Keçmiş Fond rəhbəri məhkəmə qarşısına çıxarılır, cinayət işi üzrə daha 10 nəfər təqsirləndirilən var
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərlinin işi üzrə istintaq yekunlaşıb. O, yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılacaq.
Baş Prokurorluğun mətbuat xidmətinin bu barədə yaydığı məlumatdan məlum olur ki, Vüqar Səfərli Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən, jurnalistlər binasını inşa etmiş “Portos” MMC-nin direktoru Nadir Məmmədov, binanın komendantı Bünyamin İsmayılov, Ədalət Vəliyev və daha 7 nəfərlə əlbirlikdə ittiham olunur.
Keçmiş Fond rəhbəri dövlət satınalmalarıyla bağlı qanunvericiliyin tələblərinin pozulması, büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi, media işçiləri üçün binaların tikintisi və təmiri zamanı 18 milyon 500 min manatlıq yeyinti, həmçinin cinayət yoluyla əldə əldə edilmiş 5 milyon 700 min manat vəsaitinin leqallaşdırması kimi əməllərdə təqsirləndirilir.
Vüqar Səfərli və digər təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə – ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələrilə ittiham irəli sürülüb. Bu müddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Təqsirləndirilən şəxslərdən Vüqar Səfərli həbsdədir, digərləri barəsində isə istintaq dövrü üçün polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işinin materiallarında yazılıb ki, Vüqar Səfərli və digər təqsirləndirilən şəxslər əlbir olaraq, jurnalistlər üçün yaşayış binalarının tikintisi məqsədilə KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində şişirdib, işlərin və materialların dəyərini artıq göstərib. Fond rəhbəri həmçinin rəhbərlik etdiyi qurum üçün daha ağır şərtlərlə icarə müqaviləsi bağlamaqda, öz ailə üzvünün adına təsis olunmuş “Futbol+qol” qəzetinə 2015-2019-cu illər ərzində 300 min manat vəsait ayırmaqda və başqa əməllərdə ittiham olunur.
Prokurorluğun məlumatına görə, yeyinti və digər cinayətlər nəticəsində vurulmuş maddi ziyanın bir hissəsi istintaq zamanı ödənilib.
62 yaşlı Vüqar Səfərli 2009-cu ildə KİVDF-nin icraçı direktoru vəzifəsinə təyin edilib. 2020-ci ildə bu vəzifədən azad edilib. O, YAP-ın Nərimanov rayon təşkilatının sədr müavini olub. 2021-ci ildə – həbsindən sonra bu vəzifədən azad edilib.
Bu il yanvarın 12-də prezidentin fərmanı ilə KİVDF ləöv olunub, onun bazasında Medianın İnkişafı Agentliyi yaradılıb.