Şirkət: “Kuryerlərə hədə-qorxu gəlinməyib, işdən çıxarılmayıblar”
Bakıda “Wolt” şirkətinin əməkdaşlarının etiraz etdiyi bildirilir.
Bəzi şikayətçilər sosial şəbəkələrdə maaşlarının azaldılması ilə əlaqədar tətil etdiklərini bildiriblər.
“Ölkədə ərzaq bazarında olan kəskin qiymət artımını hamı hiss edir. Ən təməl qidalar olan un, çörək, makaron, kartof, süd, çay, yağ və s kimi qidalar 25 faiz bahalaşıb. Kəskin qiymət artımına nisbətdə ölkədə minimal əmək haqqları da qalxıb. Hər şey qalxıb, amma nə hikmətdirsə, “Wolt”un tarifləri qalxmır ki, qalxmır”, – şikayətdə deyilir.
Şikayətçi həmçinin yazır ki, “Wolt” etiraz edənlərə “Növbədə gözləyən, işləmək istəyən yüzlərlə insanlar var”, – cavabını verir: “Ölkədə saat başına düşən minimal əmək haqqı 1.87 AZN-dir, yəni peşədən asılı olmayaraq hansı işdə işləsən saat başına 1.87 AZN alacaqsan. “Wolt” beynəlxalq şirkət olaraq minimal əməkhaqqını nəzərə almadan tarif təyin edir və iki təkərin üstündə səhərdən axşama qədər səndən daşıma etməyini gözləyir”.
Kuryer Nadir Səfərov da şikayət edib.
Bildirib ki, şirkət ödənişi son 2,5 il ərzində 2 manatdan 1.60 manata salıb.
Etiraz edən yüzə yaxın kuryerin şirkətlə əməkdaşlığı dayandırıldığı deyilir.
“Wolt” şirkətindən bildirilib ki, kuryerlərə hədə-qorxu gəlinməyib, həmçinin işdən çıxarılmayıblar: “Şirkətin sifarişlərini çatdıranlar xidməti müqavilə əsasında çalışan fərdi sahibkarlardır. Biz bütün partnyorlarımıza hörmətlə yanaşırıq və biznesimizin necə idarə olunması haqda fikirlərimizin üst-üstə gəlməməsi səbəbindən heç vaxt partnyorluğumuzu bitirməzdik”.
“Dünən bir qrup kuryer ödəniş modelimizə edilən bəzi dəyişikliklərlə bağlı narazılığını bildirmək üçün sistemdə oflayn olmaq qərarını verdi. Kuryer-partnyorlarımıza təqdim olunan ödənişlər bazar səviyyəsinə uyğun olaraq qalır. Məsələn, hazırda Ramazan ayı ilə əlaqədar gün ərzində sifariş sayı bir qədər aşağıdır. Bu səbəbdən qazancların nisbətən aşağı düşməsi də gözləniləndir. Tələbatın aşağı enməsi həm bizə, həm də kuryer-partnyorlara öz təsirini göstərir və biz kuryerlərin narazılığını çox gözəl başa düşürük”, – şirkətin açıqlamasında deyilir.
Şirkət həmçinin qeyd edib ki, etiraz edən kuryerlərlə görüş keçirilib, onlarla əməkdaşlıq davam edir.
“Wolt” kuryer xidməti Bakıda 2019-cu ildən fəaliyyətə başlayıb.
Şirkətin standart çatdırılma qiyməti 1.5 kilometrə qədər məsafə üçün 1.50 manatdır.
Maksimal çatdırılma haqqı isə 3 AZN təşkil edir.