Xaricdə yaşayan daha 2 ictimai şəxs barəsində qiyabi həbs qərarı verilib

Abid Qafarov və Sevinc Osmanqızı – Kollaj: Meydan TV

Xaricdə yaşayan jurnalist Sevinc Osmanqızı və bloger Abid Qafarov Baş Prokurorluğa çağırılıb.

Jurnalist Sevinc Osmanqızı Cinayət Məcəlləsinin 220.2 (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə təhrik etmə-eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Onun barəsində axtarış elan edilib. Həmin tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Sevinc Osmanqızı haqqında qiyabi həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən bloger Abid Qafarova Cinayət Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib. 

Bildirilir ki, Abid Qafarov 2025-ci il 20 noyabr tarixinda Baş Prokurorluğun İstintaq İdarəsinə gəlməlidir. 

Qafarov Cinayət Məcəlləsinin 220.2 (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə)  və 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə təhrik etmə-eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə)  maddələri ilə ittiham olunur. 

Abid Qafarov ölkədə olmadığı üçün barəsində axtarış elan edilib və onun haqqında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçilib.

Sevinc Osmanqızı Azadlıq Radiosuna deyib ki, bu, ondan ötrü gözlənilməz olmayıb: “Əgər sən bir “Youtube” kanalının aparıcısısansa, hər gün efirdəsənsə və rejimin maraqlarına toxunursansa, potensial hədəfsən”.

İttihamları qəbul etməyən S.Osmanqızı vurğulayıb ki, “bu, sözdən qorxudur”.

Abid Qafarov isə məsələyə özünün “Facebook” səhifəsində münasibət bildirib.

“Hələlik heç kimi iğtişaşa və ya qarşıdurmaya səsləməmişəm. Amma hakimiyyətin bütün siyasi və sosial institutları məhv etməsi bizi elə vətəndaş qarşıdurmasına aparır”, – deyə o yazıb.

Baş Prokurorluq bundan əvvəl də xaricdə fəaliyyət göstərən bir çox bloger və internet televiziyalarının təmsilçilərini oxşar ittihamlarla istintaqa çağırıb, onların haqqında qiyabi həbs qərarları verib.

Ana səhifəSiyasətXaricdə yaşayan daha 2 ictimai şəxs barəsində qiyabi həbs qərarı verilib