Xaqani parkında restoranın açılması sakinləri narazı salıb

Foto: Meydan TV

Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ərazinin zəbt oldunduğunu deyib

Bu yaxınlarda təmir olunaraq yenidən istifadəyə verilən Xəqani parkında restoranın fəaliyyətə başlaması ətrafda yaşayan bir qrup sakini narahat edib. Bu park Bakının Səbail rayonu ərazisindədir. Müxtəlif qurumlara şikayət ünvanlayan sakinlər hesab edirlər ki, şəhərin mərkəzində bu cür restoranın fəaliyyəti ancaq rahatsızlıq yarada bilər.

Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, park istifadəyə verilən kimi ərazini zəbt ediblər. Restoran həm istirahətə gələnlərə, həm də gediş-gəlişə maneə yaradır.

Sakinlər hesab edirlər ki, şəhərin mərkəzində, metronun “Sahil” stansiyasının bir addımlığında kafe-restoran açılması yalnız icazə və ya himayəçiliklə mümkün ola bilər. Çünki əvvəllər də gecələr səs-küy yaradan obyektlərlə bağlı şikayətlər edilsə da, tədbir görülməyib.

Sakinlərdən Afət İsayeva deyib ki, restoran da güman ki, icra hakimiyyətinin xeyir-duası ilə açılıb. Çünki restoranla bağlı heç kim araşdırma aparmır, parkda gəzişənlər hansısa qurumdan yoxlamaya gələnlərlə rastlaşmayıblar.

Foto: Meydan TV

Obyektdə çalışanlar Səbail Rayon İcra Hakimiyyətindən icazə aldıqlarını bildiriblər.

El arasında “Malakan” bağı kimi tanınan Xəqani parkı yenidən qurulub. Ümumi istifadədə olan parkda obyekt fəaliyyət göstərməsi Bakı Şəhər İcra Hakimiyyətinin, yaxud rayon icra hakimiyyətinin razılığı ilə, aidiyyatı orqanlarla razılaşdıqdan sonra mümkün ola bilər.

Səbail Rayon İcra Hakimiyyəti məsələyə aydınlıq gətirməyib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildiriblər ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma monitorinqi çərçivəsində həyata keçirilən operativ əməliyyat tədbirləri nəticəsində zəbt olunmuş ictimai ərazinin boşaldılması və vətəndaşların istifadəsinə qaytarılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib, həmçinin aidiyyətı orqanlara qanun pozuntusu barədə məlumat verilib.

Ana səhifəSosialXaqani parkında restoranın açılması sakinləri narazı salıb