Məleykə Ağayevanın oğluna qarşı narkotika ittihamı irəli sürülüb
Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğlu Fariz Ağayev haqqında Cinayət Məcəlləsinin (CM) 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə cinayət işi açılıb.
Ötən ilin 23 dekabr bələdiyyə seçkilərində Sabirabad rayonun Qaratəpə kəndi üzrə bələdiyyə sədrliyinə namizəd olan Fariz Ağayev həbs olunanda anası Məleykə Ağayeva təkzib etmişdi.
Ancaq “report.az” Fariz Ağayev barəsində cinayət işinin Sabirabad Rayon Polis Şöbəsində (RPŞ) açıldığını yazıb.
Bildirib ki, Fariz Ağayevlə birgə Ramil Talıblı adlı şəxs də həbs edilib və ona qarşı CM-in 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi irəli sürülüb.
Artıq hər iki şəxsin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib.