Yağmurdan sonrakı nəm torpaq qoxusu

İştirak elədiyim ilk mitinqdən təəssüratlar

Source:

Dövlət himnimizi axırıncı dəfə nə vaxt oxuduğum yadıma gəlmir. Deyəsən… Yox, xatırlaya bilmədim. Nə isə. Xatırlamadığım qədər uzun zamandan sonra ilk dəfə himnimizi oxudum. Oktyabrın 5-də. Prezidentliyə namizəd Cəmil Həsənlinin “Oğrunu yox, doğrunu seç!” şüarlı mitinqində. Əvvəlcə alçaq səslə. Heç özüm də eşitmirdim səsimi. Sonra tədricən səsimin yüksəldiyini hiss elədim. Himnin sonlarına doğru mən də, səsim də o nizamlı izdihamın, coşqunun bir parçasıydıq.

Həyatımda ilk dəfə idi ki, mitinqə gedirdim. “Əsgər ölümlərinə son!” aksiyalarını evdə- kompyuterdə izləmişəm, sosial şəbəkədə paylaşımlar eləmişəm, küçədə-bayırda söhbət zamanı barəsində danışmışam, amma evdən çıxıb təkbaşına ora getməyə cəsarətim çatmayıb. Bir tərəfdən ona görə ki, lap uşaqlıqdan döyülməkdən qorxmuşam. Şillə yeməmək üçün heç vaxt “xan-vəzir” oynamırdım. Digər tərəfdən də ünsiyyətdə olduğum, ağıllı bildiyim adamların əksəriyyətinin “mən yaxşı bilirəm, hamısı düşünülmüş oyundu, bizlik bir şey yoxdu” pıçıltıları, “onsuz da heç nə dəyişməyəcək” bəraətli çarəsizlikləri cəsarətimi qırıb.

Bu dəfə rejissor, “Fokus” jurnalının redaktoru, ən əsası isə, Seymur Baycan demiş, həmişə hər addımını ölçüb-biçən Əli İsa Cabbarov zəng eləyib, “iştirak eləmək istəyirsənsə, gəl, bir yerdə gedək” dedi. Ona qoşuldum. (Bir filmdə deyildiyi kimi, qorxduğun şeylərin üstünə getmək lazımdı, ondan başqa yolla qurtulmaq mümkün deyil).

Mitinqin keçirildiyi stadiona çatana yaxın narın yağış başladı. Nəzakətli polis xanımların yoxlamasından keçib içəri girəndə ilk duyduğum nəm torpaq ətri oldu.

Sonra işıqlı, gülümsər tanış çöhrələr gördüm.

Sonra geniş açılıb məni bağrına basan, güvən duyğusu, güc verən qollar. (Nə demiş şair: “sarılmak deyə bir şey var, sevişməkdən daha ötə”).

Sonra çəliyinə söykənib dayanmış, saat yarım ərzində yerindən qımıldamayan, ümid dolu gözlərini tribunaya zilləmiş yaşlı kişi.

Sonra mənim kimi arxada dayanıb səsini çıxartmağa çəkinən insanların arasında ora-bura qaçan, “Nə olar, susmayın!” deyən 18-20 yaşlı NİDA-çılar.

Sonra ön sıralarda fikirləşdiklərini ucadan danışa bilən kişilər, qadınlar.

Sonra stadion ətrafındakı binalardan birinin pəncərəsindən qorxa-qorxa boylanan üçrəngli bayraq.

Sonra yenə meydanda izdiham böyüdükcə artan nəm torpaq qoxusu..

Və olan oldu. İçi mən qarışıq arxa sıradakıların da himn oxuyan səsləri yüksəlməyə başladı. O 18 yaşlı gəncin gözlərindəki həyat eşqinin, çəliyinə söykənmiş qocanın hərəkətsizliyindəki sarsılmaz inamın doğrulması ümidilə.

O möhtəşəm vəhdətin bir hüceyrəsi olmağın verdiyi güclə.

O həyat eşqini, o inamı tək qoymaq olmazdı, axı.

Ana səhifəMənim FikrimcəYağmurdan sonrakı nəm torpaq qoxusu