“Xaricdə təhsil alan gənclər əksər hallarda Azərbaycana qayıtmırlar”

Xaricdə təhsil. Foto: Kavun Halyna/shutterstock

Təhsil eksperti: “İnanıram ki, indiki seçim daha şəffaf olacaq”

Prezident İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Təhsil Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli və Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Təhsil Nazirliyinin sifarişi əsasında İqtisadiyyat Nazirliyi həyata keçirəcək.

Proqrama əsasən, hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili nəzərdə tutulub.

Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.

Dövlət Proqramının maliyyələşdirilməsi Dövlət Neft Fondu, beynəlxalq təşkilatların (fondların) texniki və maliyyə yardımları, reditlər və qrantlar, xarici, yerli hüquqi və fiziki şəxslərin ianələri əsasında həyata keçiriləcək.

Xaricdə təhsil üçün üstünlük veriləcək ixtisaslar isə – informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər, ictimai səhiyyə, təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi, nəqliyyat və logistika, energetika, iqtisadiyyat, maliyyə, arxitektura və dizayn, kənd təsərrüfatı sahələridir.

Bu, Prezident İlham Əliyevin xaricdə təhsil almaqla bağlı imzaladığı ikinci dövlət proqramıdır. Daha öncə imzalanan sərəncam 2007-2015-ci illəri əhatə edib.

2007-2015-ci illər Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramına ümimilikdə 95 milyon manat vəsait ayrılıb.

Həmin proqramda 5000 gəncin xaricdə təhsili nəzərdə tutulub, lakin oxumağa 3500 nəfər azərbaycanlı göndərilib.

Təhsil üzrə ekspert Kamran Əsədov Meydan TV-yə deyir ki, imzalanan sərəncamı mühüm sayır.

Əlavə edir ki, burada əsas məqam prioritet istiqamətlər üzrə ixtisas sahələrinin seçilməsi və daha çox gəncin xaricdə təhsil ala bilməsinə şərait yaratmaqdır: “Hesab edirəm ki, bu dəfə konkret olaraq, azərbaycanlı gənclər dünyanın top beş yüz universitetində oxumağa göndərilməlidir. Prosesin 2007-2010-cu illərdəki qəbulunda şəffaflığı o qədər də görmədik. Çox təəssüf ki, kənar müdaxilələr var idi. İnanıram ki, indiki seçim daha şəffaf olacaq”.

Kamran Əsədov
Foto: Kamran Əsədovun şəxi arxivindən

Ekspert onu da qeyd edir ki, təhsil alan gənclərin Azərbaycanda dövlət müəssisələrində işlə təmin olunmasına xüsusi diqqət ayrılmalıdır: “Hətta təhsil alanlarla imzalanan müqaviləyə mütləq əlavə edilməlidir ki, həmin şəxslər Azərbaycana gələndən sonra dövlət tərəfindən müəyyənləşdirilmiş yerlərdə çalışacaqlar”.

“Yəni onlar istədiyi yerlərdə yox, dövlət tərəfindən müəyyənləşdirilmiş iş yerlərində ən azı, 5 il əmək fəaliyyəti ilə məşğul olacaqlar. Çünki bir çox halda dövlət böyük vəsait xərcləyir, amma xarici ölkələrə gedən şəxslər qayıdıb, özəl sektorlarda işləyirlər və yaxud da əksər hallarda Azərbaycana qayıtmırlar”, – Kamran Əsədov deyib.

Ana səhifəSosial“Xaricdə təhsil alan gənclər əksər hallarda Azərbaycana qayıtmırlar”