Xəzər Dəniz Gəmiçiliyinə məxsus beş gəmi sanksiyalara məruz qalıb

Foto: Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi

2025-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə (ASCO) məxsus və ya onunla birgə mülkiyyətdə olan ümumilikdə beş gəmi Rusiyaya aid xam neftin daşınması iddiası ilə beynəlxalq sanksiyalara məruz qalıb.

Bu barədə ASCO-nun illik hesabatında deyilir.

Bildirilir ki, şirkətin birgə müəssisəsi olan “SA Maritime AFZECO” vasitəsilə sahib olduğu üç gəmi Avropa İttifaqı, Böyük Britaniya və Kanadanın sanksiyalarına düşüb.

Məlumata əsasən, ASCO rəhbərliyi məsələ ilə bağlı hüquqi araşdırmaya başlayıb və nə şirkətin, nə də onun birgə müəssisəsinin müvafiq sanksiya tələblərini pozmadığını sübut etmək məqsədilə apellyasiya müraciəti hazırlayıb.

Hazırda apellyasiya prosesinin nəticəsi və müddəti qeyri-müəyyən olaraq qalır. Bildirilir ki, sanksiyalar ASCO-nun və onun birgə müəssisəsinin gələcək fəaliyyətinə və maliyyə vəziyyətinə əhəmiyyətli təsir göstərə bilər.

Həmçinin qeyd olunur ki, ASCO vəziyyəti yaxından izləyir və prosesin inkişafından asılı olaraq müvafiq tədbirlər görüləcək.

2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Hazırda 2600-dən artıq fiziki və hüquqi şəxsə sanksiya tətbiq edilib.

Ana səhifəSiyasətXəzər Dəniz Gəmiçiliyinə məxsus beş gəmi sanksiyalara məruz qalıb