Xaricdə təhsil almış həkimlərə yüksək maaş təklifi yerli mütəxəssisləri narazı salıb

Həkim. Foto: Aleksandar Mijatovic/shutterstock

Proqram iki illik müddəti əhatə edəcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Türkiyə, ABŞ və Avropada təhsil almış həkimləri dövlət tibb müəssisələrində işə dəvət edir. Xaricdə təhsil alan həkimlərə 5000-6500 manat əlavələr təklif olunur.

Bu barədə Meydan TV-yə adının açıqlanmasını istəməyən həkimlər məlumat veriblər. Onların sözlərinə görə, koronaviruslu xəstələrlə işlədikləri üçün ödənilən əlavələr də daxil olmaqla, bonusları vaxtlı-vaxtında ala bilmirlər. Lakin xaricdə təhsil alan həkimlərə onların əməkhaqqından dəfələrlə artıq əlavələr vəd edilir.

Kliniki Tibbi Mərkəzin adının açıqlanmasını istəməyən həkimlərindən biri deyib ki, qərar Tibb Universiteti və Həkimlərin Təkmilləşdirmə İnstitutunun verdiyi təhsilin, kursların, təcrübənin, sertifikasiyanın önəm daşımadığını göstərir:

“Hazırda bir az imkanı olanlar reklamlar vasitəsilə xəstə cəlb edir. İllərin təcrübəli həkimləri özəl klinikalarla 50 faiz prinsipi ilə işləməyə məcbur qalıblar. Biz demirik ki, xaricdə təhsil alanlar işə cəlb edilməsin. Sadəcə olaraq, digərlərini aşağılamasınlar, bonusları, əlavələri vaxtında və ədalətlə ödəsinlər”.

Həkim Sevda Məmmədova isə deyib ki, koronavirusun yayıldığı ilk aylarda xaricdən yüksək əməkhaqqı ilə tibb işçiləri dəvət edilib. Lakin həmin tibb işçilərinin heç də hamısı təcrübəli olmayıb. Yerli həkimlər daha çox çalışıblar:

“Həkimlərin nüfuzdan salınması üçün təbliğat aparıldı. Nəticədə Türkiyədə 2 aylıq kurs keçənlərə daha çox etibar edilir, nəinki elmi dərəcələr alan həkimlərə. Belə çıxır ki, rezidenturanı oxumağın mənası yoxdur. Bu qərar Azərbaycandakı tibbi təhsilin üstünə xətt çəkməkdir”.

Qərar xaricdə təhsil alanlarla həkimlər arasında ciddi fikir ayrılığı yaradıb. Həkimlərdən biri sosial şəbəkədə yazıb ki, Tibb Universitetinin verdiyi təhsillə xaricdəki təhsil arasında yerlə-göy qədər fərq var. Buna görə də agentliyin qərarı savadlı kadrların ölkəyə cəlb edilməsinə şərait yaradacaq.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə Meydan TV-yə bildiriblər ki, agentlik tərəfindən təsdiq edilən “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”ın tibbi xidmətlərin keyfiyyətini artırmaq, vətəndaşların xidmətlərə əlçatanlığını təmin etmək, ümumilikdə səhiyyənin inkişafına təkan vermək kimi bir sıra üstünlükləri var.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Foto: https://its.gov.az/

Belə ki, sözügedən proqramın icrası tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qalxmasına imkan yaradacaq. Ölkəyə cərrahi və radioloji profilli ixtisaslar üzrə həkimləri cəlb etmək səhiyyənin inkişafına xidmət etmiş olacaq. Çünki layihəyə cəlb olunan həkimlərin aid olduğu sahələr üzrə ölkədə yetərli sayda mütəxəssis yoxdur.

“Bununla yanaşı, tibbi xidmətin keyfiyyətini artırmaq üçün yerli həkimlərin ixtisaslarını, bilik və bacarıqlarını artırmağa, müasir texnologiyalarla iş prinsiplərini öyrənməyə ehtiyacları var. Avropa İttifaqı ölkələri, ABŞ və Türkiyə Cümhuriyyətində təhsil almış həkim-mütəxəssislər bu məsuliyyətli işi öz üzərilərinə götürmüş olacaqlar”, – məlumatda deyilir.

Agentlikdən onu da bildiriblər ki, layihəyə qatılacaq həkimlərin 90 faizdən çoxu Azərbaycan Tibb Universitetinin (ATU) məzunlarıdır. Sonradan həmin məzunlar akademik təhsilini xaricdə davam etdirib, bilik və bacarıqlarını, peşəkarlıq səviyyələrini artıraraq səhiyyənin ən son nailiyyətlərinə yiyələniblər:

“Həkim-mütəxəssislər xarici təcrübəni, müasir müayinə-müalicə metodlarını tibb müəssisələrində çalışan yerli kadrlarla bölüşəcəklər, onların ixtisasları üzrə bilik və bacarıqlarının artmasına töhfə verəcəklər.

Qeyd edək ki, ölkəyə cərrahi və radioloji profilli ixtisaslar üzrə həkimləri cəlb etməklə səhiyyənin inkişafına imkan yaranacaq. Çünki layihəyə cəlb olunan həkimlərin aid olduğu sahələr üzrə ölkədə yetərli sayda mütəxəssis yoxdur (məs. invaziv radioloq, torokal cərrah, neonatoloq və s.)”.

Agentlik hesab edir ki, burada çalışan yerli həkimlərə qarşı heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz:

“TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan həkimlər arasında “Səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na əsasən, yüksək məbləğdə həvəsləndirici əlavə alanlar var. Məsələn, ümumi cərrah 21 642 manat, oftalmoloq 12 329 manat, mama-ginekoloq 9195 manat, həkim-radioloq 5312 manat məbləğində aylıq həvəsləndirici əlavələr alan həkimlər fəaliyyət göstərirlər”.

Proqramın icrası mütəxəssislərin ölkəyə cəlb edilməsi üçündür və müvəqqəti xarakter daşıyaraq 2 il üçün nəzərdə tutulub:

“Daha sonra həmin mütəxəssislər də yerli kadrlar kimi bərabər şərtlərlə xidmət göstərəcəklər və “Səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na uyğun olaraq həvəsləndirici əlavələr alacaqlar”.

Ana səhifəSağlıqXaricdə təhsil almış həkimlərə yüksək maaş təklifi yerli mütəxəssisləri narazı salıb