə icazə veriblər. Amma elə günlər də olub ki, qapını bağlı saxlayıblar – o zaman tualetə bir neçə gün çıxmaq olmurdu.

“Biz ayaqyoluna vedrəyə gedirdik. 360 adam. Təsəvvürünüzə gətirə bilirsiniz?” – Tamara Andreyevna deyir.

Zirzəmidə hava çatmırdı, nəfəs almaq çətin idi. “Oksigen olmadığı üçün huşumuzu itirirdik. Adamlar ölürdülər”, – Tamara Andreyevna danışır.

Sonunda işğalçılar divarlarda dəlik açmağa razılıq veriblər. Beləcə, az da olsa hava gəlməyə başlayıb. Bəzən də məktəbin arxa həyətində gəzməyə icazə veriblər. Aradabir bu cür gəzintilər güllələnmə ilə bitib.

“Hava almaq istəyirdik, çünki çox isti idi və havamız çatmırdı – atəş açmağa başlayan kimi itələşir, yerə yıxılır və zirzəmiyə qaçırdıq”, – Tamara Andreyevna xatırlayır.

Yaqodnoe kəndinin məktəb zirzəmisi
Foto: Hromadske

“İki söz və sən meyitsən” – söz oyunu deyil. Yaqodnoye kəndində, həqiqətən də, artıq sözə görə öldürürdülər. Beləcə, Çerniqov müstəntiqləri danışıblar ki, işğalçılar bir qadını həlak olmuş rus hərbçilərinin meyitini evinə qoyduqlarına narazılıq etdiyi üçün güllələyiblər. Üstəlik bu qadın işğalçıların yeganə qurbanı deyil.

“Qonşu oğlanı güllələdilər, 30 yaşı vardı. Heç nədən. Onlar gələndə zavallı həyətdə imiş. Güllələdilər, vəssalam”, – təqaüdçü qadın Qalina deyir.

Yaqodnoye kənd sakinləri bu cür halları qeydə almağa çalışıblar. Zirzəminin giriş qapısında indiyədək də ölənlərin soyadları qalır. Taisiya Petrovna “Hromadske” ilə söhbətində zirzəmidəki siyahıda gördüyümüz soyadları xatırlayıb.

“Gənc oğlanların qətlə yetirilməsi faktları var. İki Şevçenko yoxdur, Tanya yoxdur, Lena, Tolik yoxdur. Hardasa tanıdığımız 5-6 gənc yoxdur”.

İçəridə insanlar qorxunc şəraitdən ölüblər: yerli sakinlər danışırlar ki, 11-12 adam elə zirzəmidəcə ölüb.

“Bunlar 70-80 yaşlı insanlar idi. Onlar oradakı şəraitə, havasızlığa dözmədilər. Azadlıqda olsaydılar, hələ çox yaşayardılar. Hərəkətdə olardılar, orada isə gecə-gündüz bir yerdə oturmağa dözmədilər”, – Taisiya Petrovna deyir.

“Ölməyə başladılar, axı oksigen çatmırdı. Nəfəs almağa hava yox idi, biz orada boğulurduq. Axı bura bomba sığınacağı deyildi, sadəcə məktəb zirzəmisi idi”, – Tamara Andreyevna əlavə edir.

Əgər insanlar gecə ölürdülərsə, meyitləri səhərəcən sağ qalanların arasında qalırdı. İşğalçılar bir də qapıları açandan sonta meyitləri çıxarır və məzarlıqda basdırırdılar, 2-3 üç nəfəri bir çalada. Şəhər azad ediləndən sonra bu qəbirlər yenidən açıldı və həlak olanlar yenidən ayrıca basdırıldı.

Könüllülər Yaqodnoye kənd sakinlərinin yenidən basdırılması ilə məşğuldurlar
Foto “Hromadske”yə təqdim edilib

Kiyevdən gələn, “Hromadske” dostlar klubuna daxil olan könüllü Yaqodnoye kəndində insanların yenidən basdırılmasında iştirak edənlərin arasında olub. O, redaksiyaya kənddə çəkilmiş bir neçə şəkil təqdim edib.

Şəkillərdən birində yerli sakin Viktor Şevçenkonun qəbridir.

“O, ruslar tərəfindən başına atəş açılmaqla qətlə yetirilib. Şəkildə görünür. Elə öz bostanındaca basdırılıb, evinin yanındaca. Bu, hamını zirzəmiyə qovarkən baş verib. Yerli sakinlərin dediyinə görə, Viktoru ovçu tüfəngi olduğuna görə öldürüblər. Bir də o tez-tez kamuflyajlı buşlat geyinirmiş. Yəqin ki işğalçılar Viktoru görəndə əynində həmin buşlat olub”, – Vitali deyir.

İşğalçıların qətlə yetirdikləri Yaqodnoye kənd sakini Viktor Şevçünkonun yenidən basdırılması
Foto “Hromadske”yə təqdim edib

Vitalinin digər şəklində yandırılmış avtomobildə meyitin qalıqları görünür.

“İlkin versiyaya görə, avtomobil güllə-baran edilib. Maşın küvetə uçub, sürücünü oradan çıxarıblar və görünür, yoxlayıblar, çünki ətrafa sənədlər səpələnib. Sonra həmin maşını çıxarıblar, meyiti arxa oturacağa atıblar və avtomobili yandırıblar”, – könüllü deyir. Aşkar olunan sənədlərə görə, bu, Viktor Kirik ola bilər.

“Hromadske” hadisə yerinə gələrkən burada tanınmamış ölülər qalıb. Biz məktəb perimetrinin dərhal arxasında məzar tapdıq. Onun üzərində heç bir nişanəsiz əldəqayırma taxta xaç vardı.

“Bir dəfə Zolotinkidən (Yaqqodnoyenin qərbində kənd – red.qeydi) iki oğlan gətirdilər. Pilləkənlə zirzəmiyə yanımıza düşürdülər, hətta dəhlizə daxil olmadılar. On dəqiqədən sonra geri apardılar və güllələdilər”, – Taisiya Petrovna xatırlayır.

Yaqodnoyedə qəbir
Foto “Hromadske”yə təqdim edib

Yaqodnoyeni kim ələ salıb

Kənd sakinləri zirzəmidən evlərinə qayıtdıqlarında onların qarət olduqlarını görüblər.

“Əllərinə keçən hər şeyi aparıblar. Alt paltarından tutmuş corablara, zinət əşyalarından tutmuş texnikaya kimi hər şeyi”, – Svetlana deyir. Qadın söylədiklərinin təsdiqi olaraq bizi mənzilinə dəvət edir: ev atışmadan savayı qarətçilərdən ziyan çəkib. Döşəmə işğalçıların dolablardan yerə atıdqları əşlarla doludur.

Qonşu həyətdə sakinlər Rusiya ordusunun qarətçilərinin apara bilmədikləri, əvəzində sınsırdıqları texnikanı göstərir.

“Pis yaşamırdıq, hər həyətdə 2-3 maşın vardı. Plazma televizorlar. Mənim musiqi mərkəzim, kinoteatrım, plazmam vardı. Nəyi ki apara bilməyiblər, sındırıblar”, – Taisiya Petrovna deyir.

Rusiyalılar üstəlik mənzillərdə natəmizlik ediblər: tualetə getmək əvəzinə ehtiyaclarını vedrələrə və bankalara ediblər, sonra da onları mənzillərdə qoyublar.

“Vanna otağında tualet kimi istifadə etdikləri vedrələr qoyublar. İnsanlar bax belə yaşayır”, – Taisiya Petrovna qəzəblə deyir. Qadın abrına qısılıb, evə gördüklərini tam təsvir edə bilmir və “Onlar oranı batırıblar?” sualına qısaca “Hə” deyə cavab verir.

İşğalçıları müşahidə edən Yaqodnoye kənd sakinləri belə bir nəticəyə gəliblər: onların kəndində təsavüz ordusunu iki millət təmsil edib. “Məktəbdə ruslar idi, kənddə isə tuvalılar yaşayırdılar”, – Taisiya Petrovna deyir.

Tuva Respublikası Rusiyanın ən kasıb bölgəsidir, 2020-ci ildə isə Tuva RF-də ən çox qətl hadisəsinin baş verdiyi yer olub.

Könüllü Vitali bu qənaətdədir: “O zirzəmi Yaqodnoye kənd sakinləri üçün həm katorqa, həm də xilas yeri olub. Onlar evdə qalsaydılar, tuvalıların vəhşiliklərinin və bombardmanın qurbanları qat-qat çox olardı”.

Rusiyalı işğalçılarım Yaqodnoyeyə soxulmasının nəticələri
Foto “Hromadske”yə təqdim edib

Düşərgənin sonu

Yaqodnoye kənd məktəbinin zirzəmisinin qapılarında “31 – bizimkilər gəldilər” yazısını görmək olar. Qalina xatırlayır ki, son gecə işğalçılar qapını erkəndən bağladılar. Zirzəmidə rus mövqelərinin artilleriya atəşinə tutulduğunu eşitmək olurdu, hanısas an məktəbin həyətindəki texnika işə düşdü.

“Uğuldayır – deməli, qaçırlar. Səhər oyandıq ki, burada artıq heç kəs yoxdur. Vəssalam, bizimkilər onların axırına çıxıblar”, – Qalina xatırlayır. Qadın Ukrayna ordusunu gözüyaşlı qarşılayıb, burada o, ərazi müdafiəsində olan 22 yaşlı nəvəsini xatırlayır.

“72 yaşım var. Valideynlərimiz müharibə görüb, bizsə yox. İndi gördük. Qorxuncdur”, – Qalina bu nəticəyə gəlir. Qadın hələ də yuxularında kəndinin işğalçıalr tərəfindən tutulduğunu görür.

Yaqodnoye kənd sakinləri sağollaşarkən hakimiyyətə və hərbçilərə müraciət edirlər.

“Yaqodnoye ikinci zərbəyə tab gətirməyəcək. Hökumətimizə deyin: qoy nəsə etsinlər ki, bu, bir daha təkrarlanmasın. Bu qorxuncdur. Bu cür alçalmaya tab gətirmək mümkün deyil”, – Taisiya Petrovna yalvarır.

Ana səhifəUncategorized @az“Yaqodnoye həbs düşərgəsi”