Xameneinin ölümü açıqlanıb, İran “qisas” vəd edir, ölkədə milli matəm elan olunub

Əli Xamenei – Foto: Shutterstock / FotoField

İran hakimiyyəti İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin ABŞ və İsrailin şənbə günü həyata keçirdiyi hücum nəticəsində öldüyünü açıqlayıb.

Rəsmi məlumata görə, Xamenei hücum zamanı vəzifə borcunu yerinə yetirərkən həlak olub. Bildirilir ki, hücum şənbə günü səhər tezdən baş verib.

İran dövlət mediası bildirib ki, bəzi xəbərlərdə yazıldığı kimi, Xamenei bunkerdə yox, öz iş kabinetində öldürülüb.

“Tarixin ən qəddar adamlarından biri olan Xamenei məhv edilib”, – bunu ABŞ Prezidenti Donald Tramp fevralın 28-də “Truth Social” hesabında yazıb.

Tramp qeyd edib ki, Xamenei ABŞ-nin İsraillə birgə istifadə etdiyi güclü kəşfiyyat və müasir izləmə texnologiyalarından gizlənə bilməyib və onunla yanaşı digər yüksək vəzifəli şəxslər də öldürülüb.

Trampdan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu də hücumlar zamanı Xameneinin öldürüldüyünə dair “əlamətlərin” olduğunu demişdi.

Xameneinin ölümü ilə bağlı İran hökuməti ölkədə 40 günlük milli matəm elan edib. Hökumətin qərarına əsasən, dövlət idarələri 7 gün müddətinə fəaliyyətini dayandıracaq.

İran Prezidenti Məsud Pezeşkian Xameneinin ölümünə görə qisas alınacağını bildirib. Onun sözlərinə görə, Xameneinin öldürülməsinə görə cavab vermək və hücumun təşkilatçılarını cəzalandırmaq “ölkənin borcu və qanuni haqqıdır”.

İran tərəfi hücuma cavab olaraq İsrailin nəzarətində olan ərazilərə və regionda yerləşən ABŞ hərbi bazalarına kütləvi raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb.

86 yaşlı Ayətullah Xamenei 1989-cu ildə İslam Respublikasının qurucusu İmam Xomeyninin ölümündən sonra 37 il ərzində İrana rəhbərlik edib.

Hadisədən sonra Yaxın Şərqdə gərginlik daha da artıb, qarşılıqlı hücumlar və bəyanatlar davam edir. Regionda vəziyyətlə bağlı hələlik ümumi itki balansı açıqlanmayıb.

Ana səhifəDünyaXameneinin ölümü açıqlanıb, İran “qisas” vəd edir, ölkədə milli matəm elan olunub