Aydın Mirzəzadə: “Qanun hamıya eynidir”
Yerli mətbuatda Ağstafa Rayonunun İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin və onun birinci müavini Ramiz Tatarovun həbs edilmələri barədə xəbərlər yayılıb. Bir sıra media orqanları istinad göstərməsələr də, adıçəkilən şəxslərin Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanıldıqlarını və evlərində axtarış aparılmasını yazıblar.
Ramiz Tatarov həmçinin YAP Ağstafa rayon təşkilatının sədridir.
YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə “
Modern.az
” saytına xəbəri təsdiqləyib və deyib ki, sözügedən həbs partiyanın imicinə heç bir xələl gətirmir:
“Hər iki şəxsin həbsi göstərir ki, qanun hamıya eynidir. Qanunu pozan hər kəs öz cəzasını alacaq. Hansı postu tutmasından, hansı vəzifədə olmasından asılı olmayaraq”.
Nizaməddin Quliyev 1954-cü ildə anadan olub. O, 2009-2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı olub. Azərbaycan Prezidentinin sərəncamı ilə 2019-cu il aprelin 5-də Ağstafa Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. Nizaməddin Quliyev 2014-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.