WUF13 başlayan gün Hafiz Babalı və Fazil Qasımov aclıq aksiyasına start verib

Siyasi məhbus. Foto: Pictrider/shutterstock

2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan iqtisadçı Fazil Qasımov və “Abzas Media işi” üzrə həbs edilən araşdırmaçı jurnalist Hafiz Babalı aclıq aksiyasına başladıqlarını bildiriblər.

Bu barədə məhbusların yaxınları məlumat verib.

Yaxınlarının sözlərinə görə, aclıq aksiyasına mayın 17-də, Bakıda keçirilən World Urban Forum 13-ün ( Dünya Şəhərsalma Forumu – WUF13) başladığı gün start verilib.

Yayılan birgə bəyanatda qeyd olunur ki, aksiyanın məqsədi Azərbaycandakı siyasi məhbuslarla bağlı vəziyyətə beynəlxalq diqqəti artırmaq və ölkədəki siyasi repressiyalara etiraz etməkdir.

Bəyanatda forumda iştirak edən BMT rəsmilərinə, eləcə də xarici dövlət və hökumət nümayəndələrinə çağırış edilərək, onların Azərbaycan hakimiyyəti ilə görüşlərində siyasi məhbusların qeyd-şərtsiz azad olunması məsələsini qaldırmaları istənilib.

Yaxınları bildirib ki, Fazil Qasımov Ali Məhkəmənin Plenumuna və Nərimanov Rayon Məhkəməsinə göndərdiyi müraciətlərə baxılana qədər aksiyanı dayandırmaq niyyətində deyil.

İqtisadçı Nərimanov Rayon Məhkəməsinə təqdim etdiyi ərizədə 11 sentyabr 2023-cü ildə vəkili Eldar Qədiminin cinayət işindən uzaqlaşdırılması ilə bağlı qərarın ləğvini tələb edir. O, həmin qərarın saxta ərizə əsasında qəbul edildiyini bildirir və iddia edir ki, onun adından təqdim olunan imza ona məxsus olmayıb. Qasımovun sözlərinə görə, ekspertiza da bunu təsdiqləyib.

Ali Məhkəmənin Plenumuna ünvanladığı müraciətdə isə o, iş üzrə ifadə vermiş Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi (BMCMİ) əməkdaşlarının, xüsusilə Ramil Səlimovun məhkəmədə bilərəkdən yalan ifadə verdiyini qeyd edir.

Qasımov bu halların yeni açılmış vəziyyət kimi qiymətləndirilməsini, Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini, yaxud işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını tələb edir.

2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov 2025-ci il martın 13-də 9 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsilə ittiham olunub.

Fazil Qasımov özünü təqsirli bilmir və heç bir cinayət törətmədiyini, ona qarşı irəli sürülmüş saxta pul ittihamının yalan olduğunu deyir. O, həbsinə etiraz olaraq bir neçə dəfə aclıq edib.

Araşdırmaçı jurnalist Hafiz Babalı 2023-cü ilin dekabrında “AbzasMedia işi” çərçivəsində saxlanılıb. O, qaçaqmalçılıq ittihamı ilə təqsirləndirilib.

2025-ci ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hafiz Babalı ona qarşı irəli sürülmüş ittihamları rədd edir və peşəkar jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirir.

Ana səhifəSiyasətWUF13 başlayan gün Hafiz Babalı və Fazil Qasımov aclıq aksiyasına start verib