ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə dəvət edilib
Oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycanın Vaşınqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açıldığı bildirilir.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında belə deyilir.
Bildirilir ki, baş vermiş hadisə ilə bağlı ABŞ-ın müvafiq qurumlarına məlumat verilib. Eyni zamanda, kamera görüntüləri qarşı tərəfə təqdim edilib.
XİN əlavə edir ki, məsələ ilə əlaqədar ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili oktyabrın 12-də nazirliyə dəvət edilib, ona baş vermiş hadisə barədə məlumat verilib:
“Son zamanlar xarici ölkələrdəki erməni icmalarının radikal üzvləri Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücumlar edir. Daha öncə Vaşinqton, Paris, Beyrut və digər şəhərlərdə Azərbaycan səfirliklərinə hücumlar olub. Bu, ciddi narahatlıq doğurur”.
“Xarici ölkələrdəki diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsi ev sahibi ölkəsinin beynəlxalq konvensiya ilə üzərinə götürdüyü öhdəlikdir. Buna görə baş vermiş hər bir insidentlə bağlı müvafiq araşdırmanın aparılması və səfirliklərin, eləcə də diplomatların təhlükəsizliyinin lazımı səviyyədə təmin edilməsi tələbini bir daha vurğulayırıq”, – deyə nazirlik qeyd edib.
Daha öncə, avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum olmuşdu. O zaman Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, səfirlik bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.
Bildirilirdi ki, həmin qrup səfirliyin binasına daxil olaraq eyvanda dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər: “Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb”.
XİN yaydığı məlumatda ötəndəfəki hücumların istənilən şəkildə araşdırılmadığını da qeyd edib.