Xalası Əhməd Əhmədovun cinayəti tək törətdiyinə inanmır (yenilənib)

Əhməd Əhmədov. Foto: Meydan TV

“Əhmədin barmağını niyə sındırıblar?”

Bakı Ağır Cinayətlər Məhkəməsində ailəsinin 5 üzvünü – anası, atası, azyaşlı qardaşı, bacısı və onun 5 yaşlı qızını qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun məhkəməsi başlayıb. İyunun 25-də məhkəmənin hazırlıq iclası keçirilib.

Bu cinayət işinə Səbinə Məmmədzadənin sədrliyilə, Azad Məcidov və Əli Məmmədovdan ibarət hakimlər kollegiyası baxır.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən Əhməd Əhmədovun anket məlumatları dəqiqləşdirilib, qətlə yetirilənlərin hüquqi varislərinin kimliyi elan olunub.

Hakim Səbinə Məmmədzadə həmçinin məlumat verib ki, Əhməd Əhmədov istintaq dövründə keçirilmiş ekspertiza rəylərinə əsasən, anlaqsız hesab olunduğuna görə ona dövlət tərəfindən qanuni nümayəndə təyin olunub. Təyin olunan qanuni nümayəndə isə Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşı Elçin Əhmədovdur.

Əhməd Əhmədovun xalası Şəfaqət Bədəlova buna etiraz edib. O bildirib ki, özü Əhmədin qanuni nümayəndəsi qismində tanınmaq üçün müraciət etsə də, ona cavab verilməyib. Onun sözlərinə görə, məhkəməyə də bu barədə ərizə göndərib, amma nəticə yoxdur.

Məhkəmə prosesində bununla əlaqədar qalmaqal yaranıb və hakim Şəfaqət Bədəlovanın məhkəmə zalından çıxarılmasına göstəriş verib. Onu zaldan çıxarıblar.

Hakim işin məhkəmə baxışına verilib araşdırılması barədə təqsirləndirilən, prokuror, vəkil və hüquqi varislərin fikrini soruşanda Əhməd Əhmədov suala belə cavab verib: “Bilmirəm ki…”.

İş məhkəmə baxışına verilib. Bu cinayət işi üzrə məhkəmə araşdırmaları iyulun 4-nə təyin olunub.

Şəfaqət Bədəlova. Foto: Meydan TV

Şəfaqət Bədəlova məhkəmədən sonra jurnalistlərə açıqlamasında bildirib ki, bu cinayəti Əhməd Əhmədovun tək törətdiyinə inanmır. Onun sözlərinə görə, şübhələr ona rahatlıq tapmağa imkan vermir.

Şəfaqət Bədəlovanın sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara, hətta Ali Məhkəməyə də müraciət edib, lakin nəticəsi yoxdur.

O, istintaqın düzgün aparılmadığını vurğulayıb:

Əhməd Əhmədovun doğma xalası, Bikənin bacısıyam. Əhmədi anası ilə birlikdə böyütmüşəm. Bu uşaq xəstədir, onu danmıram. Bu xəstənin barmağını niyə sındırmısınız? Mən onun bu cinayəti tək törətdiyinə inanmıram. Xalası olaraq, onun qəyyumu olmaq istəyirəm”.

Ailənin 5 üzvünün qətlə yetirildiyi hadisə fevralın 13-də paytaxtın Günəşli və Əhmədli qəsəbələrində baş verib. Öncə paytaxtın Günəşli qəsəbəsində Əhməd Əhmədovun bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədova və onun 5 yaşlı qızı balta ilə qətlə yetirilib. Daha sonra Əhmədli qəsəbəsində onun valideynləri – 1972-ci il təvəllüdlü Mehman Əhmədov, 1977-ci il təvəllüdlü Bikə Əhmədova və 9 yaşlı qardaşı Məhəmməd də eyni üsulla öldürülüb.

47 yaşlı Bikə Əhmədova Bakıdakı 59 saylı məktəbin direktoru idi.

Əhməd Əhmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham verilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqın gedişində iki dəfə psixiatrik ekspertiza təyin olunub. Hər ikisində Əhməd Əhmədovun anlaqsız olması barədə rəy verilib. O, Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Məhkəmə araşdırmalardan sonra Əhməd Əhmədovun anlaqsız olduğu nəticəsinə gəlsə, onun cəzadan azad edilməsi və məcburi müalicəsi barədə qərar qəbul edilə bilər.

Ana səhifəSosialXalası Əhməd Əhmədovun cinayəti tək törətdiyinə inanmır (yenilənib)