Xaricdə səadət axtararkən nəyə diqqət etməli?

“Gələndən sonra məlum oldu ki, bu, bizim pulla 300-400 manat maaşı olan sürücülük işi imiş”

Source: Specify Source


“Əcnəbi ilə ailə qurmadan öncə onu yaxından tanımaq lazım imiş”

Azərbaycan və xarici medianın səhifələrindən tez-tez əcnəbi vətəndaşla ailə qurub, həyatı gətirməyən, aldadılan, zorakılığa, təhdiqə məruz qalan qadınlarla bağlı oxuyuruq. Onların içində tanınmış, savadlı, təhsilli insanlar da, aldanmış, təhsilsiz olanlar da var. Qadın hüquq müdafiəçiləri, ekspertlər, hüquqşünaslar xarici ölkə vətəndaşları ilə ailə qurarkən, onlarla birgə başqa ölkəyə köçmək qərarı verərkən ehtiyatlı olmağa çağırır. Xoşbəxt olmaq istəyi ilə addım atıb, sonda hüsran yaşamamaq üçün nə etməli?


Ərəb şeyxi ilə ailə quran azərbaycanlı gimnastın yaşadıqları…

Bir müddət öncə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şeyxlərinin biri ilə evli olmuş azərbaycanlı Zeynəb Cavadlı Azərbaycan mediasının gündəminə gəldi.

Zeynəb gimnast olub, beynəlxalq olimpiadalarda iştirak edib, beynəlxalq dərəcəli idman ustasıdır. Sonra isə ərəb şeyxi ilə ailə qurub və Azərbaycandan köçüb. İndi həyat yoldaşından ayrılıb və uşaqların kimdə qalacağı ilə bağlı problem yaşayır. Nəticədə o, kömək üçün Azərbaycan hökumətinə müraciət edib.

Beynəlxalq və yerli mediada, eləcə də sosial şəbəkələrdə yayılan və Zeynəb olduğu iddia deyilən video-görüntülərdəki qadın çox təlaşlıdır və izləndiyini iddia edir. O, keçmiş həyat yoldaşının işçilərinin və polisin onun evinə gəldiklərini, valideynlərini həbs etdiklərini deyir. İndi isə uşaqlarının əlindən alınacağına görə narahat olduğunu söyləyir. Bundan əlavə, video-görüntülərdə Zeynəb 9 ay ərzində təhdidlərlə üzləşdiyini də deyir, yardım istəyir.

image_from_ios (12).jpg
Zeynəb gimnast olub, beynəlxalq olimpiadalarda iştirak edib, beynəlxalq dərəcəli idman ustasıdır.

Zeynəb Cavadlı 2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şeyxlərindən biri, Dubay əmirinin qardaşı oğlu Səid Əl-Maktumla evlənib. O, şeyxin 3-cü həyat yoldaşı olub və evliliklərindən onların üç qızı dünyaya gəlib – media yazır.

Qeyd: Bu məsələni BƏƏ-də ədalətsizliklə üzləşən xarici vətəndaşlara hüquqi yardım göstərən bir Britaniya təşkilatı – "Detained in Dubai" gündəmə

gətirib

.


“Dövlətin hər hansı bir öhdəliyi yoxdur”

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, 18 yaşını tamamlamış hər bir Azərbaycan vətəndaşı öz qərarlarını özü verir. Odur ki, xarici vətəndaşla ailə qurub, başqa ölkəyə köçüb, sonra peşman olan, həyatı gətirməyən insanlara görə dövlətin hər hansı bir öhdəliyi yoxdur:

“Yetkinlik yaşına çatmış, özü qərar verə bilən insanlardır. Yəni bu, onların sırf öz məsuliyyətləridir. Və hər hansı zorakılıqla qarşılaşıblarsa, maksimum həmin ölkədəki Azərbaycan səfirliyinə müraciət edə bilərlər. Bəlkə onlar nəsə kömək edə bilər”.

Mehriban Zeynalova sırf Zeynəb Cavadlı nümunəsinə toxunur, deyir, xanım ali təhsillidir, ağlına şübhə etmək olmaz. Özü istəyərək gedib və bəlkə də öncədən onun evli olduğunu da bilirmiş:

“İndi nələrdənsə narazıdır, anlayıram. Amma Azərbaycan qanunvericiliyində özü qərar verib xaricə köçən, orada ailə quran vətəndaşlara yardım etməklə bağlı bir maddə yoxdur”.

Mehriban Zeynalova deyir ki, belə durumlarda xanımlar özləri məsuliyyətli olmalıdırlar. Məsələn, avropalı ilə nikah bağlayan tanıdığı insanlar var ki, onlar ailə qurmadan, Azərbaycandan köçmədən öncə nikah müqaviləsi bağlayıb:

“Həmin müqavilə onların hüquqlarını qoruyur. Amma bunu etməyən üçün Azərbaycanın da əlindən nəsə gəlmir”.

Zeynəb əcnəbi vətəndaşla ailə qurub, sonra ölkəsindən, ailəsindən yardım istəyən ilk azərbaycanlı deyil.


“Ailəmin razılığı olmadan türklə evləndim”

Bir də Sevinc var (ad şərtidir). O, Türkiyə vətəndaşı ilə ailə qurub. Deyir, onunla Bakıdakı türk restoranlarının birində, 8 il əvvəl tanış olub. Həmin Türkiyə vətəndaşı Bakıda restoran işlədən əmisi oğlunun yanına gəlibmiş. Sevinc restoranda rəfiqəsini gözlədiyi zaman, həmin şəxs ona yaxınlaşıb və gözləyərkən çay təklif edib. Beləcə, söhbətləşib, tanış olublar. Həmin söhbət əsnasında bir-birlərinin əlaqə nömrəsini götürüblər. Sonra aylarla həm telefon, həm də internet üzərindən danışıblar.

image_from_ios (11).jpg
Zeynəb Cavadlı

Sevinc deyir ki, ailəsi biləndə onların münasibətinə qarşı çıxıb: “Atam xəstə idi, mənim ölkədən kənarda biri ilə ailə qurmağımı istəmirdi. Deyirdi ki, sabah başıma nəsə gəlsə, yanımda ola bilməyəcək və Türkiyədə yaşayan birinə güvənə bilməz. Ancaq mən onu, anamı dinləmədim. Gizlicə xarici pasport aldım. Təyyarə biletimi isə o zaman sevdiyim insan aldı. Türkiyəyə gedəndə 22 yaşım var idi. Hava limanında qarşıladı, sonra avtobusa minib Ankaradan 4-5 saatlıq məsafədə tutduğu evə apardı. Bir neçə ay sonra kəbin kəsdirdik. Rəsmi nikahı bu gün sabaha saldı, etdirmədi”.

Sevinc deyir ki, bir müddətdən sonra evləndiyi adamın rəsmi nikahda olduğu xanımı və 3 uşağının olduğunu bilib:

“Bu zaman hamilə idim. Bundan əlavə, turist kimi Türkiyədə qanuni qalmaq iznimi tükətmişdim (həmin zamanlar 30 gün qalmaq mümkün idi). Bilet almağa, dönüşdə cəriməni ödəməyə pulum qalmamışdı. Ailəmlə əlaqə saxlamağa isə üzüm yox idi. Məcbur ayağımı qırıb oturdum. Zamanla mənə əl qaldırmağa, döyməyə də başladı. Hətta hamilə olduğumu da nəzərə almırdı. Nəsə tələb etməyə, ağzımı açmağa dilim də yox idi. Beləcə 3 övladımız oldu. Oturum iznim olmadığından uşaqlarımın sənədində anası kimi ilk, rəsmi nikahı olan həyat yoldaşının adını yazdırırdı”.


“Axırda məcbur olub, ailəmdən kömək istədim”

Sevinc deyir ki, 7 illik zülmdən sonra ailəsi ilə əlaqə saxlamağa məcbur olub:

“Artıq dözə bilmirdim, hər şeyi bir kənara atıb, qardaşıma yazdım. Qardaşım pul göndərdi, qonşumun köməyi ilə ala bildim və həmin pulla 3 uşağımı da götürüb evdən gizlicə çıxdım. İndi Türkiyənin böyük şəhərlərinin birində, gecəqonduda ev tutmuşam”.

Sevinc əlavə edir ki, qardaşı borc-xərc ona vəkil də tutub və o, haqqını məhkəmədə axtarmaq niyyətindədir:

“Əvvəlcə testlə uşaqlarımın mənim olduğunu sübut etməliyəm. Sonra onların vəlayətini alıb, iş tapıb çalışacağam. Uşaqlarımla birgə Bakıya, qardaşımın, ailəmin yanına dönmək istəyərəm. Amma indiki durumda bu, çətin görünür”.


Xaricdə haqsızlıqla üzləşən Azərbaycan vətəndaşları nə etməlidir?

Hüquqşünas Fariz Namazlı deyir ki, başqa ölkədə hüquqları pozulan vətəndaşlar Azərbaycanın həmin ölkədəki səfirliyinə müraciət edə bilərlər. Bu halda səfirlik onların pozulmuş hüquqlarının bərpası üçün müəyyən işlər görə bilər, onlara hüquqi yardım göstərər, məsləhətlər verər:

“Əgər həmin ölkədə vətəndaş hər hansı dövlət qurumuna müraciət edirsə, Azərbaycanın səfirliyi də həmin orqana müraciət edərək araşdırmanın nəticəsi ilə maraqlana bilər. Təbii ki, səfirlik xarici dövlət qurumuna göstəriş verə bilməz, amma ən azından öz vətəndaşının hüquqlarının qorunması üçün müəyyən işlər görər”.


Türkiyədə qoyduğu qızlarına həsrət qalan Səadətin hekayəsi

Bir neçə il öncə yerli media türkiyəli vətəndaşla ailə qurub, sonra çox pis durumda Azərbaycan hökumətindən yardım istəyən Səadat Canıyeva haqqında da

yazmışdı

.

Səadət Canıyeva 18 yaşında Türkiyəyə xalası qızıgilə gedib. Sonra orda tanış olduğu Türkiyə vətəndaşı İbrahimlə ailə qurub. Deyir əvvəlcə hər şey yaxşı olub, evlilikdən 2 qızı dünyaya gəlib:

image_from_ios (15).jpg
“Artıq dözə bilmirdim, hər şeyi bir kənara atıb, qardaşıma yazdım”.

“Sonra məni qısqanmağa başladı. Çölə çıxmağa qoymadı, işləməyə icazə vermədi. Pul verirdi, bir-iki saat sonra geri alırdı. Mən başladım işləməyə, məni izlədi, iş yerimdə məni biabır etdi”.

Səadət deyir ki, o, Kayseridə ərinin ailəsi ilə birgə yaşayırmış. Zamanla onlarla da probemi olub. Həyatı cəhənnəmə çevrilib. Hətta əri tərəfindən bıçaqlanıb.

“Sonradan boşandıq. Məhkəmədə iştirak edə bilmədim. Türkiyə qanunvericiliyinə uyğun olaraq hər iki qızım atasına verildi”.

Qızları üçün çox darıxdığını, onları yanında saxlamaq istədiyini bildirir, Səadət. Deyir, bıçaqlanmadan sonra psixoloji cəhətdən özünü möhkəm tutaraq, tez sağalıb ki, kimsə sındığını, məhv olduğunu düşünməsin:

“Tikişlərim hələ sağalmamış işləməyə başladım, çünki pula ehtiyacım var idi. İbrahim hətta məni yeni iş yerimdə də tapmışdı. Tez-tez gəlir, barışmaq istəyirdi. Bir neçə dəfə polisə də verdim, amma əl çəkmirdi. Sonra acığından məndən şikayətçi oldu, nə viza ala, nə də işləyə bildim. 600 dollar viza borcum yığıldı, deport olundum. Gəldim Azərbaycana. Bir müddət sonra qızlarımın yanına getmək istəyəndə məlum oldu ki, Türkiyəyə giriş iznim yoxdur. Göz yaşları tökdüm, xeyri olmadı. İndi qızlarıma həsrət yaşayıram”.

Səadətin həyat yoldaşı İbrahim sonradan onunla barışmağa cəhd göstərib. Ancaq qadının ona inamı qalmayıb. Deyir, 8 bıçaq vuran adam, bir gün yatarkən öldürər:

“Hər kəs ailə qurmaq, xoşbəxt olmaq istəyir. Amma mən deyirəm ki, elə hər kəs anasının yanında otursun, əmin olun ki, ordan daha yaxşı yer yoxdur”.


Biri də var, şiddət görməyib, amma xəyal qırıqlığına uğrayanlar

Daha bir Türkiyə vətəndaşı ilə ailə quran Tünzalə Məmmədova isə deyir ki, onun ailəsində şiddət, döyülmə, söyülmə yoxdur. Ancaq problemləri var. Bunu danışmaqla Tünzalə gənc qızları aldanmamağa çağırır:

“Mənim yoldaşımın xasiyyəti pis deyil. Biz sosial şəbəkələrin birində tanış olub, bir neçə il danışmışıq. Mənə İstanbulun mərkəzində evi, yaxşı işi olduğunu deyirdi. Elçi gəldilər, el adəti ilə toyumuz oldu. Türkiyəyə köçəndən sonra məlum oldu ki, o dediyi ev heç də danışdığı kimi mükəmməl deyilmiş. Təkcə mənimlə görüntülü danışdığı otağa azca əl gəzdiriblər. Beton, təmirsiz, gecəqondu…”.

image_from_ios (14).jpg
“Çölə çıxmağa qoymadı, işləməyə icazə vermədi”

Tünzalə deyir ki, özü də ev İstanbula 4 saatlıq məsafədə, geridəqalmış bir məhəllədədir:

“Artıq 9 ildir ki, burada yaşayıram. O vaxt danışanda mənə öz işim, şirkətim var deyirdi. Gələndən sonra məlum oldu ki, bu, bizim pulla 300-400 manat maaşı olan sürücülük işi imiş. Təzəlikcə əməliyyat olunub. İndi ümumiyyətlə, işləyə bilmir. Bir övladımız var. Onun məktəb, özümün gündəlik və həyat yoldaşımın müalicə xərclərini qarşılamaq üçün evlərə təmizliyə gedirəm”.

Tünzalə düşdüyü çətin durumda tək günahkar özünü sayır. Deyir, ən azından evlilik qərarı vermədən öncə, anası, atası, yaxud qardaşı ilə İstanbula gəlib evlənəcəyi adamın evi, ailəsi, ətrafı ilə tanış ola bilərdi:

“Sevgi elədir ki, anlıq, müəyyən dövrü əhatə edir. Şəraitsizlik, pis həyat hər şeyi gerdə qoyur. Üstəlik, sən bu çətin həyatı öz ölkəndə yaşamırsan. Yəni təksən, doğmalarının əli çatmır, kimsə sənə kömək edə bilmir. İndi evlərə təmizliyə gedib, insanların zibilini təmizləyəndə görürəm ki, sevgi məndən tamamilə uzaqda durub. Hazırda tək hiss etdiyim həyatıma nifrətdir. Ən pisi də odur ki, nə xəyallarla gəlib, nə tapdım”.

Tünzalə indi düşünür ki, əcnəbi ilə ailə qurmadan öncə onu yaxından tanıyıb, sonra qərar vermək lazım imiş.

Ana səhifəSosialXaricdə səadət axtararkən nəyə diqqət etməli?