Xaricdəki mühacirləri Bakıda nə gözləyir?

Vahid Kərimov oğlu Pünhanın Almaniyada mühacirətdəyikən çıxdığı aksiyasını izləyir.

AXCP üzvü Pünhan Kərimli bir neçə ay əvvəl Azərbaycana deportasiya olunub. Yanvarın 25-də isə narkotik ittihamı ilə həbs edilib.

Cinayət Məcəlləsi, maddə 234.4.3 (külli miqdarda qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama,…satma)

Son bir ildə xaricdən Azərbaycana deportasiya olunan mühacirlərdən 4-nə bu maddə üzrə cinayət işi açılıb. Cəfər Mirzəyev, Mütəllim Orucov, Malik Rzayev və Pünhan Kərimlinin yaxınları həbslərin siyasi sifarişlə olduğunu deyir.

Almaniyadan deport olunan növbəti mühacir Samir Aşurov Baş Prokurorluğa dindirilməyə çağırılıb. O, qanunsuz miqrasiya ilə bağlı sorğu-sual edilib, lakin Aşurov da həbs təhlükəsində olduğunu düşünür.

2014-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılması) haqqında” Saziş imzalanıb. Sazişə görə, Azərbaycan hökuməti qaytarılan şəxslərin iş yerləri ilə təmin edilməsində, yaşayış yerinin olub-olmaması ilə bağlı problemlərin həllində və psixoloji yardım məsələlərində kömək etməlidir. Son illər Avropa ölkələrindən (xüsusilə Almaniyadan) Azərbaycana yüzlərlə mühacirin bu qaydada qaytarıldığı açıqlanıb.

Narkotik ittihamı ilə həbs edilənlər ittihamı qəbul etmir, siyasi baxışlarına görə şərləndiklərini bildiriblər. Rəsmilər isə ölkədə siyasi həbslərin olmadığını deyirlər.

Ana səhifəVideoXaricdəki mühacirləri Bakıda nə gözləyir?