“Xəyanət”in Tamaşaçıya Xəyanəti

Natiq Cavadlı

Natiq Cavadlı. Foto: Meydan TV

“Meydan TV işi”nə görə həbs edilən jurnalist Natiq Cavadlı təcridxanadan yazır:

Hüquqşünas deyiləm, ancaq uzun müddət kinoman olmuşam. Təxminən 15 il əvvəl hər gün ən azı 2-3 filmə baxıb, sosial şəbəkələrdə paylaşırdım. Bu marağıma görə dostlar, həmkarlar zəng edib filmlə bağlı tövsiyə istəyirdilər. Elə həmin günlərdə yazıçı Seymur Baycan kinoları sistemsiz izlədiyimə irad tutub, Nizami küçəsindəki “Telmanın dükanı”na baş çəkməyimi məsləhət gördü. Beləliklə, Telmandan 20-yə yaxın disk aldım ki, hər birində 6-9 film vardı. Və baxdığım hər film barəsində internetdə axtarış edir, rejissoru, ssenaristi və aktyorların kimliyini öyrənirdim. Təəssüf ki, jurnalist Xədicə İsmayıl həbs ediləndə həmin disklər Respublika Prokurorluğunun müstəntiqləri tərəfindən müsadirə olundu və geri qaytarılmadı. Çünki baxdığım filmləri paylaşırdım və onların arasında BBC-nin çəkdiyi sənədli-tarixi filmlər də az deyildi. Mərhum vəkilimiz Elton Quliyev danışırdı ki, Respublika Prokurorluğuna yolu düşəndə müstəntiqlərin filmləri təriflədiyini eşidibmiş. Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Xədicə İsmayılın xeyrinə qərar çıxarsa da, müsadirə olunmuş disklər qaytarılmadı. 

Əlqərəz, qayıdaq bunları niyə xatırlamağıma. Azərbaycan seriallarına, ümumiyyətlə, telekanallara nadir hallarda baxıram. Həbs olunduğum 1 ildən çox müddətdə məcburiyyət qarşısında yerli telekanallara tamaşa edirəm, vaxtımın çox hissəsini mütaliəyə ayırıram. Xəzər TV-nin yayımladığı “Xəyanət” serialına da baxmaq məcburiyyətində qalırdım, çünki kamerada 8 nəfərdən 7-si izləyirsə, istər-istəməz qulaq və göz müsafiri olursan. Biz məhbus-tamaşaçılar ailədaxili problemlərdən bəhs edilən “Xəyanət”ə baxa-baxa diskurs açırdıq. Ancaq bu diskurs serialdan sonra telekanalda aparılan müzakirədən fərqlənirdi. Yəqin azadlıqdakı dostlar zarafatla irad tutacaqlar ki, bekarsan deyə Azərbaycan serialına baxırsan. Səbəbini açıqladım, məcburam. Təsəvvür edin, bütün kamera sosial, əyləncəli tok-şoulara baxır (bu da ayrı mövzudur) və söyüşlər göydə uçuşur. 

Serial haqda məndən peşəkar yanaşma yox, məhbus-tamaşaçı müşahidəsinin fikirlərini gözləyin. Mən kinoşünaslar Aygün Aslanlının, Sevda Sultanovanın və Ali İsa Cabbarovun söylədiklərindən artıq heç nə deyə bilməyəcəyəm. 

Haşiyə: Azərbaycanda inhisarçılıq reklam bazarının şəffaflığına mənfi təsir edir. Bu mənada Türkiyə seriallarının sonunda dəstək vermiş şirkətlərin sayını görəndə heyrətlənməyə bilmirsən. Azərbaycan seriallarında bu şirkətlərin sayı 3-5 civarında olur. Əlbəttə, ölkənin ərazisi, əhalisinin sayı da təsiredici amillərdəndir. Ancaq əsas səbəb biznes və sahibkarlığa münasibətdir.

Keçək “Xəyanət”in tamaşaçıya xəyanətinə!

  1. Serialda dialoqlar və hadisələr primitivdir. Dialoqlardakı fikirlərin, hadisələrdə dramatizmin bayağılığı diqqətdən yayınmır. Konkret olaraq, danışıqlarda təkrarçılıq adamı yorur. Üstəlik uzun pauza… Hadisələrdəki qeyri-müəyyənlik ssenaristlərin mütaliə etmədiklərini, yaxud xarici filmləri izləmədiklərini göstərir. Bir sözlə, serial dialoq və hadisələrin dinamizmi, yeniliyi baxımından kasıbdır. Bu mənada İTV-də yayımlanan “Mənim adım Mələkdir” türk serialında sadaladığım qüsurlar yoxdur. Halbuki hər iki serial məişət səviyyəsindədir, ictimai çalarlar çox cuzidir. Əlbəttə, Azərbaycan seriallarına baxış sayının az olması, xarici ölkələrə (məsələn Özbəkistan serialları Azərbaycanın efir məkanına ayaq açıb) çıxa bilməməsinin  birinci səbəbi yaradıcılıq azadlığının olmamasıdır. Nə vaxta qədər Azərbaycanda azadlıqlar oturuşmayacaq, bütün sahələr eyni rəngdə və solğun olacaq. İllər əvvəl “Yuxu kimi” serialında xəstəxana müdirinin mühafizəçi haqda dediyi “Onu polisə verərəm, dərisini boğazından çıxararlar” cümləsinin senzuradan necə keçdiyinə heyrətlənmişdim. Çünki bu çıxış polis idarələrində işgəncənin göstəricisi idi.
  2. Serialda Yaşarın rəhbəri olduğu şirkətin adı və hansı profildə çalışdığı aydın deyil. Şirkətin ofisində isə əsasən 3 nəfər görünür – oğlu Tural, özü və ikinci həyat yoldaşı Arzu. Sonradan qaynı Abbas və hərdən Zaur da otağa gəlir. Belə imkanlı ailələrin yalnız bir maşını var, o da Turala məxsusdur. İkincisi, Yaşarın katibəsi, yaxud köməkçisi (sonradan həyat yoldaşı) Arzunun onun kabinetində oturması, görünür, yeni qaydadır. Katibələr nə vaxtdan şirkət prezidentinin kabinetində oturur? Bəlkə bu, Azərbaycan şirkətlərinə xasdır, bilmirəm. Qeyri-müəyyənliklərdən biri Yaşarla Arzunun Polşaya səfər hazırlıqları, ancaq sonradan unudulmasıdır. Bunun səbəbi açıqlanmır.
  3. Arzunun qardaşı Abbasın anbardan mal oğurlaması ilə bağlı polisə şikayət verilir, nəticədə haqqında axtarış qərarı çıxarılır. Ancaq gözlənilmədən Abbas yenidən peyda olub, Yaşarla Arzunun mənzilində məskunlaşır. Bəs Abbasdan polisə şikayət, axtarış qərarı necə oldu? Yaxud Anar narkotikdən həyatını itirən Sevanı küçənin ortasında atıb gedir, paytaxtın küçələrinin kameralaşdırıldığı indiki zamanda bu kimi halların polisin diqqətindən yayınması inandırıcı görünmür. Belə qeyri-müəyyən səhnələr serialda az deyil.
  4. Polisdən söz düşmüşkən, 2 nəfəri (Turalın qardaşı Tahiri və qohumu Zauru) bıçaqladığına görə həbs olunan Cavidin Cinayət Məcəlləsinin hansı maddəsi ilə sərbəst buraxılması göstərilmir. Düzdür, Zaur və Tural polisə ərizə yazıb, Cavidi bağışladıqlarını bildirirlər. Sual yaranır: ərizəni bıçaqlanan Tahir yox, qardaşı Tural niyə yazmalıdır? Bu sual açıq qalır. İkincisi, nəinki adamı bıçaqlayan (nəzərə alın ki, 2 nəfəri), hətta hədə-qorxu gələni də barışıq ərizəsi ilə sərbəst buraxmırlar. Hüquq mühafizə orqanları “əməl var” deyib adamları həbsdə saxlayıb məhkəməyə yönəldirlər. Görünür, ssernaristlər CM-dən, həbsxanalardakı oxşar maddələrlə ittiham olunanların statistikasından xəbərsizdirlər, yaxud bu istiqamətdə araşdırma da aparmayıblar. 

    Ölkədə təqsirsizlik prezumpsiyasının işləməməsi bu cür və oxşar hadisələrə görə həbs edilənləri son nəticədə işgəncə və ya rüşvət qaranlığına aparır. Bir ildən çoxdur cəza çəkdiyim həbsxanada onlarla hadisədən biri: Yaqub Həsənovun (ad-soyad dəyişdirilib) müdiri avtomobilini onun həyətində saxlayıb, birgə sənəd arxasınca bir nəfərlə görüşə gediblər. Ancaq Yaqub Həsənov sənəddən də, görüşəcəkləri adamın kimliyindən də xəbərsizdir, yəni adamı tanımır. Yaqub Həsənov və müdiri həbs olunandan sonra məlum olur ki, adam polisə şikayət edibmiş, amma ondan yox, müdirindən. Adamlar 2 gün “Bandotdel”də işgəncəyə məruz qalırlar, baxmayaraq ki, həm müdiri, həm də şikayətçi Yaqub Həsənovun məsuliyyət daşımadığını bildirirlər. Özünün dediyinə görə, adamlar görüşə gedəndə rastlaşdığı qonşusu ilə 3-5 dəqiqə çox söhbət etsəydi, həbs edilməyəcəkdi. Sadəcə onu müdirinin yanında gördükləri üçün həbsə alıblar və nəticədə 4 aydır məhbus həyatı yaşayır. Bu cür adamlar istintaq təcridxanalarında az deyil, onlar hələ növbələrini gözləyirlər – ya həbsxana, ya da azadlıq. Amma azadlığın “qiyməti” çox bahadır.
  5. Polis İdarəsinin Azərbaycan gerçəkliyinə cavab verməsi. Yəni dəhlizlərdə və kabinetlərdə ümumilli liderin və dövlət başçısının portretlərinə rast gəlinmir. İkincisi, polisin vətəndaşlarla davranışı, danışıq tərzi indiki reallıqdan uzaqdır. Adi bir misal, Turalın İdrislə görüşmək istəyinə rəis icazə verməyəndə birincinin “rəis, məzələnmə də” məndə “platanı” yandırdı.
  6. İdrisin qətli. O harada qətlə yetirilib – Polis İdarəsində, Müvəqqəti Saxlanma Məntəqəsində, yoxsa İstintaq Təcridxanasında? Araşdırılmır. Nəzərə alın ki, hazırda hər 3 idarə kameralaşdırılıb. Belə olanda məsul şəxslər dindirilməlidir, nəinki rəisin şübhələndiyi Süleyman.
  7. Serialın ən gülünc səhnələri xəstəxanaların dəhlizləridir. Xəstəxanalar boşdur, yalnız serialın qəhrəmanları görünür – 2-3 nəfər. Yəqin son 1 ildə Azərbaycanda adamlar xəstələnmədiyindən həkim heyətinin bir hissəsi ixtisara məruz qalıb. İkincisi, Tahir 2 dəfə xəstəxanadan çıxır, bir dəfə oğurlanır, amma polis müdaxiləsi, pasiyentin yoxa çıxması ilə bağlı araşdırmanın nəticəsi məlum olmur. Tahirin ruhi xəstəliyi yenidən qayıdır, ancaq onun ruhi dispanserə, yoxsa başqa xəstəxanaya aparıldığı naməlum qalır. Yalnız valideynləri və qardaşı Tural onun yenidən müalicəyə ehtiyacı olduğunu bildirir və özü israrla ora qayıtmayacağını deyir. Və tamaşaçıda belə təəssürat yaranır ki, onu Ruhi Dispanserə aparırlar. Əgər belədirsə, Mahirlə xəstəxanada həkim kimi görünməsi təəccüb doğurur.

    Zaurun xəstəxanaya bıçaqla daxil olması və onun bıçağı Tahirə verməsinin videosu necə Mahirdədir? Ümumiyyətlə, Mahirin hansı sahə üzrə həkim işlədiyi aydın deyil.
  8. Solmaza baxan tibb bacısını öldürən Mahirin onu çox asan şəkildə dəfn etməsi, xüsusilə məzarın üstünə dəniz qumu atmasını ssenarist, rejissor hansı məntiqlə izah edir?
  9. Almazın yaşadığı həyət evinin bayır qapısının həmişə açıq olması da yenilikdir. Yəqin serialın yaradıcıları arasında bunu evində tətbiq edən var, bilmirik.
  10. Qan ləkələri. Nə Mahirin Solmazı bir zərbə ilə 3-cü mərtəbədən atması zamanı, nə Cavid Tahiri, Anar Turalı bıçaqladığında, nə də Fəridə ilə Tahir güllənəndə qan görünmür, blurlanır. Görünür, Mədəniyyət Nazirliyi filmlərdə qan səhnələrinə qadağa qoyub. Belə bir presedent var – illər əvvəl mədəniyyət naziri Əbülfəz Qarayev filmlərdə bataqlıq səhnələrinə senzura qoymuşdu. Ardını azadlıqda yazsın deyərdim, demirəm. Çünki azadlıq elə gözəl nemətdir ki, onun heç bir dəqiqəsini korlamaq olmaz. “Xəzər TV”, ümumiyyətlə, Azərbaycan telekanalları insanların beynini belə bayağı, gerçəklikdən uzaq yayımlarla doldurmağa çalışsa da…
Ana səhifəHəbsxanadan məktublar“Xəyanət”in Tamaşaçıya Xəyanəti