İranın sabiq Ali dini lideri Əli Xameneinin həyat yoldaşı Mənsurə Xocəstənin vəfat etdiyi bildirilir.
İran dövlət mediasının məlumatına görə, Mənsurə Xocəstə Xameneinin iqamətgahına endirilmiş hava zərbəsi zamanı xəsarət alıb. Bundan sonra o, komaya düşüb və bir müddət tibbi nəzarətdə saxlanılıb. Aldığı ağır xəsarətlər səbəbindən bu gün həyatını itirib.
İranın Ali dini lideri Əli Xameneinin ölüm xəbəri fevralın 28-də yayılıb və martın 1-də İran hakimiyyəti onun ABŞ və İsrailin birgə hücumu nəticəsində həlak olduğunu açıqlayıb.
Rəsmi məlumatda bildirilir ki, Xamenei hücum zamanı bunkerdə deyil, öz iş kabinetində olub.
Onun ölümündən sonra İranda 40 günlük milli matəm elan edilib, dövlət qurumlarının fəaliyyəti 7 gün müddətinə dayandırılıb.
İran Prezidenti Məsud Pezeşkian Xameneinin öldürülməsinə görə cavab veriləcəyini bildirib. Onun sözlərinə görə, hücumun təşkilatçıları “mütləq cəzalandırılacaq” və bu, “ölkənin borcu və qanuni haqqıdır”.
Əli Xamenei 1939-cu ildə Məşhəd şəhərində anadan olub. 1979-cu il İran İslam İnqilabından sonra siyasi elitanın əsas fiqurlarından birinə çevrilib.
1981–1989-cu illərdə İranın Prezidenti olub. 1989-cu ildə İslam Respublikasının qurucusu Ayətullah Ruhullah Xomeyninin ölümündən sonra İranın Ali rəhbəri postuna gətirilib.
Xamenei ölkədə ali siyasi və dini hakimiyyətə sahib şəxs sayılırdı. Silahlı qüvvələr, məhkəmə sistemi, dövlət mediası və təhlükəsizlik strukturları birbaşa onun nəzarətində olub. Onun dövründə İran Qərb ölkələri, xüsusilə ABŞ və İsraillə kəskin qarşıdurma siyasəti yürüdüb, ölkədə müxalifətə və mediaya qarşı repressiyalar güclənib.
Beynəlxalq insan haqları təşkilatları Xameneinin rəhbərliyi dövründə İranda siyasi repressiyaların, edamların və söz azadlığına təzyiqlərin artdığını dəfələrlə tənqid edib.