XİN sözçüsü: “AŞPA prezidenti Rusopulos Azərbaycana soxularsa, rədd ediləcəkdir”

AŞPA prezidenti Teodoros Rusopulos müsahibələrindən birində İlham Əliyevi diktator və yalançı adlandırıb

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulosun Azərbaycan prezidenti ilə bağlı “qəbuledilməz fikirlərini” şərh edib.

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulosun “Alpha News” qəzetinə müsahibəsi zamanı Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edir və pisləyirik”, – Ayxan Hacızadənin Xarici İşlər Nazirliyinin saytında dərc olunan şərhində belə deyilir

Bu şəhrə səbəb Rusopulosun “Alpha News” agentliyinə verdiyi müsahibəsində səsləndirdiyi fikirlər olub.

“Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Şurası ilə bağlı bəyanatları Azərbaycan nümayəndə heyətinin Assambleyadakı səlahiyyətlərindən məhrum edilməsinin ədalətli olduğunu təsdiqləyir”, – Teodor Rusopulos aprelin 11-də brifinqdə “Alpha News”un sualını cavablandırarkən belə deyib.

“İki gün əvvəl Əliyev mükəmməl ingilis dilində açıqlama verdi. Qeyd edim ki, bunun yerli auditoriyaya ünvanlandığını eşitdim. Bilmirəm, ingilis dili Azərbaycanda rəsmi dildirmi, bunun belə olduğuna inanmıram. Bu, çıxış yerli auditoriyadan daha çox Avropa Şurası üçün idi. O, ən sinik şəkildə dedi ki, Avropa Şurası vecinə deyil, hesab edir ki, o, bizə daha çox lazımdır, nəinki biz ona, dünya dəyişib. O, həm də saxta xəbərlər yayaraq bildirir ki, Avropa Şurası Dağlıq Qarabağa və ölkəsinin qazandığı müharibəyə görə Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini mübahisələndirmək qərarına gəlib”.

Burada söhbət İlham Əliyevin aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda çıxışından gedir.

AŞPA özünün ərazi bütövlüyünü bərpa etdiyinə görə Azərbaycanı cəzalandırmaq qərarına gəldi. 2023-cü ilin sentyabrında Qarabağdakı separatçıların kökü kəsildi. Məhz bu səbəbdən onlar 2024-cü ilin yanvarında bizim nümayəndə heyətimizi səsvermə hüququndan məhrum etdilər. Onlar bunu insan hüquqları məsələsi çərçivəsinə daxil etməyə çalışdılar, ancaq bu, qətiyyən belə deyil”, – Əliyev forumda çıxışı zamanı deyib.

AŞPA prezidenti isə Azərbaycan prezidentinin bu sözlərinin tamamilə saxta olduğunu bildirir.

“Biz Azərbaycan hakimiyyətindən ilk növbədə məruzəçilərimizə Laçın dəhlizinə, Dağlıq Qarabağa getməyə icazə verməsini xahiş etmişik. Sonra biz mütəmadi olaraq müşahidəçilərimizin ölkədəki seçkiləri izləməsi üçün icazə istədik. Biz məruzəçilərimizin Əliyevin həbsdə olan siyasi rəqiblərinə baş çəkməsi üçün də icazə istədik”, – Rusopulos müsahibəsində deyir.

“Əliyevin, bildiyiniz kimi, siyasi rəqiblərini həbs etmək vərdişi var. Və onlar heç vaxt zənglərimizə cavab vermədilər, həmişə bizə rədd cavabı veriblər. Beləliklə də, iki il ərzində qanunun aliliyinə, insan hüquqlarına hörmət etməkdən imtina etdikdən sonra (halbuki, bu hal daha uzun müddətdir ki, davam edir), Avropa Şurasının tələblərinə hörmət etməkdən imtina etdikdən sonra, Assambleya haqlı olaraq Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etməmək qərarına gəlib”.

Rusopulos İlham Əliyevin çıxışı zamanı Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını tanımaqdan imtina etməsini də şərh edib.

“Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmədiyindən, biz bu məhkəmənin qərarlarını tanımırıq. Bu, bizim mövqeyimizdir və fürsətdən istifadə edərək bəyan edirəm ki, Avropa Məhkəməsinin heç bir qərarının bizim üçün hüquqi qüvvəsi yoxdur”, – Əliyev çıxışı zamanı deyib.

Bunun cavabında AŞPA prezidenti bildirib ki, “heç kim Avropa Şurasını şantaj edə bilməz, Avropa Şurası belə bəyanatlardan qorxmur, çünki Avropa Şurası öz Assambleyasında qanunun aliliyinə, insan hüquqlarına və demokratik prosedurlara uyğun qərarlar qəbul edib və qəbul etməkdə davam edir”.

“Biz heç nədən qorxmuruq, nə Əliyevdən, nə də özünü diktator kimi aparan başqalarından. Assambleyanın mövqeyi çox aydındır – biz qərara gəldik ki, üzv ölkələrimizdən heç biri deyə bilməz ki, mən qaydalara hörmət etmirəm, mən bu qurumdan, bu institusional qurumdan və ya başqa qurumdan imtina edəcəyəm”, – Rusopulos deyib.

XİN-in mətbuat katibi Ayxan Hacızadə isə iddia edir ki, AŞPA “ikili standartlar əsasında apardığı anti-Azərbaycan siyasəti ilə Azərbaycan xalqının haqlı nifrətini qazanıb”. 

“Ölkəmizin rəhbərini təhqir etmək, “diktator” adlandırmaq isə ümumiyyətlə heç bir çərçivəyə sığmır”, – deyən Hacızadə onu da əlavə edib ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması təşəbbüsünü dəstəkləyən 76 nəfər AŞPA üzvləri kimi, Teodoros Rusopulosun da adı qara siyahıya daxil edilib.

“Rusopulos Azərbaycana soxularsa, rədd ediləcəkdir”, – deyə Hacızadə bildirib.  

Ana səhifəXəbərlərXİN sözçüsü: “AŞPA prezidenti Rusopulos Azərbaycana soxularsa, rədd ediləcəkdir”