Deputat: “35 cinayətin dekriminallaşdırılması nəzərdə tutulur”
“Prezident İlham Əliyev tərəfindən cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması ilə bağlı Milli Məclisə təqdim edilən yeni layihədə 200-ə yaxın dəyişiklik təklif olunur. 35 cinayətin dekriminallaşdırılması nəzərdə tutulur, 10 cinayət əməli Cinayət Məcəlləsindən çıxarılır, 25 cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılır”.
Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Report” saytına deyib.
K.Cəfərovun sözlərinə görə, 3 cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunur:
“30 cinayətə görə sanksiyalara azadlıqdan məhrum etməyə alternativ cəzalar (cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması) daxil edilir. 60 cinayətə görə cərimə və ya azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi nəzərdə tutulur”.
Komitə üzvü dəyişikliklərlə məhkumluğun götürülməsi ilə bağlı mövcud hüquqi boşluğun aradan qaldırıldıldığnı deyir:
“Bu dəyişikliyə qədər, məhkəmə şəxsin məhkumluğunun götürülməsi barədə qərar qəbul edirdi. Lakin həmin şəxsin əlavə cəzası bəzi hallarda üzərində qalırdı. Yeni dəyişiklik imkan verir ki, məhkəmə şərti məhkumetməni ləğv edən zaman məhkumu tamamilə və ya qismən əlavə cəzadan azad etsin”.
Vəkil Yalçın İmanov təəssüflənib ki, Milli Məclisdən mediaya təqdim olunan məlumatda konkret hansı maddələrin olduğu göstərilmədiyindən fikir bildirmək çətindir.
Yalçın İmanov güman edir ki, bu dəyişikiklər dövlət başçısının 2019-cu ilin 3 aprel tarixində Məhkəmə-Hüquq sistemində islahatların aparılması ilə bağlı fərmanından irəli gəlir. Fərmanda Ədliyyə Nazirliyinə tövsiyə olunmuşdu ki, 3 ay ərzində cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması ilə bağlı layihəni ölkə başçısına təqdim etsin:
“Bütün hallarda cəza siyasətinin humanistləşdirilməsini təqdir edirəm. Amma konkret hansı maddələrlə bağlıdır, təklif olunan cərimə məbləği nədən ibarətdir, cəzaların məhdudlaşdırılması hansı müddəti əhatə edir sualları açıq qalır. Bir məqamı xatırladım ki, 2017-ci ilin sonunda Cinayət Məcəlləsinə 200-dən artıq dəyişiklik olunmuşdu. Bu mənada qanunvericiliyin bu qədər sürətlə dəyişdirilməsi hansı zərurətdən yaranır sualına cavab olmaması problem doğuran məsələdir. Ona görə də bu haqda düşünsələr yaxşıdır. Hər gün qanunvericiliyi dəyişmək və əlavə etmək hansısa problemin olduğunu ortaya qoyur”.