Bir neçə gün əvvəl, daha doğrusu, hələ yeni hökumətin təsdiqindən öncə bir taksi sürücüsü ilə maraqlı söhbətimiz olmuşdu. Açığı sadə peşə sahibləri ilə söhbət xoşuma gəlir. Gün ərzində müxtəlif xasiyyətli onlarla insanla rastlaşan bu adamların verdiyi məlumatlarda həqiqət yükü İlham Əliyevin topladığı həqiqi səsin faizinə bənzəsə də, yenə maraqlı görünür.
Bu dəfə həmsöhbətim Robert Əyyubovdan, yəni Bəylər Əyyubovun qardaşı oğlundan danışırdı. Dili ağzına sığmırdı, deyirdi ki, əvvəllər gecə klublarından birində işləyib və Roberti yaxından tanımaq imkanı qazanıb: “Kasıbların dostu, varlı balalarının qənimidir”. Bir sözlə, müasir Koroğlu.
Dediklərinə tam inanmağım üçün hətta bir təsirli hekayə də uydurdu: “Yadınızda olar, inişil qış çox sərt keçdi. Həmin vaxt Robert bulvarda gəzəndə gördü ki, bir qadın uşağını basıb bağrına, oturub skamyada. Nəfəsi ilə uşağının əllərini qızdırır. Robert qadından niyə burada oturduğunu soruşdu. Qadın da dedi ki, qaynanası evdən qovub, yaşamağa yeri yoxdu. Robert necə təsirləndisə, çıxarıb evinin açarını bağışladı ona”. Sürücü təsirləndiyimi görüb daha da ürəkdən danışmağa başladı. Doğrudan da, təsirlənmişdim, amma insanların təxəyyülündən.
Sonra keçdik siyasətə. Adam dedi ki, əgər İlham Əliyev Ziya Məmmədovu işdən çıxarsa, ölənə qədər onu dəstəkləyəcək. Mövzunu yenə gətirib bağladı Robertin ayağına: “Ziya Məmmədovdan olsa, çoxdan biz taksi sürməkdən məhrum olmuşduq. Robert gedib onun oğlu Anara dedi ki, atana söylə, özünü yığışdırsın, bu camaatı incidib prezidentə qarşı qaldırmasın. Ondan sonra bizdən əl çəkdilər, yoxsa deyirdilər ki, öz maşınınızla sərnişin daşımayın. Robert olmasa Ziyayla oğlu bu camaata qan uddurar”.
İlham Əliyev yeni hökuməti formalaşdıranda nədənsə sürücü ilə olan söhbətimizi xatırladım. Düşündüm ki, prezident qərar verəndə məhz seçkiöncəsi prosesləri nəzərə alıb. Əgər İsmayıllı hadisəsi və əsgər ölümləri olmasaydı, seçkidə İlham Əliyevə çox rahat şəkildə 100 faiz səs yaza bilərdilər. Məhz o hadisələri nəzərə alıb “ağını” çıxarmaq istəmədilər. Ona görə də İlham Əliyev bunun heyfini hər iki nazirdən aldı.
Məsələyə bu konteksdən yanaşsaq, onda gərək Robertə də vəzifə verilsin. Çünki nəqliyyat sisteminin bərbadlığından, Məmmədovların “reket”lərinin əlindən əziyyət çəkən narazılar ordusu var. Və onların içərisində üstünlüyü sürücülər təşkil edir. Əgər onlar da etirazlarını açıq formada etsəydilər, onda belə çıxır ki, 85 faiz də röya olacaqdı. Deməli, İlham Əliyev hakimiyyətini saxlayan qüvvələrdən biri də xeyirxah Robertdi və o, mütləq vəzifəyə gəlməlidir. Əks halda üzümüzə gələn 5 illikdə 85 faizin köpüyü partlaya bilər.
Bir də Robertin Əli Əhmədovdan nəyi əskikdi axı? Savadı? Guya nazirlərin hansının savadı aşıb-daşır? Ümumiyyətlə, bu ölkəni idarə etmək üçün savada gərək varmı?
Kim deyir ki, Robert mütləq nazir və ya nazir müavini olsun? Ən azı deputat mandatı ala bilər. Necə ki, ötən beşillikdə Qənirə Paşayeva bu cür xeyirxahlığı ilə xalqın gözünə girə bildi. Tarixdəki bütün qəhrəman qadınların adını onun adına calaq etdik. Bəlkə elə bilirsiz o həqiqi xeyirxahdı? Yox, ondan mərhəmət mələyini bu hakimiyyət düzəltmişdi. Özünün ömrünü bir az da uzatmaq üçün bu yolla bonus qazanırdı. Və eyni zamanda onların əli ilə ara-sıra müxtəlif nazirlikləri danladırdı, sanki bununla “biz də bilirik filan nazir əslində nə edir” mesajı verirdi.
Yoxsa elə bilirsiz Kəmaləddin Heydərov, doğrudan da, hər bağ evinə gedəndə yolda gördüyü adamlara pul paylayır? Bunlar qəsdən uydurulmuş və hakimiyyətin xeyrinə işləyən nağıllardır.
Budur, belə qəhrəmanlardan biri də Robertdir. O kəs ki, 2005-2006-cı illərdə biz onun ancaq atışma səhnələrindən, xuliqanlıq əməllərindən yazardıq. Sən demə, yaxşı tanımamışıq.
Biz nağılsevən xalqıq. Ona görə də tez-tez “qəhrəman”larımızın sayı artır. Onlar çoxaldıqca, hakimiyyətin ömrü də uzanır. Amma folklorumuzda yeddibaşlı əjdahaların, bu günümüzdə Hüseyn Abdullayev, Rza İbadov kimi “qəhrəmanların” da məhvinə dair nümunələrimiz var…