Şikayət edən üzvlər açıq danışmaqdan çəkinir, işlərini itirəcəklərindən qorxurlar
Hakim Yeni Azərbaycan Partiyası üzvlük haqlarının məbləği və ödənilməsi qaydasında dəyişiklik edib.
İdarə Heyətinin 29 dekabr qərarına görə, partiya üzvləri aylıq maaşlarının 1 faizini üzvlük haqqı ödəməlidir.
Qərarda bu qaydanın Nizamnamənin 5.5-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlandığı vurğulanır.
Nizamnamənin 5.5. bəndində üzvlük haqlarının məbləği və ödənilməsi qaydasının İdarə Heyəti tərəfindən müəyyən edildiyi deyilir.
Sənədin 5.7.3. bəndində üzvlük haqqını ödəməyin vəzifə olduğu bildirilir.
Nizamnamənin 5.10. bəndində bu vəzifəni yerinə yetirməyənlərə müxtəlif cəzalar verilir ki, bura xəbərdarlıq, töhmət, seçkili, təyinatlı vəzifədən azad, nəhayət, partiyadan xaric etmək daxildir.
Əvvəllər 1 manat üzvlük haqqı yığılıb
Ötən ilin sonuna qədər isə hakim partiyada üzvlük haqqı 1 manat civarındaydı.
YAP-nin İcra katibinin sabiq müavini Siyavuş Novruzov hələ 2013-cü ildə demişdi ki, partiyada üzvlük haqqı 1 manat müəyyənləşib:
“Üzvlər arasında bu məbləğdən də artıq ödəyənlər var. Əvvəllər, hələ Kommunist Partiyasının dövründə belə bir sistem vardı ki, alınan əməkhaqqının 1 faizi üzvlük haqqı kimi müəyyənləşsin. Lakin biz YAP Siyasi Şurasında və İdarə Heyətində müzakirələr apararaq, o cümlədən rayon-şəhər təşkilatlarının hər birinin mövqeyini öyrəndikdən sonra belə müəyyənləşdirdik ki, işləyən partiya üzvlərinin hər birindən 1 manat məbləğində üzvlük haqqı yığılmalıdır. Burada faiz nəzərə alınmır. Bu minimum səviyyədə belədir və onun yuxarı həddi müəyyənləşməyib. Məsələn, elə adam var ki, bir az artıq ödəyir. Eləsi də var ki, lap artıq ödəyir. Yəni bunlar hamısı müxtəlif formadadır”.
“Mən Milli Məclisin deputatı kimi daha artıq üzvlük haqqı ödəyirəm. Əslində isə 1 manat müəyyənləşib. Lakin üzvlük haqqının ödənilməsinə işləməyən partiya üzvləri, tələbələr daxil deyil”, – deyə Novruzov qeyd edib.
Beləliklə, hakim partiya S.Novruzovun xatırlatdığı Kommunist Partiyasının qaydasına qayıdıb. Yəni sovet dövründə olduğu kimi partiya üzvlərinin maaşından 1 faiz çıxılır.
Partiyanın MSK-ya verdiyi 2020-ci il hesabatına əsasən, həmin il 10 milyon 346 min 294 manat üzvlükhaqqı topanıb.
Parlamentdə çoxluq təşkil etdiyindən dövlət büdcəsindən də partiyaya 1 milyon 942 min 414 manat ayrılıb.
Yeni Azərbaycan Partiyasının üzvlərinin sayına gəldikdə sonuncu dəfə ötən ilin noyabrında bu barədə açıqlama yayılıb.
Partiya sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ın 800 minə yaxın üzvü olduğunu deyib. Ancaq hakim partiyanın 29 dekabr qərarı birmənalı qarşılanmır.
Şikayət edən üzvlər açıq danışmaqdan çəkinirlər
Meydan TV-yə üzvlük haqqıyla bağlı şikayət edən dövlət sektorunda çalışan şəxslər, məktəb, bağça və hətta AMEA işçiləri bu barədə açıq danışmaqdan çəkinirlər.
Onlar məsələni ictimailəşdirəcəkləri təqdirdə təzyiqlə üzləşəcəklərini, işlərini itirəcəklərini deyirlər.
Rəsmi məlumatlara görə, Azərbaycanda 1.7 milyon muzdla işləyən var ki, onların 905,7 min nəfəri dövlət sektorunda çalışır. Əgər dövlət büdcəsindən maaş alanların 80 faizi YAP üzvüdürsə, bu, təqribən 724 min nəfər edir. Belə bir halda bu rəqəm Tahir Budaqovun üzvlərin sayı ilə bağlı açıqladığı məlumatla təxminən üst-üstə düşür.
Tahir Budaqovun açıqladığı rəqəmlə üzvlərin sayı müqayisə edilsə, deməli, YAP-da hər ay təxminən 5 milyon civarında üzvlük haqqı toplanır. Əlbəttə, bunlar ehtimallar olduğundan suallar doğurur:
- Birincisi, hakim partiya üzvlərinin neçəsi dövlət sektorunda çalışır?
- İkincisi, aylıq üzvlük haqqı nə qədər toplanır və toplanan vəsaitlərin təsnifatı necədir, yəni məktəblərdən, elmi müəssisələrdən, digər dövlət qurumlarından?
- Nəhayət, hakim partiyanın üzvlük haqqından xərcləmələri, konkret olaraq, aparatda çalışanların maaşları və digər zəruri xərcləri nə qədərdir?
Təəssüf ki, YAP-dan bu yöndə yaranan suallara cavab almaq mümkün olmadı. Sədr müavini Tahir Budaqov telefon zənglərinə cavab vemədi.
Milli Məclisdə hakim partiyanı təsmil edən Hikmət Babaoğlu partiyanın saytında qərarın olduğunu deyərək əlavə etdi ki, o, bu məsələyə cavab verməyə məsul deyil: “Mətbuat Xidməti ilə əlaqə saxlayın”.
Mətbuat Xidmətinin rəhbəri Elməddin Quliyevlə gün ərzində əlaqə saxlamaq mümkün olmadı.
Digər YAP-çı Məlahət Həsənova artıq Nəsimi Rayon Təşkilatının sədri vəzifəsini daşımadığından qərardan xəbərsiz olduğunu söylədi: “Bilmirəm, nə vaxt olub, sizdən eşidirəm. Partiyanın saytında varsa, baxaram”.
Başqa bir YAP-çı deputat Elman Nəsirov da: “Bu tipli sualları partiya rəhbərliyinə ünvanlayın”, – deyərək cabab verməkdən yayındı.
Deputat: “Müharibədən sonra yeni reallıq yaranıb”
Partiyanın İdarə Heyətinin üzvü, deputat Cavid Osmanov isə Meydan TV-yə məsələni belə şərh etdi:
“İkinci Qarabağ savaşından sonra bölgədəki reallıqlara əsasən çox sahələrdə yeni mərhələnin başlanmasına ehtiyac var. O cümlədən, Cənubi Qafqazın ən böyük partiyası olan Yeni Azərbaycan Partiyasının qarşısında yeni hədəflər, yeni prioritetlər müəyyənləşdi. Ötən ilin martın 5-də partiyanın VII qurultayında ölkə prezidenti bu hədəfləri və prioritetləri vəzifə kimi müəyyənləşdirdi. Eyni zamanda, qurultayda yeni nizamnamə qəbul olundu. Artıq partiyada yeni mərhələ başlayıb və islahatlar da aparıldı. Bu baxımdan İdarə Heyətinin qərarıyla üzvlük haqlarının yığılmasında yeni iş qaydası təsdiq olundu. Qaydaya uyğun olaraq dövlət müəssisələrində çalışan hakim partiya üzvləri yanvar ayından əmək haqqının 1 faizinin təşkilata ianə edilməsi barəsində qərar qəbul olundu”.
C.Osmanovun sözlərinə görə, bu günə qədər bir sıra təşkilatlarda bu forma olub:
“Bəzilərində üzvlük haqqı başqa formada yığılırdı. Amma artıq yeni ildən vahid iş qaydası təsdiq olunub. İş qaydasına görə özəl sektorda çalışan sahibkarlar, özünəməşğulluq proqramıyla əhatə olunan üzvlərin də yeni iş qaydasında ödəyəcəklər. Burada minimum əməkhaqqının iki mislinin 1 faizi kimi ödənməsi qəbul olundu. Nəzərə alın ki, partiyanın üzvləri sırasında tələbələr, təqaüdçülər və digər sosial ödənişlər şəxslər də var. Onlardan üzvlük haqqının yığılması könüllü olacaq”.
“Düşünürəm ki, yeni nizam-intizam bu iş qaydasıyla formalaşacaq. Artıq rayon və şəhər təşkilatlarında struktur dəyişiklikləri aparılır, onların da əmək haqlarında çox ciddi artım müşahidə olunur”, – YAP rəsmisi belə deyib.
Cavid Osmanov, Foto: Ona.az
Hüquqşünas Səməd Rəhimli isə bildirib ki, siyasi partiyaların fəaliyyəti “Siyasi partiyalar haqqında” Qanunla tənzimlənir:
“Amma mövcud qanunda üzvlük haqlarının hesablanmasına dair hər hansı məhdudiyyət yoxdur”.
Hüquqşünas: “Partiya üzvləri narazıdırlarsa, ya qurultay çağırmalı, ya da istefa verməlidirlər”
“Bu halda Yeni Azərbaycan Partiyasının üzvlük haqqını təyin etmək hüququ var. Əgər partiya üzvləri üzvlük haqlarının məbləğindən narazıdırlarsa, qurultay çağırıb İdarə Heyətindən məlum bəndin dəyişdirilməsini tələb edə bilərlər. Onun xaricində başqa vasitələrdən biri partiyadan istefa verməkdir. Başqa variant yoxdur, çünki partiya dövlət qurumu deyil, özəl təşkilatdır”, – deyə o bildirib.