Lakin Malayziya hökuməti 41 sərnişinin şəxsiyyətinin hələ müəyyən olunmadığını bildirib
AZAL Bakıdan Kiyevə aviareysləri ləğv etmir. Çünki Azərbaycandan Ukraynaya uçan təyyarələr hərbi əməliyyat zonasının üzərindən keçmir.
Məlumatı “Azərbaycan Hava Yolları” QSC yayıb.
İyulun 17-də Ukraynanın Donetsk vilayətində “Malaysia Airlines” aviaşirkətinə məxsus, Amsterdam-Kuala-Lumpur marşrutu üzrə uçan “Boeing-777” tipli sərnişin təyyarəsi vurulub. 295 nəfər ölüb. Ukrayna prezidenti bunu terror kimi qiymətləndirir. Bir neçə beynəlxalq aviaşirkət Ukraynaya uçuşu dayandırıb.
Azərbaycanın Malayziyadakı səfirliyi bildirib ki, ilkin məlumata görə, vurulan təyyarədə Azərbaycan vətəndaşı yoxdur. Lakin Malayziya hökuməti bəyan edib ki, 41 sərnişinin şəxsiyyəti hələ müəyyən olunmayıb, ona görə də səfirlik bu məsələni diqqət mərkəzində saxlayacaq (Turan İA).