Həbsdə olan tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayıl Milli Şuranın 15 mart mitinqində onun əvəzindən iştirak edən anası Elmira İsmayılovaya, onun çağırışına dəstək verib qatılanlara, ümumiyyətlə, iştirakçılarına təşəkkürünü bildirib.
Bu barədə Meydan TV-yə jurnalistin yaxınları məlumat verib.
Ötən ayın 9-da Xədicə İsmayıl dostlarını 15 mart mitinqinə qatılmağa çağırmışdı. Bu barədə blogger Mehman Hüseynov facebook-da mitinqlə bağlı yaradılmış dəvət səhifəsində məlumat paylaşmışdı. “Xәdicә İsmayıl bu gün (martın 9-da – red.) zәng elәmişdi. Dedi uşaqlara çatdırın ki, azadlıqda olsaydı, mütlәq bu mitinqә bir vәtәndaş kimi qatılardı”.
Jurnalistin çağırışına anası Elmira İsmayılova da 15 mart aksiyasına qatılmaqla dəstək vermişdi.
Jurnalist Xədicə İsmayıl dekabrın 5-də həbs olunub. Səbail Rayon Məhkəməsində hakim Elşad Şamayevin sədrliyiylə keçirilən prosesdə araşdırmaçı jurnalist Xədicə İsmayılova barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Ona qarşı CM-nin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə ittiham irəli sürülüb.
Xədicə İsmayılova həbsinin qanunsuz olduğunu bildirib.