Xeyir və şər

Mənəviyyat cəngavərləri də çox vaxt bu missiyanı yerinə yetirirlər…

Source:

Əsrlərdir xeyir və şər arasında dava gedir. İnsanın təfəkkürü inkişaf etdikcə bu davaya yeni intellektual rənglər əlavə olunub. Düzdür, bəzən hətta oxumuş insanlar belə şərin səngərində özlərinə mövqe tuturlar. Yəni Əli bəy və Heydər bəy də Şeyx Nəsrullahın ölü dirildə biləcəyinə inanmırdılar. Onlar sadəcə mövcud gücə baş əyərək öz mənfəətlərini düşünürdülər. Conatan Svift deyirdi ki, pozulmuş şüur yırtıcı heyvan kütlüyündən daha pisdir. Bilməyən insana haradasa haqq qazandırmaq olar. Amma bilərək edənlərə heç cür haqq qazandırmaq mümkün deyil. Onlar ev, təqaüd, dəniz kənarında torpaq sahəsi, deputat mandatı almaq, oğlanlarını səfir göndərmək üçün öz savadlarından da istifadə edirlər. Hətta bəzən bizim həssas yerlərimizə toxunaraq Üzeyir bəydən, Sabirdən, Mirzə Cəlildən danışırlar. Bu, bağışlanılmaz cinayətdir. Eynşteynin təbirincə desəm, güc əxlaqı aşağı olan adamları cəzb edir. Bəzi insanlar öz dövrünün məsuliyyətindən yaxa qurtarmaq üçün xeyir və şər arasındakı davanı nisbi dava adlandıraraq həm özlərinə haqq qazandırmaq, həm də insan həyatının mənası olan davanı qiymətdən salmaq istəyirlər. Stendal deyirdi ki, bizim həyatımızın mənası bizim davamızdır və bizim ehtiraslarımız bizim sərvətimizdir. Belə adamlar haqqında iki-üç kəlməlik nekroloq yazmaq olar: 50-60 il yatdı, durdu, yedi, içdi və öldü.

Əsrlərdir davam edən bu davada çox vaxt xeyir şərə məğlub olur. Çünki şər artistlik etməyi bacarır, yalan danışır, yaltaqlıq, xəyanət, satqınlıq edir. Şərin qırmızı xətti yoxdur. O, həyasızdır. Özü kimilərini asanlıqla ətrafına yığır. O, əxlaqsız adamlardan daima istifadə edir. Şər bilir ki, hakimiyyətə gəldiyi zaman onun keçmişini yada salan adamlar az olacaq. Nədən ki, insanlar çox vaxt ürəkdəkinə deyil, əllə tutulana və gözlə görünənə qiymət verirlər. Onlar əbədi cəhalətə məhkum olunublar. Hər dövrün öz cəhaləti var. Xeyir isə hamıya eyni gözlə baxmağa çalışır. O, həyalıdır. Mərddir. Sözünə bütövdür. Xeyrin dəyərləri var. Beləliklə, xeyir şər qarşısında çox vaxt məğlub olur. Amma bu şərəfli məğlubiyyətdir. Əsrlərdir xeyir və şər arasında dava gedir. Dostoyevskinin təbirincə desəm, döyüş meydanı insan ürəyidir. Bu mənada, insanın ürəyi tanrının evidir. Onu murdarlamaq olmaz. Xeyir nə qədər məğlubiyyətə uğrasa da, zaman hər bir şəraitdə xeyir cəbhəsini yenidən canlandıran mənəviyyat cəngavərləri yetişdirir. Xeyrin örnəkləri çoxdur. Bu örnəklərə bizim zəmanəmizdə hansı xalqa mənsub olmasından asılı olmayaraq hər bir sivil insan ehtiram göstərməkdədir. Onların yazdıqları əsərlər, fikirləri mənəviyyat cəngavərlərinin torpağın dərinliklərindən cücərməsinə şərait yaradır. Qərinələri, əsrləri keçib gələn nur hamıdan əvvəl bu nura layiq olan qəlblərə düşür. Düzdür, onlar çox əzab, iztirab çəkəcəklər. Amma nə etməli, insan deyilən varlığın əgər özünə hörməti varsa, bu fani həyatda bir tikə çörəyi zəhmət çəkərək qazanmalı, yalan danışmamalı, başqasının haqqını tapdalamamalı, yaltaqlanmamalı, başqasının balalarını parçalayıb öz balalarına yedizdirməməlidir. Bəzən bu nura layiq olmayanlar da bu nurdan öz paylarını qoparmaq istəyirlər. Əbəs yerə. “Səfillər” əsərini oxuyub öz əclaflıqlarına davam edənlər insan adına layiq deyillər. Onlar Pazolininin “Sodomun 120 günü” filmində olduğu kimi, adamlara işgəncə verib, sonra da masa arxasında oturub bəşəri dəyərlərdən, fəlsəfədən, ədəbiyyatda danışırlar. Onlar şərə xidmət edib, həm də xeyrin meyvələrindən dadmaq istəyirlər. Onlar özlərini yormasınlar. İnsanın bütün günahları bağışlanıla bilər. Amma insanın öz ruhuna qarşı etdiyi xəyanət bağışlanılmazdır.

Yadıma gürcü yazıçısı Qoderzi Çoxelinin “Küknarlara məktub” hekayəsi düşdü. Bir kişi müharibədə yaralanır. Çiynindəki yaraya təsadüfən küknar tozu tökülür. Və nəticədə çiynində küknar ağacı bitir. Evdə arvadı, bayırda tanışlar, həkim – hər kəs onu dilə tutur, iynə vuraraq ağacı qurutmaq istəyirlər. Ağacın getdikcə böyüməsi kişinin səhhəti üçün təhlükə olmağa başlayır. Kişi isə, əksinə, ayaqlarını suya qoyur, gedib meşəlikdə, ağacların arasında gəzir ki, küknar qurumasın. İnsanlara yanında siqaret çəkməyə imkan vermir ki, küknarı soldura bilər. O, çiynindəki küknardan qürur duyur, onun budaqları ona dəydikcə məsud olur. Hər kəsdən bezəndə çıxıb oturur bir təpədə, çiynində bitən ağaca fərəhlə baxır. Hətta bu ağacın üstünə quş qonanda sevinir. Amma getdikcə ağacın qidalanması problemə çevrilir. Bir yandan da, ağac böyüdükcə kişi zəifləyir, ürəyi gücdən düşür. Amma kişi arvadının ah-vaylarına, həkimin təkidlərinə baxmır. Küknarı bəsləməyə davam edir. Axırda, küknarın yaşaması üçün torpaqda çala qazıb özünü basdırır.

Mənəviyyat cəngavərləri də çox vaxt bu missiyanı yerinə yetirirlər. Onlar çiyinlərində bitən ağacların yaşaması üçün çala qazıb özlərini torpağa basdırmağa məcbur olurlar. Gözəl örnəklərin sayəsində xeyrin cəbhəsində hər zaman mənəviyyat cəngavərləri peyda olur.

Hətta mədəni və sivil, inkişaf etmiş xalqlar belə tarix qarşısında imtahan verməli olurlar. Hər bir xalqın öz səviyyəsinə uyğun imtahanı var. Bəzən hətta bir nəfərin belə “olmaz” deyə bilməsi sonralar bütöv bir xalqı məhv olmaqdan xilas edir. Əgər faşizmə yox deyə bilən ziyalılar olmasaydı, alman xalqını bağışlamaq daha çətin olardı. Ruslar polyaklara divan tutanda, az qala, bütün rus ziyalıları susmuşdular. Hətta bir çoxları buna sevinirdilər. Yalnız Gertsen haray qaldırdı. Sonralar Lenin Gertsen haqqında yazırdı: Gertsen rus demokratiyasının şərəfini xilas etdi.

Xeyrin davamlı məğlubiyyəti, vəziyyətin ağırlığı, yolun gətirdiyi iztirab mənəviyyat cəngavərlərini yormur. Qorxutmur. Onlar bu məğlubiyyətin şərəfli bir məğlubiyyət olduğunu anlayırlar. Don Kixot sinəsinə nizə dirəndikdə belə deyirdi: Mənim məğlubiyyətim mənim həqiqətimi əsla sarsıda bilməz.

Ana səhifəMənim FikrimcəXeyir və şər