“Mətbuata açıq idi, tez-tez məcburi köçkünlərin məskunlaşdığı düşərgərlərə səfərlər təşkil edirdi”
“Bildiyim qədər Əhməd Ünal Çeviközün Azərbaycan-NATO əlaqələrinin genişlənməsində çox böyük rolu olub. Türkiyə səfirliyi o vaxt bu istiqamətdə bütün tədbirlərin keçirilməsində ciddi rol oynayırdı”.
Bunu araşdırmaçı jurnalist Xədicə İsmayıl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Əhməd Ünal Çeviközlə bağlı türk mediasına verdiyi açıqlamanı Meydan TV-yə şərh edərkən deyib.
O qeyd edib ki, məhz Əhməd Ünal Çeviköz səfir olduğu zaman Azərbaycan NATO-nun tərəfdaşlıq proqramına üzv olub.
Türkiyə Prezidenti oktyabrın 26-da Azərbaycana rəsmi səfərə gəlib.
O, Füzuli Beynəlxalq Hava Limanının açılışında və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu – Zəngəzur dəhlizinin təməl qoyma mərasimində iştirak edib.
Səfərdən qayıdandan sonra təyyarədə jurnalistlərə açıqlama verən Ərdoğan İlham Əliyevlə görüşü zamanı Türkiyədə baş verən hadisələri də müzakirə etdiyini deyib.
“Anadolu” Agentliyinin yaydığı xəbərə görə, Ərdoğan adını çəkmədiyi bir diplomatdan danışıb.
O, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun və bəzi dairələrin 10 ölkənin səfirliklərinin hazırda həbsdə olan iş adamı Osman Kavalanın azadlığa buraxılması ilə bağlı bəyanatlarını tənqid edərkən bildirib ki, bunlardan biri də keçmişdə Bakıda səfir olub: “İndi də CHP-də guya siyasətlə məşğuldur. İlham bəylə danışarkən o belə: “Mən bu adamı bir daha bu qapıdan içəri buraxmaram”, – dedi. Çünki o, Azərbaycana da xəyanət etdi. Sən ilk olaraq səfir olduğun ölkənin siyasətinə hörmət etməyi öyrən. Bu adam bunu öyrənmədi. İndi də təsadüfi olaraq siyasətlə məşğuldur. Siyasətçilik və səfirlik başqa bir şeydir”.
Türkiyə mətbuatı yazır ki, haqqında danışılan şəxs 2001-2004-cü illərdə Türkiyənin Azərbaycandakı səfiri Əhməd Ünal Çeviközdür.
Xədicə İsmayıl isə Çeviközün Azərbaycandakı fəaliyyətini belə xarakterizə edib: “Əhməd Ünal Çeviköz mətbuata açıq səfirlərdən idi, həm də tez-tez məcburi köçkünlərin məskunlaşdığı düşərgərlərə səfərlər təşkil edirdi, səfirilik ümumiyyətlə, bu sahədə çox aktiv idi. Bəli, onun Ermənistanla yaxınlaşma barədə bəzi ifadələri olub, amma bu yanaşmanın nə dərəcədə qınanılmasını deyə bilmərəm. Hətta o zaman Türkiyə-Ermənistan yaxınlaşmasının faydalı olduğunu ReAl Partiyasının sədri İlqar Məmmədov da deyirdi. Hətta Azərbaycanda millətçi sayılacaq xeyli adam tanıyıram ki, bu mövzuda Ankara-Yerevan yaxınlaşmasının ikincinin daha çox güzəştlərə razı salacaq yol olduğunu düşünürdülər. Ona görə də Əhməd Ünal Çeviközün baxışının bu məsələdə Azərbaycanın mövqeyinə zidd olduğunu hesab etmirəm”.
Eyni zamanda, onun adından 2020-ci ildə II Qarabağ savaşı zamanı yayılan “Türkiyə Azərbaycana cihadçı göndərir” açıqlaması müzakirə mövzusu olmuşdu. Amma keçmiş diplomat elə ötən ilin sentyabrın son günlərində “Twitter” səhifəsində fikirlərinin təhrif olunduğunu yazmışdı: “Təhrif olunan fikirlərim hakim partiyası tərəfindən qaralama kampaniyasına çevrilib. Ən üzücü odur ki, guya mən və partiyam Azərbaycanın yanında deyil. Əlbəttə ki, Azərbaycanın yanında olmağımızı dəsətəkləyirik. Əksini xəyal və iddia etmək, dediyim sözləri səhv təqdim etmək ancaq iddia edənlərin savadsızlığını ortaya qoymaqdır”.
Əhməd Ünal Çeviköz səfir olduğu 3 ildə Azərbaycanda məcburi köçkünlərin məskunlaşdığı bölgələrə səfəri, müxalif partiyaların nümayəndələri ilə təmaslarıyla yadda qalıb.
X.İsmayıl da bu açıqlamaya istinad edərək deyir ki, 44 günlük savaş zamanı Əhməd Ünal Çeviközün bir müsahibəsində konteksdən çıxarılmış ifadə vardı, amma özü bu barədə təkzib verib: “Güman edirəm ki, keçmiş səfir barəsində deyilənlər Cümhuriyyət Xalq Partiyasının üzv olmasından irəli gəlir. Nəticədə Ermənistan-Azərbaycan münaqişəsi yenə də daxili siyasi konfliktlər üçün alət kimi istifadə olunur. Amma bir məqamı vurğulayım ki, Çevikgöz Azərbaycan müxalifəti ilə təmas quran səfirlərdən idi. Ondan sonra Türkiyə səfirlərinin Azərbaycan müxalifəti ilə görüşlərini xatırlamıram”.
Əhməd Ünal Çevikgöz 1978-ci ildən Türkiyə Xarici İşlər Nazirliyində çalışıb.
O, 1989-cu ildə Xarici İşlər Nazirliyindən ayrılaraq NATO-da beynəlxalq zabit kimi əvvəlcə İqtisadiyyat İdarəsində, sonra isə Siyasi İdarədə işə başlayıb.
Keçmiş diplomat 1994-cü ildə NATO-nun Moskvada İnformasiya Ofisini yaradaraq ardınca NATO-Rusiya Qurucu Aktını hazırlayıb.
1997-ci ildə Xarici İşlər Nazirliyində mərkəzi vəzifəsinə qayıdıb və Balkanlar Departamentinin rəhbəri vəzifəsində çalışıb.
Əhməd Ünal Çevikgöz 2001-2004-cü illərdə Azərbaycanda, ardınca isə İraqda ölkəsini təmsil edib.
Ə.Ü.Çevikgöz 2010-cu ildə Böyük Britaniyaya səfir təyin edilib.
O, Türkiyə və Ermənistan arasında 2009-cu ildə imzalanmış “Sürix protokolları”nın əsas müəllifi sayılır.
Rəcəb Tayyib Ərdoğanın adını xatırlatdığı türkiyəli xeyriyyəçi, iş adamı, hüquq müdafiəçi Osman Kavala 2017-ci ildə həbs olunub.
“Reuters” yazır ki, iş adamı 2013-cü ildə Gezi parkında keçirilən aksiyaların təşkilində və bir il sonrakı uğursuz dövlət çevrilişinə bağlılıqda ittiham olunur.
Osman Kavala 2020-ci ildə “Gezi parkı işi” ilə əlaqədar bəraət alsa da, Apelyasiya Məhkəməsi bu ilin yanvarında qərarı ləğv edib, mayda isə ona qarşı yeni məhkəmə proses başlanıb. Beləliklə, dövlət çevrilişinə cəhd və “Gezi parkı” işləri birləşdirilib.
Türkiyə müxalifəti və qərb dairələri onun həbsini müxalif fikirləri boğmaq kimi dəyərləndirib.
Osman Kavala Açıq Cəmiyyət İnstitutunun Türkiyədəki bölməsinin yaradıcılarından sayılır.
İnstitut 2018-ci ildə fəaliyyətini dayandırıb.
R.T.Ərdoğan həmin ərəfədə Gezi parkındakı aksiyaların arxasında Açıq Cəmiyyət İnstitutunun dayandığını iddia edib.