“İsrail Dövləti tərəfindən İran İslam Respublikasının ərazisinə həyata keçirilmiş hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq”
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrail-İran qarşıdurması ilə bağlı bəyanat yayıb.
“İsrail Dövləti tərəfindən İran İslam Respublikasının ərazisinə həyata keçirilmiş hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq”.
Azərbaycan Xarici İşlər Nazirliyinin İsrail-İran qarşıdurması ilə bağlı bəyanatında belə deyilir.
“Vəziyyətin gərginləşdirilməsini qəti şəkildə pisləyərək, tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırırıq”.
Daha sonra bəyanatda mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini xüsusi olaraq vurğulanıb. Eyni zamanda Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və müvafiq beynəlxalq mexanizmlər çərçivəsində səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub.
Eyni zamanda, Azərbaycanın Xarici İşlər Nazirliyi İran və İsraildə olan Azərbaycan vətəndaşlarına müraciətlər də edib.
Ayrı- ayrı verilmiş müraciətlərdə İsrail Dövləti və İran İslam Respublikası arasında yaranmış mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə İsrailə və İrana səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.
“Hazırda İsrail Dövlətində olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmaları xahiş olunur”, – XİN-in İsrail ilə bağlı Azərbaycan vətəndaşlarına etdiyi müraciətdə belə yazılıb.
“Hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, hərbi və nüvə obyektlərinə yaxın ərazilərə getməmələri, yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmaları xahiş olunur”– XİN İranla bağlı Azərbaycan vətəndaşlarına etdiyi müraciətdə isə belə yazıb.
Müraciətdə, həmçinin, hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlardan Azərbaycan Respublikasının həmin ölkələrdəki səfirlikləri ilə əlaqə saxlamaları xahiş olunub.
İsrail ordusu iyunun 13-ə keçən gecə İrana zərbələr endirib. Zərbələr nəticəsində İranın Tehran, Təbriz, Natanz və Kirmanşah şəhərlərində partlayışlar müşahidə olunub.
İsrail Baş naziri Benyamin Netanyahu televiziya vasitəsilə etdiyi çıxışda İranın Natanz şəhərindəki nüvə zənginləşdirmə müəssisəsinin hədəfə alındığını deyib.
O bildirib ki, “Oyanan Şir” adlı əməliyyat “neçə gün lazımdırsa, o qədər də” davam edəcək.
Hücum nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Bageri, general Qulam Əli Rəşid və bir neçə nüvə alimlərinin öldürüldüyü bildirilir.
Bəyanatla çıxış edən İran Ali lideri Ayətullah Əli Xamenei İsraili cavab hücumu ilə hədələyib.
İranın İsrailə artıq 100-dən çox dronla hücum etdiyi bildirilir.