Xankəndidə yaşayan erməni əsilli vətəndaşın vəfat etdiyi bildirilir

Xankəndi. Foto: Azərtac

Nazirlik onun kəskin ağciyər-ürək çatışmazlığından öldüyünü deyir

Xankəndidə erməni əsilli vətəndaşın vəfat etdiyi açıqlanıb.

Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 1954-cü il təvəllüdlü Vera Aqasyan Varaşakovna oktyabrın 20-də səhər saat 9-10 radələrində yaşadığı ünvanda vəfat edib.

Nazirlik ölümlə bağlı aidiyyəti orqan tərəfindən məhkəmə-tibbi ekspertizasının təyin olunduğunu bildirib.

Məlumata görə, Vera Aqasyan Varaşakovnanın ölüm səbəbi kəsin ağciyər-ürək çatışmazlığı ilə bağlıdır:

“Məhkəmə-tibbi ekspertizanın ilkin məlumatlarına görə, 70 yaşlı qadının ölümünün bilavasitə səbəbi ağciyər arteriyasının trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı olub”.

Nazirliyin açıqlamasında qeyd olunur ki, Vera Aqasyan Varaşakovna Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən həkim müayinəsində olub və ona lazımi sosial müdafiə dəstəyi göstərilib.

Ana səhifəXəbərlərXankəndidə yaşayan erməni əsilli vətəndaşın vəfat etdiyi bildirilir