Yardım üçün toplanan vəsaitlə bağlı narazılıq var
“Yardıma ehtiyacı olan uşaqlara göndərdiyimiz pullar mənimsənilib. Yaxud çox pul toplanıb, ancaq uşaqların ailəsinə onun bir qismi verilib. Uzun zaman internet üzərindən tanıdığım, xeyriyyə məqsədilə insanlardan pul toplayan bir nəfərin dələduzluq etdiyini öyrəndim. Daha heç bir insan aldanmasın deyə, bunu ictimailəşdirirəm”.
“Ona inandım və Bakıda tanıdığım xeyriyyəçilərlə tanış etdim”
Hazırda Niderlandda yaşayan azərbaycanlı Zərifə Quliyeva Meydan TV-yə belə deyib. Haqqında danışdığı şəxs Güldanə Əhmədlidir (“Facebook”da adı Gulenka Ehmedli kimi gedir).
Zərifə Quliyeva deyir ki, bu xanım uzun müddət öncə ona yanmış uşaqların şəkilləri göndərib, onlara yardım etmək lazım olduğunu deyib. O isə şəkillərə biganə qala bilməyib və kömək etməyə başlayıb:
“Mən də şəkilləri gördüm, ürəyim parçalandı. Başladım bu xanıma yardım edə biləcək adamlar tapmağa. Eyni zamanda, özüm də əlimdən gələni edirdim. Ağlıma belə gəlməzdi ki, bu adam pul yeyər. Ona inandım və Bakıda tanıdığım xeyriyyəçilərlə tanış etdim. Təsadüfdən bir məsələ ilə bağlı bütün işlərin üstü açıldı”.
Zərifə Quliyeva deyir, uzun müddətdir ki, bu xanıma kömək edir, kömək edə biləcək insanlara yönləndirir. Dediyinə görə, bu yaxınlarda onun əslində bildiyi kimi biri olmadığını anlayıb:
“Avqustun 13-də mənə Bakıda təcili pul lazım oldu, bilet almalıydım. Ağlıma bu gəldi. Yazdım ki, mənə 1045 manat pul lazımdır, onu ver, ayın 19-da adam gələcək, ondan göndərəcəyəm. Verdi. Arada yenə yazışır, danışırdıq. Dediyim adam ayın 20-də Bakıya döndü və elə bir adamdır ki, üstündə nağd pul keçirə bilməzdi, sərhəddə yoxlayırlar. Mən də dostumun Gürcüstan bank hesabına aid kartına lazım olan məbləği qoyub, göndərmişdim. Dostuma da balansını yoxlamasını tapşırmışdım. Qıza da dedim ki, öz pulunu çıxar, kartı qaytar. Kart 2 gün qaldı qızda, dostum tez gedib götürə bilmədi. Bu müddət ərzində içindən dalbadal pul çıxırdı. Birinci borcunu çıxdı – 1045 manat. Sonra 1200 də bir çıxıldı. Amma özündən soruşuruq, and-aman edir ki, mən çıxarmamışam”.
Başqasının kartı ilə bazarlıq?
Zərifə Quliyeva deyir ki, növbəti dəfə kartla bazarlıq edilməsi ilə bağlı bildiriş alıblar:
“150 manata yaxın bazarlıq edilmişdi “Bravo” Marketdən. Yazdım ki, yaxşı digər pulları anladım, bu bazarlıq da sənlik deyil? Dedi ki, ola bilsin “Bravo”nun bankomatından çıxarmışam pulu, ona görədir. Dostum gedib bankomatdan çıxarılan bütün pulların qəbzlərini aldı. Eləcə də, həmin “Bravo” Marketdən. Eyni zamanda, kassadan keçib ödəniş etdiyi yerdə görüntüsünü də tapdıq. Bundan sonra səhv etdiyini söylədi. Bir sözlə, 980 avro artıq pul çıxarmışdı”.
Zərifə Quliyeva deyir ki, sonra həmin pulları ondan geri ala biliblər. Sadəcə bundan sonra onda Güldanə Əhmədova barəsində şübhə yaranıb. Onun barəsində Bakıdan tanıdığı xeyriyyəçilərə yazıb, soruşub:
“Dedilər, “bu adam düz 5 ildir uşaqların pulunu yeyib, üstündən də su içir. Heç kim də ona bata bilmir. Hətta mediada haqqında informasiyalar da var, barəsində polisə şikayət edilib, ancaq baxılmayıb”. Məlum oldu ki, sən demə, hamıya eyni şəkilləri göndərib, yardım istəyirmiş”.
“Polisə şikayət etdim, araşdırmadı”
Adının açıqlanmasını istəməyən QHT rəhbərlərindən biri də Güldanə Əhmədovanın etdiklərindən şübhələndiyini deyir:
“Bir neçə adam var, onlara yardım edib, indi şikayət olan kimi onları qabağa verir. Həmin adamlar da çıxıb Güldanənin yardımsevər olduğunu söyləyirlər. Ancaq araşdıranda məlum olur ki, etdiyi yardımlar yığdığı miqdarın yarısı deyil”.
11 yaşlı Nəriman Qarayevin anası Sevinc Qarayeva da Güldanə Əhmədova tərəfindən aldadıldığını söyləyir. Deyir, bu qadın onun oğluna çatmalı olan 10 min manatın 5 minini verməyib:
“Məni “Respublika Bank”a çağırdı. 5 min manatı çantasından çıxarıb mənim hesabıma qoydu, çıxardım. Sonra əlimdən alıb, eyni pulu bir də hesabıma qoydu və onu da çıxardım. Ad olsun ki, mənə 10 min verib. Görünür 10 min toplayıb, amma mənə bu qədər verməklə başından etməyə çalışıb. Ağlına da gəlməzdi ki, etdiyinin üstü açılacaq. Dedim, polisə şikayət edəcəyəm. Yalvardı, and-aman etdi ki, eləmə, bu yaxınlarda məndən şikayət olunub, vəziyyətim yaxşı deyil”.
Sevinc Qarayeva deyir ki, Güldanə Əhmədova sonra ondan xahiş edib ki, səsini çıxarmasın. Qalan 5 mini də gətirəcək. Amma sonra gətirməyib:
“Bir sözlə, 10 minə qol çəkdirib, 5 min verdi. Amma bankda hər şey var, kamera görüntüləri və s. İstəsələr axtararlar, taparlar, ancaq etmirlər. 11 yaşlı oğlum Witkop sindromundan (diş və dırnaq sindromu olaraq bilinən xəstəlik) əziyyət çəkir. Hazırda da vəziyyəti ağırdır və Türkiyəyə aparmalıyam, gedə bilmirik”.
Sevinc Qarayeva iddia edir ki, o, Güldanə Əhmədova barədində polisə də şikayət edib, ancaq iş araşdırılmayıb.
“İnsanların yaxşı niyyətindən sui-istifadə edir”
Almaniyada yaşayan Təranə Səfərova da Güldanə Əhmədovaya ehtiyacı olan uşaqların müalicəsi üçün pul göndərənlərdəndir. Deyir, həmin pulların əksəriyyətini Almaniyada yaşayan xeyirxah insanlardan toplayıb:
“Problem onun həmin ailələrə kömək etməməsində deyil. Problem hər uşağın adına dəfələrlə pul toplayıb, onun bir qismini ailəyə çatdırmasıdır. Kömək edən insanların bir-birindən xəbəri olmadığı üçün nə istəyir edir. Ümid edirəm bu xanımla bağlı ədalət yerini tapar”.
Təranə Səfərova deyir ki, Güldanə Əhmədovanın şəxsiyyət vəsiqəsinin surətinə qədər onda var. Əgər ona pul göndərilmirdisə, vəsiqəsinin kopyasını niyə göndərirdi:
“Bundan əlavə, məndə yığılan yardımların siyahısı və sübut üçün bir sıra sənədlər də var. Eyni zamanda işin üstü açılandan sonra Güldanənin mənə “xahiş edirəm, uşaqlarıma yazığın gəlsin, səhvdir etmişəm”, – yazdığı mesajları da. Bunları danışmaqda məqsədim odur ki, gələcəkdə də insanlar bu xanıma inanıb, ona pul verməsinlər. Çünki insanların yaxşı niyyətindən sui-istifadə edir”.
Zərifə Quliyeva isə əlavə edir ki, Güldanə Əhmədova indi də əsgərlər üçün yardım aksiyasına başlayıb. Bu dəfə də əsgərlərin adından istifadə edərək insanlardan pul toplayır: “Bu qadına dur demək lazımdır. Əks halda, hələ çox belə işlər görəcək”.
“İş uzansa, məhkəməyə verəcəm”
Güldanə Əhmədova Meydan TV-yə barəsində deyilənlərin əsası olmadığını deyib. Bildirib ki, bir müddət öncə də barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edilib. Məsələ araşdırılıb və əsassız hesab edilib:
“Zərifə xanımda konkret hansı uşaqla bağlı toplanan yardımın valideynə çatmaması barəsində məlumat varmı? Kimsə belə bir şey yazırsa, aydınlaşdırmalıdır ki, pul hansı ailəyə, hansı uşağa çatmayıb. Mən könüllüyəm, təşkilatım yoxdur. Tez-tez ehtiyacı olan uşaqlara kömək edirəm”.
Güldanə Əhmədova deyib ki, bir dəfə Anjela adlı uşağa edilən yardımla bağlı barəsində şikayət olmuşdu. Ancaq sonradan həmin uşaqla olan problem də həll edilib:
“Bəli, Zərifə xanım mənə uşaqlara yardım etmək üçün vəsait göndərib. Ancaq deyə bilərmi ki, konkret hansı uşağa çatdırmamışam pulu? Məsələn, əvvəl şikayət edən xanımlar Anjelaya kömək etmişdilər. Anjelaya köməyi başqa bir xeyriyyəçi üzərinə götürdüyünə görə biz həmin vəsaiti başqa bir uşağa yönləndirdik. Burada da ortada mənimsəmə yox idi. Bunu da polis araşdırdı. Valideyn də çağırıldı, bank hesabları açıldı. Məlum oldu ki, bəli, mən heç bir mənimsəməyə yol verməmişəm. Zərifə xanım hansı uşağa yardımın çatmadığını qeyd etmir. Düzdür, kömək edib. Ancaq bunu cibindən etməyib. Bakıda insanlar həmin uşaqların ailələri ilə görüşüb, nə veriblərsə, onlara veriblər”.
Zərifə Quliyeva isə deyir ki, transfarmatorda yanan Zəhra adlı uşaqla bağlı o da pul verib. Deyir, Güldanə Əhmədova bir uşağa görə bir neçə nəfərdən pul toplayıb, onun bir qismini ailəyə verir. Ad da odur ki, yardım edir.
Meydan TV transfarmatorda yanan Zəhra Əliyevanın xalası ilə əlaqə saxlayıb. Qadın bildirib ki, Güldanə Əhmədova bacısı qızının adına vəsait toplayıb və onlara verib:
“Həm “Azərişıq” kömək etdi, həm də o xanım. Yəni bizə yardım edib”.
Sevinc Qarayevanın şikayətinə gəlincə, Güldanə Əhmədova onu da əsassız sayır:
“Sevinc xanımın şikayəti Nəsimi Rayon Polis İdarəsində araşdırıldı və günahsız olduğum sübut olundu. Hətta onun digər xeyriyyəçiləri aldadıb pul aldığı üzə çıxdı. Sevinc Qarayevanın imkanı çox yaxşıdır, onun heç yardıma ehtiyacı yoxdur. Maşını, evi var, həyat yoldaşı AZAL-da işləyir. Xeyriyyə cəmiyyəti yaradıb. Bu, necə xeyriyyəçidir ki, özü başqalarından yardım alır? O, məni aldadaraq o pulları alıb. Mən hələ bildiklərimin hamısını demirəm. Lazım olsa aldatdığı digər xeyriyyəçilərin də adlarını çəkəcəm”.
“İş uzansa, mən məhkəməyə müraciət edəcəyəm, çünki bu söz-söhbətlərdən bezmişəm”, – deyə Güldanə Əhmədova vurğulayıb.