Xədicə İsmayıl: Prezident cəhd etməlidir ki, daxili siyasətdə də haqlı tərəfin yanında olsun

“Məsələnin tarixi aspektinin, kimlərinsə bu regionda yaşayıb-yaşamamasının, yaxud BMT Təhlükəsizlik Şurasının qətnamələrinin hazırda münaqişənin həllinə ciddi təsiri yoxdur”.

Source: Specify Source


Rauf Mirqədirov: “15 fevral debatı dialoq və fikir mübadiləsi deyildi”

Münhen təhlükəsizlik konfransında fevralın 15-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə keçirilən debat hər iki ölkədə maraqla qarşılanıb.

Münaqişə başlanan dövrdən bu, hər iki dövlət başçısının ictimaiyyətə açıq ilk debatı idi. 45 dəqiqəlik diskussiya zamanı ilk söz İlham Əliyevə verilib.

“Turan” İnformasiya Agentliyinin məlumatına görə, o, bölgənin tarixinə toxunaraq deyib ki, Qarabağ Azərbaycanın tarixi bölgəsidir. Münaqişəyə gəlincə, bu, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər.

Paşinyan cavab verib ki, Qarabağın Azərbaycanın ərazi bütövlüyünə aidiyyatı yoxdur.

Moderator gərginliyi yatırmağa çalışıb və hər iki tərəfə sual verib: Onlar münaqişənin sülh yolu ilə həlli üçün beynəlxalq birlikdən nə gözləyirlər?

Paşinyan münaqişənin hərbi yolla həllini istisna edən səylərə ümid etdiyini bildirib. O həmçinin ermənilərin Xocalıda soyqırım törətməsi, 600-dən çox dinc azərbaycanlını qətlə yetirməsi barədə Əliyevin replikasına cavab verib.

Paşinyan bunun guya azərbaycanlıların özlərinin işi olduğunu söyləmiş Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun müsahibəsinə istinad edib.

Əliyev bu fikri qəti şəkildə rədd edib, çoxsaylı sənədlərə, o cümlədən bu cinayətə görə erməni tərəfini qınayan beynəlxalq təşkilatların sənədlərinə istinad edib. Mütəllibova gəlincə, o, öz adına deyilən bu sözləri dəfələrlə təkzib edib.

O, beynəlxalq birliyi Ermənistanın Azərbaycan ərazilərinin işğalından imtina etməsi və konstruktiv mövqe tutması üçün ona təzyiq göstərməyə çağırıb.

Zaldan verilən sualı cavablandıran Əliyev işarə edib ki, sülh yolu ilə razılaşmaq mümkün olmasa Azərbaycan işğal olunmuş torpaqları azad etmək hüququndan istifadə edəcək.

Paşinyan həll yolunun üç tərəfi – Ermənistan, Qarabağ və Azərbaycanı qane etməsi və hərbi həllin mümkün olmaması barədə öz tezisini təkrarlayıb.

Sonra o, Azərbaycanı bir-birini ittiham etməməyə, inamı bərpa etmək və irəliləmək üçün bir-birinə güzəştə getməyə çağırıb.

O, Əliyevi birbaşa “qarabağlılar” ilə danışmağa çağırıb.

Əliyev buna cavab verib ki, Ermənistan öz qoşunlarını çıxarıb işğal etdiyi torpaqları azad edən kimi Azərbaycan “qarabağlılar” ilə danışacaq.

15818007663048816691_1000x669.jpg
Münhen konfransı

O, Qarabağın münaqişə tərəfi olması barədə Ermənistanın iddialarını rədd edib. Münaqişə tərəfləri Azərbaycan və Ermənistandır, erməni və azərbaycanlı icmaları isə maraqlı tərəflərdir. Bu barədə ATƏT-in Minsk Qrupunun sənədlərində də deyilir.

“Sülh yolu ilə nizamlanma necə görünür?” Zaldan verilən bu sualın cavabında Əliyev mərhələli variantı qeyd edib. İşğal olunmuş ərazilər azad edilir, erməni qoşunlar çıxarılır, münasibətlər normallaşır və Qarabağın statusu bundan sonra həll olunur.

Paşinyan buna cavab olaraq deyib ki, Qarabağ ətrafındakı ərazilər “təhlükəsizlik zonasıdır” və erməni tərəfi bunu “asanlıqla verə bilməz”.

Moderator tərəflərə son sözü verəndə Əliyev Paşinyana müraciət edərək deyib: “Siz deyəndə ki, Qarabağdakı ermənilər öz müstəqil dövlətlərini elan ediblər, yadınıza salmaq istəyirəm ki, ermənilər artıq öz dövlətlərini Ermənistanda elan ediblər. Əgər ermənilər daha bir dövlətə sahib olmaq istəyirlərsə, harada istəyirsiniz orada elan edin, ancaq Azərbaycanın ərazisində yox”.

Paşinyan cavab verib ki, hələ eramızdan 400 il əvvəl bu bölgədə yalnız iki millət olub – ermənilər və gürcülər, azərbaycanlılar olmayıb.

Əliyev Paşinyanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif etdiyini də deyib.

“Ermənistanın Baş naziri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsl mənasını uğursuz olaraq şərh edir. BMT TŞ qətnamələrinin erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini unudur”, – deyə Azərbaycan prezidenti deyib.

Araşdırmaçı jurnalist Xədicə İsmayıl hesab edir ki, konfrans tərəflərin münaqişənin həllində yeni planının olmadığını göstərdi. Ermənistanın Baş naziri Nikol Paşinyanın mini inqilab adlandırdığı isə mini inqilab deyil. Onun sözlərinə görə, indiyə qədər format barədə müzakirələr bir neçə dövrdə keçirilib.

Jurnalist bildirib ki, yaxşı olardı ictimaiyyətin gözü önündə proses şəffaf keçirilərdi. Xədicə İsmayıl hesab edir ki, ictimaiyyətin qarşısında olan belə formatlar yeni ideyaları ortaya çıxara bilər, çünki ictimaiyyət qarşısında təkrar-təkrar eyni şeyləri səsləndirmək asan deyil.

48418144_10210574277471717_4944230582944006144_n.jpg
Xədicə İsmayıl

“Digər tərəfdən, konfransda Prezident Əliyevin fərqli davranışı vardı. Özünü çox arxayın hiss edirdi. Görürən odur ki, haqlı tərəfi təmsil etmək dövlət başçısı Əliyevin çox rahat olmasına kömək edir. Ona görə Prezident cəhd etməlidir ki, daxili siyasətdə də haqlı tərəfin yanında olsun”.

Mühacirətdə yaşayan siyasi icmalçı Rauf Mirqədirov isə Münhendə Ermənistan və Azərbaycan rəhbərlərinin debatının onun üçün maraqlı olmadığını bildirib. O, bunu tərəflərin yeni heç nə söyləməmələri ilə əlaqələndirib.

Rauf Mirqədirov hesab edir ki, hər iki tərəf təbliğat xarakterli çıxış etdi və daha çox xarici yox, daxili auidotoriyaya hesablanan açıqlamalar verdi:

“Məsələnin tarixi aspektinin, kimlərinsə bu regionda yaşayıb-yaşamamasının, yaxud BMT Təhlükəsizlik Şurasının qətnamələrinin hazırda münaqişənin həllinə ciddi təsiri yoxdur. Xaricdəki problemlə məşğul olan mütəxəssislər münaqişənin nə yerdə olduğunu gözəl bilirlər. Bəli, müəyyən mənada konfransda kiminsə natiqlik keyfiyyətləri yaxşı görünə bilər, ancaq geniş mənada mütəxəssislər üçün bu çıxışlarda səmərəlilik, münaqişənin həllinə ciddi təsir edəcək elə bir şey yox idi. 15 fevral debatı dialoq və fikir mübadiləsi deyildi, daha çox daxili auditoriya üçün nümayiş idi. Çünki Ermənistan Baş nazirinin də, Azərbaycan Prezidentinin də ölkə daxilində ciddi problemləri var. Hər ikisi Roma Papasından daha çox katolik olmağı nümayişı etdirirdi. Onsuz da səslənən bəyanatları dəfələrlə eşitmişik, sadəcə, əvvəllər, ayrı-ayrılıqda deyirdilərsə, fevralın 15-də üz-üzə oturub dedilər. Düşünürəm ki, Baş nazir və Prezident təkbətək danışanda, daha maraqlı məqamlara toxunurlar”.

85290.jpg
Rauf Mirqədirov

Rauf Mirqədirovun sözlərinə görə, tərəflərin tarixi aspektə müraciət etməsi ən qeyri-konstruktiv bir şeydir. O qeyd edib ki, indiki misirlilərin qədim misirlilərə heç bir aidiyyatı yoxdur.

“Tarixçilər indiki Misirdə yalnız koptların Qədim Misirdən qaldığını iddia edir. Yaxud Amerika qitəsindəki dövlətlər necə olsun?! Bu gün var və bu gün orda kimlər yaşayır, dünya bölgəni kimin ərazisi sayır və. s. Eyni zamanda, xalqların öz müqəddəratını təyin etməyi mütləqdir söyləmək də qeyri-konstruktivdir. Dünyada 20-dən çox ərəb ölkəsi var və heç bir dövləti olmayan xalqlar var. Yəni xalqların öz müqəddəratını təyin etmə və ərazi bütövlüyü hüququ mütləq deyil. Bunu mütləqləşdirmək demoqogiyadan başqa bir şey deyil. Hər bir münaqişənin həllində müxtəlif modellər təklif edilir. Təəssüflər ki, universal modellər yoxdur, hər bir halda beynəlxalq güclər siyasi maraqların və imkanların balansından istifadə edib ortaya yanaşma qoyurlar”.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Ana səhifəSiyasətXədicə İsmayıl: Prezident cəhd etməlidir ki, daxili siyasətdə də haqlı tərəfin yanında olsun