Aygün Osmanova istintaqın gedişindən narazıdır
“Anam münasibətdə olduğu kişi tərəfindən öldürülüb. Ancaq polis və prokurorluq orqanları mənim kimsəsiz olduğumu görüb cinayəti ört-basdır edir”.
Avqustun 15-dən 16-na keçən gecə ünvanına ölmüş vəziyyətdə gətirilən Səmalə Osmanovanın qızı belə deyir.
Xaçmaz sakini, 21 yaşlı Aygün Osmanova Meydan TV-yə danışır ki, anası Səmalə Osmanova bu il avqustun 15-də sevgilisi ilə evdən çıxıb, bir neçə saatdan sonra həmin şəxs evə anasının nəşini qaytarıb.
Baxıb dedilər, keçinib
Aygün Osmanova həmin günü belə xatırlayır:
“Anamla evdən axşam təxminən 8-in yarısı çıxdılar. Gecə saat 2-yə işləmişdi, maşın qapıda dayandı, qapını döydü, açdım, dedi, anan maşındadı, əzilib. Tez maşına tərəf qaçdım, baxdım ki, anam hərəkətsiz vəziyyətdədir. Yalvardım ki, təcili xəstəxanaya götürək. Dedi, aparaq, ancaq orda gəlib soruşan olsa, deyərsən ki, üçümüz birlikdə olmuşuq. Razılaşdım, çünki mənə anam sağ lazım idi, onu təcili xəstəxanaya götürməsini istəyirdim. Gətirdik xəstəxanaya, baxıb dedilər, keçinib”.
Aygün Osmanova deyir, anasını xəstəxananın “morq”una qoyublar, həmin şəxs xəstəxananı tərk edib, özü isə acı xəbəri qohumlarına çatdırmağa gedib:
“Səhər gəldi, dedi, birdən elə bilərsən ananı mən öldürmüşəm, anan hərəkətdə olan maşından özünü atdı, mənlik bir iş yoxdur. O qədər rahat, sakit danışırdı ki… Gah deyir, Xudatda atdı özünü, gah da başqa yerdə… Gah deyir, özünü atandan sonra durub gəzdi, gah deyir, yıxılan kimi xırıldadı, keçindi… Adam yüz söz deyir, heç biri də bir-birinə uyğun gəlmir”.
Ölümcül xəsarət küt alətdən yaranıb
Səmalə Osmanovanın ölüm faktı ilə əlaqədar Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Qızı istintaqın gedişatından narazıdır:
“Ekspertiza rəyinə görə, anamın üzərindəki ölümcül xəsarət yıxılmaqdan yox, küt alət dəyməklə yaranıb. Ancaq prokurorluq maddəni indiyə kimi də dəyişməyib, istintaqı elə 125-ci maddə üzrə davam etdirir. Heç kim cinayət məsuliyyətinə cəlb olunmayıb. Anamı evdən diri aparıb ölü qaytaran adam ortada gəzir, hətta anamın mərasiminin 7-ci günü oğluna toy elədi, qurbanlar kəsdi. Mənimsə onu məsuliyyətə cəlb etdirmək üçün heç bir köməyim yoxdur… Təsəvvür edin, hadisə yerinə baxış hadisədən 16 gün sonra keçirilib. Şikayət ərizəmi müstəntiq götürmək istəmirdi. Ərizəmi ona zorla qəbul etdirdim. Hadisə vaxtı anamın əynində olmuş paltarlar, guya özünü atdığı maşın 42 gündən sonra ekspertizaya göndərilib. 42 günə izləri təmizləməyə nə var ki… İstintaq, hətta şəxsən prokuror özü açıq-aşkar o adamın tərəfini tutur, deyirlər, əlin hara çatır, get şikayət elə, anan özünü atıb”.
Aygün Osmanova deyir, anasının intihar etməsi üçün səbəbləri olmayıb:
“Deyir, anan durduğu yerdə qəfil özünü maşından atdı… Ümumiyyətlə, anamın çox çətin keçmişi olub. Atam ona çox işgəncə verib, bıçaqla xəsarət də yetirib, evimizi də yandırıb, küçələrdə də qalmışıq… Bununla belə, mənim anam möhkəm qadın olub, heç vaxt canına qəsd etmək haqqında düşünməyib. Ayrılıb, həyətimizdə öz təsərrüfatını düzəldib, bizi dolandırıb, bizi böyüdüb… Hələ indi-indi gün görməyə başlayırdı, heç bir problemi yox idi. Arzusu vardı ki, bizi evləndirsin, nəvə görsün… Bu boyda arzuları olan insan qəfil özünü öldürmək fikrinə niyə düşsün ki?”
Prokurorluq: Şübhələr araşdırılır
Xaçmaz Rayon Prokurorluğundan “Meydan TV-yə bildirilib ki, Səmalə Osmanovanın ölüm faktına görə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb. Zərərçəkmiş Aygün Osmanovanın, o cümlədən, Səmalə Osmanovanın qeyri-qanuni münasibətdə olan şəxsin ifadəsi alınıb. Aygün Osmanovanın şübhələri araşdırılır. İstintaqın davamı iş üzrə ekspertizalar tam başa çatdıqdan sonra müəyyən ediləcək.
21 yaşlı Aygün deyir, çox çarəsizdir. Hətta qohumlar da bu məsələdə yaxın gəlmir, dəstək olmur:
“Hər gün anamın qəbrinin üstündə ağlayıb-ağlayıb qayıdıram evə, əlimdən heç nə gəlmir”.
Hüquqşünas Vaqif Alıyev deyir, zərərçəkmiş istintaqın gedişindən narazıdırsa, müstəntiqin hərəkətsizliyindən Baş Prokurora müraciət edə bilər: “Zərərçəkmiş arqumentlərini əsaslandırmalı, cinayət işinin bu prokurorluqdan alınaraq başqa prokurorluğa verilməsini xahiş etməlidir”.