Mahir Xəttab ittihamda yazılanları yalan adlandırıb
Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovu şəxsi həyatına aid görüntülərlə hədələyib, pul tələb etməkdə ittiham olunan “azadinfo.az” saytının təsisçisi Mahir Ələkbərovun işi üzrə məhkəmə prosesi yekunlaşıb. Yanvarın 18-də Nəsimi Rayon Məhkəməsində Mahir Xəttab kimi tanınan sayt rəhbərinə hökm oxunub. Hökmə əsasən, o, Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsilə təqsirli bilinərək, 3 il 6 ay azadlıqdan məhrum edilib.
Hökmdə bildirilir ki, Ramiz Göyüşovun şəxsi həyatına aid, intim xarakterli görüntülər “azadinfo.az” və başqa saytlarda yayılandan sonra Mahir Xəttab YAP-ın Binəqədi rayon təşkilatının sədri ilə görüşərək, həmin videonun silinməsi üçün ondan 2000 manat pul alıb.
Lakin Mahir Ələkbərov ittihamı qəbul etmir. O, məhkəmədə ifadə verərkən özünü təqsirli bilməyib və ittihamın əsassız olduğunu deyib.
Yanvarın 18-də hökmdən əvvəl Mahir Xəttab son sözünü deyəndə də bir daha vurğulayıb ki, Ramiz Göyüşovu şantaj etməsi, onu hədələyib pul alması haqda cinayət işində yazılanlar yalandır.
Onun vəkili də çıxışında müvəkkili haqqında bəraət hökmü çıxarılmasını istəyib.
Lakin hakim Azər Tağıyev təqsirləndirilən şəxsin dediklərini özünümüdafiə cəhdi kimi qiymətləndirib.
2021-ci ilin sentyabrında – Ramiz Göyüşovun şəxsi həyatına aid görüntülər yayılandan bir neçə gün sonra o, YAP sıralarından xaric olunub.